ABŞ Suriyaya qoşun yeritməkdə israrlıdır

Ağ Ev rəhbərliyi istəyir ki, bu məsələdə Ankaranın dəstəyini alsın



"Təəssüf ki, "PYD” və "YPG” məsələsində Barak Obama bizi aldatdı. ABŞ-ın indiki hakimiyyətinin eyni işi təkrarlayacağını ehtimal etmirəm”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Al-Jazeera” televiziyasına müsahibəsində bildirib.

Prezident deyib ki, bu məsələdə Ağ Evin hazırkı rəhbərliyinə güvənir: "Terror qruplaşmalarına qarşı birgə fəaliyyət barədə danışmışıq. Yeni görüşlərimizdə detalları üz-üzə müzakirə edəcəyik”. Ərdoğan Trampın hakimiyyətinə ümidlər bəslədiyini vurğulayaraq, telefon danışığı zamanı ABŞ Prezidentinin dediklərini xatırladıb: "Tramp bizimlə çox önəmli işlər görəcəyini dedi”. ABŞ-Türkiyə münasibətlərinin yeni mərhələsi haqda "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, Türkiyə Yaxın Şərqdə Amerikanın ən yaxın tərəfdaşıdır. Ancaq Türkiyənin bilərəkdən rolunu zəif ifadə etməsi ABŞ-ın maraqlarına uyğun gəlmir: "Vaşinqton çalışır ki, illər öncə olduğu kimi Türkiyə yenidən tərəfdaşlıq missiyasını üzərinə götürsün. Tramp NATO-da müttəfiqi olan Türkiyədən Yaxın Şərqdə maksimum istifadə etmək istəyir. Əlbəttə, bunun üçün ilk növbədə Türkiyəni razı salmaq, Ankaranın tələb etdiklərini vermək lazımdır. Ağ Ev rəhbəri təklif edir ki, Türkiyə Suriya proseslərində Vaşinqtonu tam dəstəkləsin. Məlumata görə, yaxın günlərdə ABŞ Suriyaya qoşun yeritmək niyyətindədir. Çalışır ki, müttəfiq Türkiyə də həmin koalisiyada yer alsın. Ərdoğan çıxışında bildirmişdi ki, əgər Amerika ordusu Suriyaya girərsə, Türkiyə onların yanında yer alacaq. Şübhəsiz ki, yekun nəticə vəziyyətin gedişatından və danışıqlardan asılıdır. Nəzərə almaq lazımdır ki, kənar oyunçular ABŞ-Türkiyə əlaqələrinin aqibətini maraqla izləyirlər, xüsusən də Rusiya. Əgər tərəflər arasında əməkdaşlıq sıxlaşarsa, Rusiya bundan çox narahat olacaq və Türkiyə ilə münasibətləri korlayacaq”.

İsmayıl