"Hökumətin proqnozlarına görə, 2019-cu ildə hasilat artacaq”.
Bunu Sherg.az-a neft hasilatının hazırda azalmasının səbəblərini izah edərkən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.
O bildirib ki, neft hasilatının azalması Azərbaycanda 2010-cu ildə hasilatda olan həddin keçilməsi ilə əlaqədardır:
"Neft yataqlar qocalıb, yaşlaşma dövrü başlayıb. Bizim yeganə cavan yatağımız Azəri-Günəş-Çıraqlı yatağıdır. Neft yataqları 20 ildir intensiv işlənmə dövründədirlər. İntensiv işləmə müddətinin 20-ci ili bu il tamam olacaq. 3,1 milyard barel neft hasil edib. Aprel ayının 1-nə 423,5 ton neft çıxarılıb. Bu çox böyük rəqəmdir. Nümunə üçün müqayisə edək ki, 1871-ci ildən, 1971-ci ilə qədər Azərbaycanda 1 milyon ton neft çıxarılıb. Bu dövrdə çıxarılan həmin miqdarda neftlə müqayisədə cəmi 20 ilə tək bir blokdan yəni 3 yataqdan 423 milyon ton neft çıxarılıb. Ümumilikdə, müstəqillik dövründə Azərbaycanda 660 milyon neft hasil edilib. Bu rəqəm həddən artıq çoxdur. Neftin gətirdiyi pullar hesabına bu qədər iş görülüb. Təkcə Azəri-Günəş-Çıraqlı yatağı 124 milyard dollara yaxın dövlətə mənfəət gətirib. Bu dövlət büdcəsinə ödənən vergilər hesablanmadan gələn gəlirdir. Ona görə də, həm Dövlət Neft Şirkətinin yataqlarında, həm də Azəri-Çıraq-Günəşlidə indi hasilatın azalması obyektiv haldır. Təsəvvür edin, neft yatağı bir çəlləkdir. Buradan ilbəil olan mayeni çıxartdıqda o azalmalıdır. Dünyanın hansısa ölkəsində belə bir şey yoxdur ki, hasilat artsın. O vaxt hasilat sabit qalar, ya da arta bilər ki, yeni yataqlar tapılsın. Azərbaycanda indiyə qədər təqribən 60-a yaxın yataq tapılıb, bu yataqların hasilatı da sonsuz deyil”.
Hazırda yeni neft yataqlarının olmadığını qeyd edən İ.Şabanın sözlərinə görə, Azərbaycanda son dövrdə tapılan yataqlar ancaq qaz yataqlarıdır:
"Çünki qaz yataqları neftdən 50 faiz dərinlikdə yerləşən yataqlardır. Sovet texnologiyaları ilə bunları tapmaq çətindir. Yeni texnologiyaların hesabına onlar ram edilir. Bundan sonra da yeni-yeni qaz yataqlarının kəşfi olacaq. Ona görə biz neftdən qaza transformasiya edirik. 2019-cu ildə Azərbaycanda neft hasilatı ona görə artacaq ki, "Şahdəniz 2” layihəsi istifadəyə verilir. 2018-ci ilin 2-ci yarısında hasilat başlayacaq, 2019-cu ildə artacaq, 2020-ci ildə isə hasilat daha da yüksələcək. Bunun nəticəsində kondensat (yüngül neft) hasilatı artır. Bunun nəticəsi olaraq əvvəlki illərə nisbətən neft hasilatı artacaq. 2020-ci ildə "Abşeron” yatağı istifadəyə veriləcək. Hasilat nəticəsindən təqribən yarım milyona yaxın kondensat hasil ediləcək. Yenidən həmin illərdə intensiv hasilatın başlayacağı gözlənilir. 2019-dan sonrakı illərdəki stabilləşmədə neftlə bərabər qaz hasilatının artması da mümkün olacaq”.
Aysel Aslan