"Avropada Lukaşenkonu Sovet İttifaqının son qalığı kimi qiymətləndirilər”.
Bunu Sherg.az-a Belarus prezidenti Aleksandr Lukaşenkonun "Biz öz yerimizi yaxşı bilirik. Qərbdə heç kimə lazım deyilik. Qərbdə, məni necə "sevdiklərini" bilirəm. O vaxtdan heç nə dəyişməyib" bəyanatını şərh edərkən politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, bu yaxınlarda Rusiya və Belarus arasında münasibətlər korlandı, problemlər yarandı. Bundan sonra Belarus sadəcə Qərbə doğru manevr etdi:
"Amma bəlli idi ki, bu, strateji deyil, yalnız taktiki gediş idi. Bununla Belarus Rusiyaya işarə verir ki, bizim alternativimiz var. Əslində A.Lukaşenko və ekspertlər gözəl anlayır ki, Qərbdə Ukrayna, Belarus, Moldova, Azərbaycan kimi dövlətlərlə münasibətləri yaxınlaşdırmağı ona görə istəyir ki, tranzitləri, mal dövriyyəsi imtiyazlarını özünün qazancına çevirsin. Bu əməkdaşlıq bərabərhüquqlu olarsa, əməkdaşlıqda hər iki tərəf uda bilər.
Belarus gözəl anlayır və Ukraynanın timsalında görür ki, Qərbin bu dövlətlərə qarşı planları nədir. Faktiki olaraq, Ukrayna xaosa qərq oldu. Demək olar ki, ölkədə hakimiyyət yoxdur. Pyotr Poroşenko prosesləri idarə edə bilmir. Yerlərdə kim nəyi istəyir onu edir, özbaşınalıq baş alıb gedir. Ukrayna ilə bağlı demokratiya sözləri hamısı gəlişi gözəl ifadələrdir. Bir qayda olaraq balaca dövlətləri güclü mərkəzdə çökdürmək, onları özlərinə tabe etmək istəyirlər. İşçi qüvvəsinin Avropaya gətirilməsi, müsəlmanları belaruslarla əvəz etmək və s. kimi məqamlar Avropanın ehtiyaclarına daha uyğundur”.
T.Abbasov deyib ki, indi də Ukraynadan, Polşadan, Belarusdan Avropa ölkələrinə gedənlər var. Onlar məskunlaşıblar, yaşayırlar, onlara tələbat var:
"Ukraynada baş verən bu xaos davam edir. Ukraynanı demokratiya adı altında çökdürürlər. Onu həm də Rusiyanın maraq dairəsində çıxarırlar. Belarus isə bu prosesləri gözəl anlayır.
Lukaşenko Qərbi ittiham edir ki, siz müstəqil dövlətləri məhv edirsiniz və onlar bunu sizə bağışlamayacaqlar.
Belarus Azərbaycanla müqayisə olunacaq dərəcədə balanslı siyasət həyata keçirir. Lukaşenko həm Qərblə münasibətlərini qoruyur, həm də öz müstəqilliyini düşünür”.
Qeyd edək ki, Belarus prezidentinin sözlərinə görə Belarus Avropanın mərkəzində yerləşir və çoxşaxəli siyasət aparmağa məcburdur.
Aysel Aslan