“Görəsən, həqiqətən nə vaxtsa, bizdə də səliqəli, standart ölçülü, eyni formalı qəbir daşlarından ibarət məzarlıqlar olacaqmı?”“İnsanlara doğrunun hansı olduğunu başa salmaq lazımdır. İsrar etmək, əbəs yerə rəqabət aparmaq, lüzumsuz mübahisələrə ehtiyac yoxdur”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov nümunəvi qəbiristanlıqların yaradılacağı ilə bağlı yaxın günlərdə ya ölkə Prezidentinin sərəncam verəcəyini, ya da sənədin qanun layihəsi şəklində Milli Məclisdə müzakirəyə çıxarılacağını deyib.
"Bu sənəddə müxtəlif məsələlər nəzərdə tutulur. Sənədə görə, böyük yerlərdə qəbiristanlıqlar dövlətin balansında olacaq. Müəyyən yerlərdə isə, məsələn, kəndlərdə, bələdiyyələrin balansına verilməsi nəzərdə tutulur. Sənəd tam hazırdır, bütün yerlərdən də rəylər alınıb”-deyə deputat qeyd edib.
Siyavuş Novruzovun sözlərinə görə, sənəddə göstərilir ki, qəbiristanlıqlar, məzar yerləri, başdaşları hər yerdə eyni cür və eyni qiymətə olmalıdır.
"Qiymət də elə yüksək deyil. Sənəddə nümunəvi qəbiristanlıqların idarə olunmasına, onların qorunmasına, təmiz saxlanılmasına diqqət ayrılıb. Ritualların yerinə yetirilməsi üçün qəbiristanlıqlar təhsilli şəxslərlə təmin olunacaq. Bilirsiniz ki, bu gün qəbiristanlıqlarda mollaların çoxu heç ərəb dilini bilmir”.
Deputat onu da əlavə edib ki, nümunəvi qəbiristanlıqlar bütün respublikanı əhatə edəcək.
Qeyd edək ki, standart qəbir daşlarının qoyulması, qəbir yerlərinin satış qiyməti ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyləri alınıb, hər iki qurum fikrini bildirib, ümumi razılıq əldə edilib. İctimaiyyət də çoxluq qəbir daşlarının eyni ölçü və formalı, dəbdəbədən uzaq olmasına tərəfdardır. Lakin nədənsə, qaydaların qəbulu gecikir və gecikdikcə də, məzarlıqlarda şəkilli, uca başdaşları, "şeirli-poemalı” sinə daşları, qəbirlər üzərində nəhəng sərdabələr tikilir. Kimlərsə ailəvi qəbir yeri üçün bəri başdan sahələr bəlirləyib, hasara alır.

Xatırladaq ki, bir müddət öncə Naxçıvanda Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun əmri ilə qəbirüstü abidələrin, həmçinin qəbirləri əhatələyən dəmir məhəccərlərin sökülməsinə başlandı. Söküntü işlərini təqdir edənlərlə yanaşı, bəyənməyənlər də tapıldı. İndi isə S.Novruzovun yaxın zamanda nümunəvi qəbiristanlıqlar yaradılacağına dair rəsmi sənədin qəbul ediləcəyinə dair açıqlama verdi. Görəsən, həqiqətən nə vaxtsa, bizdə də səliqəli, standart ölçülü, eyni formalı qəbir daşlarından ibarət məzarlıqlar olacaqmı? Sonucda, hamımız haqqın dərgahına 5 metr ağa bürünmüş halda qovuşuruq. Torpağın altında min ilin ölüsü ilə təzə vəfat edənin bir fərqi qalmırsa, imandan savayı, torpağın üstündə məzar daşın mərmərmi oldu, mişar daşımı oldu, nə fərq edər ki?!
Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi, "Məşədi Dadaş” məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli müvafiq qanunun qəbulunun müsbət addım olacağından əmindir:
- Məzarlar üzərində abidə qoymaq, sərdabə tikdirmək, qəbirlərin bahalı daşlarla, mərmərlə bəzədilməsi islam dininə ziddir. Dinimiz hər cür israfçılığı, dəbdəbəni qadağan edir. Müsəlman rəhmətə getmiş birisi üçün savab bir əməl icra etmək istəyirsə, bunun müxtəlif yolları var. Yoxsula əl tutmaq, yetimi sevindirmək, ehtiyacı olanın ehtiyacını ödəmək, xeyirxah iş görmək və s. Vəfat etmiş insan üçün qəbirüstü abidə qoymaq, bahalı daşlardan sinə daşı, başdaşı düzəltdirməyin heç bir savabı yoxdur. Bu, həm dinimizə ziddir, həm də məntiqə. Belə hallar getdikcə insanlar arasında pis, zərərli rəqabətə çevrilir. Bundan da bəzi işbazlar faydalanır. Qafqaz Müsəlmanları İdarəsi də dəfələrlə vurğulayıb ki, bahalı qəbirlər düzəltmək islam dininin qaydalarına ziddir. Biz bir çox müsəlman ölkələrində səfərlərdə olmuşuq. Türkiyədə, İranda, İraqda... Heç bir ölkədə bizdə olduğu kimi dəbdəbəli qəbiristanlıqlar yoxdur. Zənnimcə, dəbdəbəli qəbirdaşları sovet dönəmində formalaşmağa başlayıb. Çünki qəbiristanlıqlarda köhnə qəbirləri də görürük. Sadə, yığcam formalı qəbirlərdir və əksəriyyəti torpağa qarışıb itmək üzrədir. İnsanın məzarı üstündə hansı böyüklükdə başdaşı, yaxud abidə tikilir-tikilsin, bəşər övladı yarandığı torpağa qovuşmağa məhkumdur. Torpaqdan yaranıb torpağa gedirik. Təəssüf ki, bəzi insanlar bunu anlamır, qəbir üstündə abidə tikməklə elə bilirlər, doğmaları, əzizləri üçün xeyir əməl edirlər. Əslində isə onlar dinimizin qaydalarını pozur və bununla da məkruh işlər görmüş olurlar.
H.Ş.Həsənli vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmasını da vacib sayır:
- Qanun çərçivəsində qadağalar tətbiq etməklə yanaşı, insanlara qanunun mahiyyəti, faydaları da anladılmalıdır. İnsanlara doğrunun hansı olduğunu başa salmaq lazımdır. İsrar etmək, əbəs yerə rəqabət aparmaq, lüzumsuz mübahisələrə ehtiyac yoxdur. Müsəlman olan kəs dinimizin vacib əməllərini daha yaxşı, daha ləyaqətlə yerinə yetirməkdə bir-birilə bəhsə girməlidir. Əsassız məsələlərdə bəhsə girmək müsəlmana yaraşmayan xüsusiyyətdir.
Qəbiristanlıqların bələdiyyələrin balansına verilə biləcəyi, həmçinin qəbir yerlərinin satış qiymətləri ilə bağlı məsələyə münasibət bildirən "Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında qeyd etdi ki, bələdiyyələrin balansında məzarlıqlar olsa, aztəminatlı ailələrin dəfn xərclərini ödəmək də asanlaşar:
- Onsuz da bələdiyyələr bu işi üzərinə götürüb. Dəfn xərcləri, qəbir yerinin alınması üçün bələdiyyələrə müraciət edənlər var və bələdiyyələr də onlara kömək edir. Sadəcə, bütün bunların qanunvericilik şəklində olması daha məqsədəuyğundur. Çünki qəbir yerlərinin satılması çox zaman başqa təşkilatlar tərəfindən həyata keçirilir. Vəsaitlər kimlərinsə şəxsi büdcəsinə gedir. Amma məsələ qanuni forma alsa, bilinər ki, bələdiyyənin büdcəsi nə qədərdir, bu vəsait hara xərcləndi. Proses mərkəzləşdirilmiş qaydada tənzimlənməlidir. Bilinməlidir ki, hansı ərazilər bələdiyyə torpaqlarıdır. Həmin ərazidə qəbiristanlıq varsa, oranın torpağından bələdiyyə hansı formada istifadə edə bilər. Maddi durumu qəbir yeri almağa çatan ailələrin ödədiyi pul da bələdiyyənin hesabına keçməlidir ki, sabah bu vəsait hesabına bir başqa aztəminatlı ailənin ehtiyacı ödənsin. Bələdiyyələrin konkret büdcəsi müəyyənləşməlidir və bu büdcənin böyük olması daha məqsədəuyğundur. Əgər biz istəyiriksə ki, bələdiyyələrin səlahiyyətini artıraq, ilk növbədə onların büdcəsini artırmalıyıq. Belədə bələdiyyələr də daxil olmuş müraciətlərə baxıb həll edə biləcək. Adətən sakinlər bələdiyyələrə daha çox müraciət edir. İcra hakimiyyətləri də bir çox məsələlərinin həllini bələdiyyələrin üzərinə "atırlar”. Bələdiyyənin də büdcəsi olmalıdır ki, bu problemləri həll etsin. Bütövlükdə qəbiristanlıqlar və qəbir yerləri ilə bağlı aparılan işlər müsbətdir, amma prosesin icrasının bələdiyyələrə həvalə edilməsi daha vacibdir. Türkiyədə olduğu kimi "yaşıl kart” sistemini tətbiq etmək də mümkündür. "Yaşıl kart” aztəminatlı ailələrə verilir. Onsuz da bizdə aztəminatlı ailələr ünvanlı sosial yardım alır. Nazirlikdə də onların siyahısı var, icra hakimiyyətlərində də. Ailələr icra hakimiyyətlərinə müraciət edib qeydiyyata da düşə bilər. Bələdiyyələr də bu siyahı əsasında ailələrə kömək edər. Bələdiyyələr ərazidə yaşayan əhalini daha yaxış tanıyır. Ona görə də bu işi bələdiyyələr daha rahat həyata keçirmək imkanına malikdir. Əlbəttə, büdcə vəsaiti olarsa.
Məlahət Rzayeva