"Ömrünü təhsilə verənlərin maaşı heç öz dərmanlarını almağa yetmir"




"Gənclər bu gün üçün ölkədə təhsillə kariyera qurmaq imkanları olduğunu hiss etməlidirlər” .

Bunu Sherg.az-a sosioloq, professor Əhməd Qəşəmoğlu deyib. 

Onun sözlərinə görə, hər bir gənc hiss etməlidir ki, o, təhsilə daha çox diqqət yetirdikdə gələcəyini rahat təmin edə bilər:

"Gənc görəndə ki, təhsil almaqla arzu etdiyi başqa bir işə getmək daha çətindir. Yəni bu məsələdə fərqli faktorlar fəal rol oynayır. 60 yaşlı professor hazırda yataqxanada qalır, ömrünü təhsilə verən adamın aylıq təqaüdü heç öz dərmanlarını belə almağa yetmir. Belə olan halda sözsüz ki,təhsil onun gözündən düşür. Ona görə mən təklif edirəm ki, təhsilin daha ön plana çəkilməsi üçün kompleks tədbirlər həyata keçirilsin. Burada sadəcə "Təhsil Nazirliyi zəifdir, iş görə bilmir" deməklə bütün məsələləri onun üzərinə atmamalıyıq. Ölkədə təhsil siyasəti, elmə, təhsilə olan münasibət, bu sahədə humanitar siyasət kifayət qədər təmin olunmalıdır. Hər sahələrdə keyfiyyət olduğu kimi əhalinin də keyfiyyəti var. Mövcud məsələni ciddi göz önünə gətirmədikcə, təhsil zəifləyir, əhalinin keyfiyyəti azalır. Bütün ölkələrin ən qiymətli, strateji resursu onun əhalisidir. Biz təhsilə lazımı diqqəti verməyəndə həmin vacib və lazımi resursumuza zərbələr dəyir, təhlükə qarşısında qalır”.

Aysel Aslan