"Azərbaycan insanının intihar səbəbləri elə də dərin və fəlsəfi deyil"



 
"Azərbaycan insanının intihar etməsinin səbəbləri elə də dərin və fəlsəfi deyil. Böyük səbəb üzdədir. Əgər insanlarımızın milli psixologiyasında kök salan "vətən həmişə hakimiyyətdə təmsil olunan bir qrup insanın olacaq" düşüncəsi dəyişməsə, bunun qarşısını almaq mümkün olmayacaq". 

Bu barədə Sherg.az-a  şair, yazıçı, psixoloq və müəllimlərin intiharından danışarkən şair, publisist Aqşin Yenisey bildirib. 

O qeyd edib ki, insanlarımız öz gələcəkləri haqqında zəmanət sahibi deyirlər. Universitetdə oxuyur, amma bilir ki, sabah bazarda alverçi olacaq, alverçi olur, amma bu dəfə də biznes qurmasına monopolistlər imkan vermir: 

"Əslində, bizim insanların bu qədər ucuz problemlərə görə, özünü öldürməsinin özü də faciəvidir. Sovet insanın bir "üstünlüyü" var idi ki, dünyadan xəbərsiz idi, yaşadığı reallığı müqayisə etmək şansı yox idi, psixoloji sakitlik içində yaşayırdı. İndi elə deyil, vəzifəsi, pulu olan dünyanı evinə gətirir, olmayan öz uşağını öz evində də saxlaya bilmir. Kim bizim insanın intiharına fəlsəfi yanaşırsa, müştəbehlik edir. Çox sadə və bəsit səbəbləri aradan qaldırmaqla o insanları xilas etmək olar. Biz hələ sinfi ziddiyyətlərin erkən dövründə yaşayırıq, bunun hələ üsyanlar, inqilablar dövrü olacaq. Bunu mən yox, tarixin məntiqi belə deyir. 

Yaxşı olar ki, son illər baş verən intiharların bir təsnifatı aparılsın, intiharlar qruplaşdırılsın, görək nə qədər insan ictimai-sosial səbəblərə görə özünü öldürüb, nə qədər insan eşq qurbanı olub və s. Əgər məlum olsa ki, insanlarımız fəlsəfi dərinlik üzündən özünü öldürür, ölkəmizin gələcəyinə ən çox sevinənlərdən biri mən olacağam.

Qeyd edək ki, şair, iş adamı Niyaz Əsgərov bu gün səhər saatlarında Cəlilabad rayonunun Sabirabad kəndində intihar edib. Sherg.az axar.az-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü N.Əsgərov iş adamı kimi Bakıda böyük biznes şəbəkəsinə sahib olub. Əmisi oğlu, hüquqşünas Elxas Əsgərovun bildirdiyinə görə, maddi baxımdan çox imkanlı iş adamlarından olan N.Əsgərov ötən gün axşam saatlarında ata evlərinə - Cəlilabadın Sabirabad kəndinə gedib və həyətlərindəki yardımçı tikilidə özünü asıb. Sakit təbiətli şəxs olan N.Əsgərovun intihar səbəbi bilinmir. Hadisə ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Ayyət Əhməd