Gürcüstan uğrunda Qərblə Rusiya arasında mübarizə gedir

Politoloq hesab edir ki, sonda Moskva bu savaşdan qalib çıxa bilməyəcək



"Yeni Konstitusiya dəyişikliklərinə əsasən ölkənin baş komandanı olmayacaq”. Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili söyləyib. O, yenidən Prezidentin səlahiyyətlərinin azaldılması ilə razı olmadığını bildirib: "Biz Konstitusiyanın yeni versiyası ilə tanış olduq.

Bu Konstitusiyaya əsasən prezidenti xalq yox, 300 seçilmiş seçəcək. Seçilən prezidentin isə 2013-cü ildə nəzərdə tutulan hüquqları da əlindən alınır. Ən təhlükəlisi də odur ki, ölkənin baş komandanı olmayacaq”. Qonşu ölkədəki siyasi ziddiyyətləri "Şərq”ə şərh edən politoloq Azər Rəşidoğlu deyib ki, Qərblə Rusiya arasında Gürcüstan uğrunda böyük mübarizə gedir: "Rusiyanın MDB və Cənubi Qafqaz məkanına təsiri daha çoxdur. Ermənistan birmənalı şəkildə Rusiyayönümlü siyasət yeridir. Onlar özləri də Rusiyanın forpostu olduğunu açıq etiraf edirlər. Azərbaycan balanslı siyasət yeritməyə çalışır. Gürcüstan isə eks-prezident Mixail Saakaşvilinin dövründən başlayaraq, birmənalı şəkildə avro-atlantik məkana inteqrasiya yolunu seçib.

ABŞ Gürcüstanı öz maraq dairəsinə daxil olan bir ölkə kimi tanıyır. Bu baxımdan inanmıram ki, Gürcüstanda Rusiyanın maraqlarının qələbə çalma ehtimalı olsun. Sadəcə, Amerika çalışır ki, Gürcüstanda demokratik islahatlar davam etdirilsin və hakimiyyətin bir adamın, yaxud hakim komandanın əlində cəmləşməsinin qarşısını alsın. Güman edirəm ki, Gürcüstan parlament üsul-idarəsi sistemi ilə daha çox inkişaf edə bilər”.

İsmayıl