3 aydır piyada keçidi işarəsi yerdədir

Burdan hər gün yüzlərlə şagird qarşı tərəfə keçir



Xətai rayonunda piyadalar üçün nəzərdə tutulan yol nişanı aşıb. Burda qəribə bir iş yoxdur. Küləklər şəhərində belə görüntülərə əslində alışmışıq. Ancaq maraqlısı odur ki, bu nişan düz 3 aydır yerindən tərpənmir. Bu haqda həmin rayonun sakini Rasim İsmayılov öz facebook səhifəsində qeyd edib.
" 3 ay öncə piyada keçidi işarəsinin yerə düşmüş vəziyyətdə şəklini paylaşmışdım. Bu işarə hələ də yerinə bərkidilməyib. Bura, Əhmədli, "Bakı" kinoteatrından yuxarı, Sarayevo küçəsi ilə Məzahir Rüstəmov küçələrinin kəsişməsidir. Məhz burdan hər gün yüzlərlə şagird qarşı tərəfə keçir. Çünki qarşı tərəfdə 5 məktəb yerləşir. Əks tərəfdə isə məktəb yoxdur. Üstəlik burada 25-30 bina yerləşir. Amma bu işarənin yerinə qoyulmasına məsuliyyət daşıyanlar hələ də yatıblar. Gərək kiminsə balasını maşın vursun, ondan sonra buna bir çarə tapılsın? Amma pullu dayanacaq işarəsini təmtəraqla dikəldiblər...”