Belə şərait qan dövranının pozulması, ürək-damar, yuxarı tənəffüs yolları xəstəliklərində problemlər yaradır
Bezdirici külək dağdan- daşdan gəlirmiş...
Şimaldan gələn hava kütlələri Böyük Qafqaz dağlarına qədər maneəsiz gəlir, burada dağlarla qarşılaşan küləklər bir növ dar zolaqdan Bakıya doğru çəkilərək, sürətini artırır
Belə şərait qan dövranının pozulması, ürək-damar, yuxarı tənəffüs yolları xəstəliklərində problemlər yaradır
Belə şərait qan dövranının pozulması, ürək-damar, yuxarı tənəffüs yolları xəstəliklərində problemlər yaradır
Neçə gündür paytaxtda külək səngimir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün də hava yağmurlu və küləkli olacaq. Gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclənəcək.
Deməli, hələ qarşıdakı günlərdə əsl yaz havası gözləməyinə dəyməz.
Küləkli havanın problemləri də çoxdur. Dəfələrlə olub ki, güclə külək evlərin damını uçurub, insanların həyatı təhlükə altına düşüb.
Təkcə, dağıntılar olsaydı, nə vardı ki! Problem həm də burasındadır ki, küləkli havalar meteohəssas insanlar üçün əlverişsizdir və ETSN-in Milli Hidrometeorologiya Departamenti məlumatlarında bunu əhalinin nəzərinə çatdırır.
"Arktik hava kütlələri temperaturu aşağı salır”
Bəs Bakıda külək niyə bu qədər güclüdür? Gənc ekoloq Yeganə İbadlı Bakının iqlim şəraiti ilə bağlı araşdırma aparıb. Y.İbadlının fikrincə, iqlim coğrafi mövqe, relyef və hava kütlələrinin hərəkəti və s. amillərin təsiri ilə formalaşır:
- Külək iqlimin əsas göstəricilərindən biri olduğundan bu amillər onun formalaşmasına və sürətinə də birbaşa təsir edir. Bakıda əsən küləklərin formalaşması Abşeron yarımadasının iqlimindən çox, ölkənin relyef xüsusiyyətləri ilə bağlıdır. Azərbaycanın coğrafi xəritəsinə baxdıqda görünür ki, Böyük Qafqaz dağları şimal-qərbdən, cənub-şərqə doğru Xəzər dənizinə qədər uzanır. Ancaq sahil boyunda dar zolaq şəklində düzənlik ərazi yerləşir.
Yəqin ki, hamımız küləyin dar küçələrdə necə sürətlə sovrulmasının şahidi olmuşuq. Abşeron küləkləri də buna bənzər bir hadisə nəticəsində yaranır. Deməli, şimaldan gələn hava kütlələri Böyük Qafqaz dağlarına qədər maneəsiz gəlir, burada dağlarla qarşılaşan küləklər bir növü dar zolaqdan Bakıya doğru çəkilərək, sürətini artırır. Elə buna görə də ölkə ərazisində küləklərin orta illik sürəti əsasən 5 m/s-dək təşkil etdiyi halda, bu, Abşeron yarımadasının dənizsahili ərazilərində o, 6-8 m/san (8.6m/san) arasında dəyişir. Burada küləyin sürəti 15 m/s və daha çox olan günlərin sayı 100-145 gün təşkil edir. Bu küləklərin təsiri qış aylarında daha da artır. Bu zaman Arktika hava kütlələri Qara və Barens dənizləri, Qərbi Sibirin və Şərqi Avropanın üzərindən keçməklə dar keçiddən və həm də Xəzər üzərindən ölkəmizin ərazisinə daxil olur. Küləklərin fomalaşmasında Xəzər dənizinin rolu da xüsusi vurğulanmalıdır. Sibir və Qazaxıstan üzərindən gələn quru və soyuq hava kütlələri Xəzər üzərindən keçərkən dənizin təsiri kontinental xüsusiyyətləri mülayimləşir. Eyni zamanda Xəzər ilə Azərbaycanın sahil əraziləri arasındakı təzyiq fərqi nəticəsində yerli hava kütlələri də formalaşır.
Məsələn, hamımızın tanıdığı xəzri küləyi buna misal ola bilər. Xəzri Azərbaycanda əsən ən güclü küləkdir və onun sürəti 35-40 m/san çatır. Şimal və şimal-şərq istiqamətli xəzri yayda temperaturu aşağı salır, sərinlik gətirir, qışda isə havanı soyudur. Havanı təmizləsə də, təsərrüfata ziyan vurur. Normal vaxtlarda elə də böyük problem yaratmasa da, quru və soyuq havada olduqca bezdiricidir.
Y.İbadlı qeyd edir ki, bezdirici külək tənəffüs sistemi ilə bağlı problemi olan insanlar üçün arzuedilməzdir.
Külək nəfəsalmanı çətinləşdirir
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə açıqlamasında te-tez dəyişən iqlim şəraitinin insan sağlamlığına təsirsiz ötüşmədiyini dedi:
- Külək havanın temperaturunu həmişə aşağı salır. Bu da bədənin soyumasına səbəb olur və soyuqdəymə riskini də artırır. Meteohəssas insanlar dedikdə, hava şəraitinin təsiri ilə orqanizmində dəyişikliklərin baş verməsi nəzərdə tutulur. Küləkli havada normal ventilyasiya imkanları pozulduğundan nəfəsalma da çətinləşir. Təbii ki, belə şərait qan dövranının pozulması, ürək-damar, yuxarı tənəffüs yolları xəstəliklərində problemlər yaradır. Məsələn, burulğanlar, maqnit dalğaları olduqda da insanlara ehtiyatlı olmağı, zərurət yoxdursa, evdən çıxmamağı məsləhət görürlər. Çünki belə havalarda bədənin xarici mühitə uyğunlaşması çətinləşir. Küləkli havalar da belədir. Yəni, burada söhbət birbaşa küləkdən deyil, küləyin havada əmələ gətirdiyi dəyişiklikdən gedir. Əlbəttə, küləkli havalarda travma almaq riski, həmçinin nəfəs yollarının tozlanması da nəzərdən qaçmamalıdır.
Məlahət Rzayeva