"Artıq girovlarımız üçün edə biləcəyimiz bir şey yoxdur" deyib, məsələyə bu cür yanaşmaq doğru addım deyil”.
Bunu Sherg.az-a işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən girov saxlanılan azərbyacanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı danışarkən Modern.az saytının baş redaktoru Elşad Eyvazlı deyib.
O diqqətə çatdırıb ki, Şahbazla Dilqəmin azad edilməsi ölkə rəhbərliyi tərəfindən daim gündəmdə saxlanılır, qabardılır:
"Beynəlxalq tədbirlərdə də bu məsələ daim gündəmə gətirilir ki, Ermənistan tərəfi öz doğmalarının qəbirlərini ziyarət edən şəxsləri girovluqda saxlayır. Ərazilərimiz işğal altındadırsa, Dilqəm və Şahbaz kimi bəlkə də minlərlə insanlarımız girovdurlarsa, bunu Ermənistanın hətta dünyaya meydan oxuması kimi qəbul etmək olar. Siyasətçilər, jurnalistlər, ictimai fəallar və ya QHT nümayəndələri ayrı-ayrı zamanlarda müxtəlif tədbirlərlə çıxış edirlər. Dünyanın hər bir yerində azərbaycanlı girovların öz ata-babalarının qəbirlərini ziyarət etməsi zamanı girov düşdükləri barədə məlumatlar var. Torpaqlarımızı və girovlarımızı azad etmək üçün başqa yol yoxdur. Yol yalnız müharibə yoludur. Müharibə edib, torpaqlarımızı azad etsək, bu zaman Dilqəm və Şahbazla yanaşı minlərlə azərbaycanlılar Ermənistan girovluğundan azad olunacaqdır”.
Girovlarımızla bağlı şablon məktubların gətirilməsinə gəlincə, E.Eyvazlı vurğulayıb ki, bəlkə də onların əllərindən tuturlar, mətni hazırlayırlar ki, bu mətni məktuba köçür:
"Girov bütün hüquqları məhdudlaşdırılan, hər şeydən məhrum olan şəxslərə deyilir. Hər zaman onlar təhdid və təzyiq altında saxlanılır. Düşünmürəm ki, onlar sərbəst şəkildə məktublarına öz ürəklərindən keçənləri, başlarına gətirilənləri yazsınlar.
Azərbaycan ordusunun, Azərbaycan əsgərinin gücü, iradəsi göz qabağındadır. Lakin dünyanın siyasi palitrası, regionda olan geosiyasi vəziyyət, dövlətlərin burada olan maraqları hələ ki, işğal altındakı torpaqlarımızı azad etməyə imkan vermir. Amma Azərbaycan cəmiyyəti, dövlət rəhbərliyi bu məsələdə ayaqdadır. Düşünürəm ki, torpaqlarımızı azad edəcəyik, bu zaman isə Dağlıq Qarabağda girov saxlanılan azərbaycanlılarımız da azadlığına qovuşacaq”.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətlərində müəyyən problemlər yarandığı haqqında məlumat verib.
Ayyət Əhməd