Banklarda problem yaşanırsa, bütün iqtisadiyyat “halsızlaşır”




"Ölkədəki bankların sayı ilə onun iqtisadi aktivliyi, ərazisi, əhlisi arasında birbaşa asılılıq yoxdur”.

Bunu Sherg.az-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramovun Azərbaycanda yaxın müddətdə bankların sayının 20-dək azalacağı haqqında proqnozuna münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Ekspert bu məsələdə həmkarı ilə razılaşdığını bildirib:

"Əsas məsələ bankların dayanıqlı və güclü olmasıdır ki, iqtisadi proseslərdə aktiv iştirak etsin. Məsələn, cəmi 500 min əhalisi olan Lüksemburqda təqribən 1000-ə yaxın bank fəaliyyət göstərir. Bu, əhali sayı ilə deyil, bank sektorunun gücü ilə əlaqəlidir. Ona görə də, Azərbaycanda bankların sayına diqqət etməkdənsə, bank sahəsində olan proseslərin hansı yöndə gedəcəyini düşünmək, bu sahəni gücləndirmək daha məntiqlidir. Təbii ki, Vüqar Bayramovla razıyam. Bankların sayı azalacaq. Amma bu rəqəm 20, 15, yoxsa daha azmı olacaq, o qədər də önəmli deyil. Banklar sadəcə çox ağır durumdadır, nə kreditləşmədə aktiv iştirak edə bilir, nə də verdikləri kreditləri toplaya bilirlər. Bəzi bankların hətta 50 faiz dairəsində problemli krediti var. Bu, o deməkdir ki, bank sahəsi çox ağır durumdadır və onun sağlamlaşdırılması ilə bağlı addımlar olacaq. Ola bilər, bankların bəziləri bağlasın, ya da birləşdirilsin. Bu, sağlamlaşdırmada ilkin addımlardır. Sonradan isə bank sektorunda canlanma yaratmağı hədəf kimi qoymaq lazımdır. Bununla bağlı işləri aparmaq Mərkəzi Bank və hökumətin üzərinə düşür”.

N.Cəfərlinin sözlərinə görə, banklar iqtisadiyyatın qan-damar sistemidir. Əgər orda problem yaşanırsa, bütün iqtisadiyyat "halsızlaşır”:

"Bu da iqtisadi aktivliyə, göstəricilərə çox mənfi təsir edir. Ümid edək ki, sağlamlaşdırma proqramı nəticəsində ilin sonuna yaxın bankların sayının neçə olmasından asılı olmayaraq daha çox sağlam banklar ayaqda qalacaq. Bunlar yenidən əsas funksiyalarına yəni, iqtisadi artımın maliyyələşdirilməsi funksiyasına geri dönəcəklər. Bu gün hələlik, banklar böyük valyutadəyişmə məntəqəsinə çevrilib. Demək olar, ancaq valyuta əməliyyatlarından pul qazana bilirlər. Bu da ümumi iqtisadi aktivliyə çox mənfi təsir göstərir. Ona görə də bankların sayından çox onların fəaliyyəti daha önəmlidir. Amma bir daha təkrar edirəm, ilin sonuna qədər bir neçə bankın bağlanması, ya da birləşdirilməsi olacaq”.

Qeyd edək ki, Vüqar Bayramov açıqlamalarında bankların bağlanması prosesində vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac olduğunu əlavə edib.

Aysel Aslan