Hansı “vor zakon”un övladı “vor zakon”dur? - OXUYUN!



"Azərbaycan cəmiyyətinin, insanların bədbəxtliyindən biri odur ki, "vor zakon”, kriminal aləmdə "bərkgedən” insanlar ideallaşdırılır”.

Bu barədə Sherg.az-a kriminal xəbərlərin mətbuatda daha çox oxunmasının səbəblərini izah edərkən kulturoloq Aydınxan Əbilov deyib. 

O bildirib ki, getdikcə gənc nəsildə də buna maraq oyanır:

"Sistem insanlarda müəyyən fikirlər formalaşdırıb. Bunun tarixi hətta Stalin repressiyalarına gedib çıxır. Bildiyimiz kimi, o zaman insanlara xırda bir cinayətə görə "xalq düşməni” damğası vurulub, həbsxanalara salınırdı. Dövlətin ədalət bərpa etmədiyi zamanda, insanlar birini "seçilmiş” elan edirdilər ki, onlar ədaləti bərpa etsin. Əksərən "seçilənlər” bunu icra edirmiş kimi özlərini göstərirdilər. Amma artıq dünya dəyişib. Dünyada "vor zakon”, "mafyoz”, "lotu”lar deyil, məhz ağıllı insanlar, dünya şöhrətli sənətçilər yüksəyə qaldırılır. Amma bizim cəmiyyətlərdə təhsilsizlikdən, savadsızlıqdan "vor zakon”lara meyl artır. İnsanların kitaba intellektə arxa çevirməsinin nəticəsidir ki, pula, şouya meyl edirlər. Həmin "vor zakon”lar "çeçenka” saç saxlayan yeniyetmələrin belə düşüncəsinə qədər yeridilib. Çalışırıq ki, onların ideallaşdırdığı bu "bərkgedən” oğlanları cəmiyyətə sırıyaq.

Mən sual vermək istəyirəm ki, həmin lotuların hansının uşağını türmədə oturan görürsünüz? Hansının övladı "vor zakon”dur? Hansının uşağı istəyər ki, "lotuluq” etsin, "bərkgedən” olsun, hamı ondan danışsın, amma özünün həyatı məhv olsun. Hamısının yaxınları həmin həbsxanalarda yatan məzlumların yığdıqları var-dövlət hesabına artıq biznesmen olub, varlanıblar. Əgər "lotuluq”, "vor zakonluq” yaxşı əməldirsə, onlar övladlarını öz yolları ilə getməsini istəyərlər, həbsxanalara salarlar. Amma reallıqda həmin işlə məşğul olanlar övladlarının bunu davam etdirməsini istəmir.

Bunları mütləq nəzərə almalıyıq ki, belə problemlər artmasın. Belə şəxsləri ideallaşdırmaq olmaz. Çünki onların əksəriyyəti narkotik də istifadə edir, ədalətsizliklər də edir. İnsanlar diqqətli olmalıdır”.


Aydın Baxış