İtaliya ilə əlaqələrin güclənməsi işimizin xeyrinədir

Bu ölkə ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar ata bilər
"Azərbaycanlıların fizioloji və psixoloji cəhətdən italyanlarla yaxınlığı çoxdur. Onlar da bizim kimi çılğındırlar"


İtaliyada rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov italiyalı həmkarı Angelino Alfano ilə görüşüb. İtaliya ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibəti ilə İtaliyaya səfər edən nazirlə həmkarı arasında siyasət, iqtisadiyyat, mədəniyyət və texnologiya sahələri, o cümlədən "Trans-Adriatik” layihəsi (TAP) və Azərbaycan-Avropa Birliyi əlaqələri müzakirə edilib.

E.Məmmədyarov bəyan edib ki, 2018-ci ildə İtaliya ATƏT-ə sədrlik edəcək: "İnanıram ki, İtaliya Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində əlindən gələni əsirgəməyəcək”. Məlumat üçün deyək ki, İtaliya məhkəməsi Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz boru kəmərinin tikintisinin dayandırılması ilə bağlı əvvəlki məhkəmənin qərarını ləğv edib. Bu qərar İtaliyada TAP üzrə işlərin yenidən başlamasına yol açır. Nüfuzlu Avropa dövləti ilə Azərbaycanın əməkdaşlığından danışan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev iki dövlət arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Ekspertin sözlərinə görə, İtaliya uzun müddətdir Azərbaycanın partnyorudur: "Bizim neftimiz dünya bazarına İtaliya üzərindən çıxarılır. Xarici ticarət dövriyyəmizdə də birinci yeri İtaliya tutur. TAP layihəsinin İtaliya üzərindən keçməsi də Azərbaycanın strateji maraqlarına xidmət edir. Ümumiyyətlə, İtaliya digər Avropa ölkələrindən fərqlənir. Əvvəla, müsəlman dünyasına ən yaxın olan ölkədir. Xüsusən, azərbaycanlıların fizioloji və psixoloji cəhətdən italyanlarla yaxınlığı çoxdur. Onlar da bizim kimi çılğındırlar. Eyni zamanda İtaliya qədim Roma İmperiyasının davamçısıdır və bu məqam müasir dünyada İtaliyaya xüsusi çəki və nüfuz verir”. Politoloqun fikrincə, İtaliya ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar ata bilər: "Birincisi, italyanlar erməniləri çox yaxşı tanıyırlar. İkincisi, bu dövlət münaqişələri sevmir. Digər məsələ odur ki, İtaliyanı Avropada söz sahibi olmaqdan məhrum ediblər. Avropanın bütün siyasətini Fransa, iqtisadiyyatını isə Almaniya yönəldir. Baxmayaraq ki, XVI-XVII əsrdən bu yana İtaliya dünyada çox güclü ölkə kimi qəbul edilir, amma onu bilərəkdən siyasətdən kənarlaşdırıblar. Əlbəttə, İtaliya əvvəlki nüfuzunu qaytarmaq istəyir. Statusu qaytarmaq üçün yeganə variant isə Dağlıq Qarabağ münaqişəsini həll etməkdir. Ona görə də Elmar Məmmədyarov bir daha bu məsələni italiyalı həmkarına xatırladıb. İtaliya özü də son dönəmlər Avropada birincilik uğrunda ciddi mübarizəyə girişib. Bu dövlət ABŞ-ın qitədəki siyasətinə açıq formada qarşı çıxır. Əgər İtaliya söz sahibinə çevrilsə, münaqişənin həllində də mühüm rol oynaya bilər”.

İsmayıl