
30 il fırlanmış karusellər getdi
Cənablar, bulvara təkcə uşaqlar deyil, əcnəbilər də gəlirBu boyda geniş ərazidə məsələn, bir dənə sərgi salonu yoxdur. Halbuki sərgi salonu olarsa, orada Azərbaycan rəssamlarının, heykəltəraşların əsərləri nümayiş etdirilər...


Dənizkənarı Milli Parkda yeniliklər olacaq. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov KİV-ə açıqlamasında bildirib ki, Kukla Teatrının yaxınlığındakı karusel - "Şeytan çarxı” sökülür, onun yerində isə uşaqlar üçün əyləncə mərkəzinin tikintisi nəzərdə tutulur. N.Məcidov 30 il fırlanmış karuselin artıq köhnəldiyini, istismar müddətini başa vurduğunu deyib. Rəis müavini həmçinin, Bakı İdman Sarayının yaxınlığında da bir neçə mərtəbəli yeni ticarət və əyləncə mərkəzinin tikildiyini bildirib. İşin maraqlı olan tərəfi də budur. Görmüşük və eşitmişik ki, dünyada alış-veriş mərkəzləri "AVM”lər mövcuddur.
Amma bizimkilər həmişə çalışırlar ticarəti əyləncə ilə birləşdirsinlər. Birisi ticarət mərkəzi tikdirəndə, adını "ticarət və əyləncə mərkəzi” qoyur. Əyləncəni də ticarətin "gözünə qatır” ki, guya cocuqları düşünür. Əslindəsə, özünü, öz gəlirini düşünür. Diqqət edin; ata-ana uşağını yanına alıb bulvara gəzməyə gəlir. Uşaq əyləncə mərkəzinə doğru dartınır, valideyn uşağını ora aparır və elə oradaca ticarətçinin toruna düşür. Başı qarışır, alış-verişə. Hər halda kiminsə məhz alış-veriş etmək üçün durub Bulvardakı ticarət mərkəzinə gedəcəyi inandırıcı görünmür. Nə çoxdu, şəhərdə ticarət mərkəzləri. Altından vur, üstündən çıx. Ticarət mərkəzinin məhz bulvarda əyləncə mərkəzi ilə "qaynayıb-qarışmasında” məqsəd sadəcə, valideynləri pul xərcləməyə sövq etməkdir. Uşaq attraksionlarda əylənəcək, sevdiyi qidaları - çipslər, dondurma, çubuqlar, "pamuk-şəkər”ləri almağı tələb edəcək, valideyninsə, gözü qalacaq, geyimdə, digər əşyalarda. Bir güllə ilə iki dovşan vurulmuş olacaq. Son illər bulvarda ticarət mərkəzlərinin sayı durmadan artır. Bilmək olmur, bulvar istirahət və əyləncə yeridir, yoxsa ticarət zonası. Demirik ki, boğazı quruyan içməyə su tapmasın, ya da ciyəri yanan, nə qədər baha olsa da, bir çaydan çay içməsin. Məsələ, bulvarın istirahət və əyləncə yeri funksiyasını yavaş-yavaş itirməsindən gedir. İstifadə müddəti ötmüş karusel təbii ki, təhlükə mənbəyidir və sökülməlidir. Amma onun yerində və ya başqa bir ərazidə ticarət mərkəzinin tikilməsinə bu qədərmi ciddi ehtiyac var?
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü Vüqar Tofiqli "Şərq”ə açıqlamasında Bulvarın ilk növbədə mədəni istirahət mərkəzinə çevrilməsi zərurətindən danışdı:
- Bakı bulvarı özü bir brenddir - Bakının brendi. Bulvar İdarəsi də çalışmalıdır ki, bulvarda insanların mədəni istirahəti lazımi şəkildə təşkil olunsun. Demək olmaz ki, idarə bu işin öhdəsindən gəlmir. Mən bir neçə dəfə bulvarda olmuşam, gəzintiyə çıxmışam və oradakı şərait məni qane edib. Amma əlbəttə, görüləsi işlər hələ var. Bulvar ərazisi getdikcə genişlənir. Görürük ki, son illər ərazi nə qədər böyüyüb. Amma bu boyda geniş ərazidə məsələn, bir dənə sərgi salonu yoxdur. Halbuki sərgi salonu olarsa, orada Azərbaycan rəssamlarının, heykəltəraşların əsərləri nümayiş etdirilər. Məsələn, "Park Sinema”da müxtəlif filmlər nümayiş olunur. Xocalı faciəsi ilə bağlı orada filmlərin nümayiş olunduğunu da görmüşəm. Bu, çox yaxşıdır. Ancaq belə mədəni-kütləvi tədbirlər çox təşkil olunmalıdır. Və gərəkli zamanlarda. Bulvar ərazisində təkcə yerli əhali istirahət etmir. Şəhərimizə gələn qonaqlar da bulvara gəzməyə çıxır. Mən ticarət mərkəzlərinin əleyhinə deyiləm. Amma baxır, harada, nə qədər. Bir-iki ticarət mərkəzinin tikilməsi mümkündür. Amma yenə də, kompakt şəkildə olmalıdır. Görünüşünə önəm verilməlidir. Ticarət mərkəzi bulvarın ümumi ansamblını korlamamalıdır. Biz bulvarı başdan-ayağa ticarət mərkəzləri ilə doldura bilmərik. Buna mənəvi haqqımız yoxdur. İnsafən, bunu da deyim ki, "Ağ şəhər”dən köhnə bulvar ərazisinədək ticarət mərkəzi yoxdur. Kiçik satış köşkləri var. Su, şirniyyat və s. satılır. Ticarət mərkəzi tikilirsə də, ən əvvəl onun daşıdığı funksiyaya baxmaq lazımdı. Ticarət mərkəzi yalnız alış-veriş yeri funksiyasını daşımamalıdır. Çünki TM Milli Park kimi bir mədəni istirahət məkanında yerləşəcək. Bu ticarət mərkəzinin əsas məramı, məqsədi Azərbaycanı tanıtmaq, təbliğ etmək olmalıdır. Orada Azərbaycan brendi hesab edilən mallar, məhsullar satılmalıdır. Yoxsa, o ticarət mərkəzi ucuz Çin malları ilə doldurulacaqsa, bunun alış-veriş mərkəzlərindən nə fərqi? Və bulvar ərazisində yerləşməsinin nə anlamı? Biz nəzərə almalıyıq ki, bulvara gələn xarici qonaqlar bu ticarət mərkəzinə daxil ola bilər və bu halda orada sırf Azərbaycana aid məhsullarla, mallarla qarşılaşmalıdırlar. Necə ki, İçərişəhərdə yerləşən satış obyektləri bu missiyanı daşıyır. Yəni, Milli Parkın - Bakı Bulvarının əsas missiyası
birincisi, insanların mədəni istirahətini təşkil etmək, insanların təmiz hava almasını, rahat gəzintisini təmin etmək, ikincisi də Azərbaycanın tanıdılması, təbliği olmalıdır. Burada fəaliyyət göstərən uşaq əyləncə mərkəzlərinin fəaliyyəti də uşaqların təfəkkürünün, dünyagörüşünün inkişafına xidmət etməlidir. Uşaqlar üçün təşkil olunan attraksionlar yalnız əyləncə xarakterli olmamalıdır. Həm də düşündürücü, uşaqların təfəkkürünü inkişaf etdirə bilən oyunlarla zənginləşdirilməlidir.
V.Tofiqli bulvardakı attraksionlara daim ciddi nəzarət edilməsini də zəruri sayır:
- Attraksionlar daim ciddi yoxlanılmalıdır, nasaz olub-olmaması bilinməlidir. Çünki bu attraksionlardan, yelləncəklərdən uşaqlar istifadə edir. Onların təhlükəsizliyi əsasdır. Valideynlər də gərək ehtiyatlı olsunlar. Uşaqlarını nəzarətsiz qoymasınlar.
Məlahət Rzayeva