Akif Nağı: "Azərbaycan ilk növbədə Türkiyənin razılığı olandan sonra hərəkətə keçəcək"
"Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan cəmiyyəti və dövlət sual qarşısındadır”.
Bunu Sherg.az-a cəmiyyətdəki müharibə ehtimalına münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyib.
O bildirib ki, münaqişənin hərbi yolla həll olunacaq, çünki danışıqların davam edəcəyi barədə sualların cavabı heç kəs üçün sirr deyil:
"Azərbaycan hakimiyyəti də artıq seçimini edib. Nəyin bahasında olursa olsun, torpaqlarımız işğaldan azad olunmalıdır. 25 ildən çoxdur ki, torpaqlarımız işğal altındadır, heç bir nəticə də yoxdur. Bu proseslər dayanmalıdır, bir nöqtə mütləq qoyulmalıdır. Ona görə, bütün hadisələrə o prizmadan yanaşır, həmin əlamətləri izləyirik ki, Azərbaycan hakimiyyəti qərarını verib yoxsa, yox. Artıq ilkin əlamətlər göstərir ki, Azərbaycan hakimiyyəti artıq qərarını verib. Sadəcə olaraq hansısa məqamı gözləyir. Çünki beynəlxalq situasiya da əlverişli olmalıdır. Bu baxımdan proses ləngiyə bilər. Amma Azərbaycan artıq addımlarını atmalıdır. Rusiya ilə münasibətlər, silah satışında Rusiya ilə danışıqlar aparılsa da, aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsində Rusiya obyektiv mövqe tutmayacaq. Qərbin də fəallaşması, danışıqlara diqqət ayırması deyilir. Lakin Dağlıq Qarabağ münaqişəsinin həllində Qərb maraqlı deyil. Amerikanın, NATO-nun mövqeyi ondan ibarətdir ki, Rusiya həm razı salınmalıdır, həm də Qərbin maraqları ödənilməlidir. Ona görə də, belə bir tezislə çıxış edir. Biz bunu Gürcüstanın nümunəsində gördük və Rusiyanın tələbləri - Abxaziya və Cənubi Osetiyanın verilməsi ilə Rusiyanın iddiası təmin olundu. Ukraynada da eyni vəziyyət baş verdi. Krım sanki Rusiyaya qurban verildi. Amma hər iki ölkənin yerdə qalan ərazilərində Qərb möhkəmləndi. Belə görünür ki, münaqişə mövcud olan ölkələrin bəzi hissəsini Rusiyaya qurban verməklə qalan ərazilərdə Qərb möhkəmlənir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da Qərb bu mövqedədir. Azərbaycanda bazalar yaratmaq niyyətindədir. Rusiyanı da müəyyən formada razı salmaq istəyir ki, Dağlıq Qarabağ Azərbaycan nəzarətindən çıxarılsın. Bu ssenaridir. Azərbaycan isə hələlik buna imkan vermir”.
Ermənistanın arxasında birmənalı şəkildə Rusiyanın dayandığını söyləyən A.Nağı bildirib ki, bu artıq heç kəs üçün sirr deyil. İşğalçı Ermənistandır, Rusiyanın da bu işğalda payı var:
"Bu yol ancaq müharibə yoludur, Azərbaycan bəs kimə arxalanmalıdır? Bununla bağlı dəfələrlə müzakirələrimiz, çıxışlarımız olub. Hətta "Qələbə modeli” deyilən konsepsiya da təqdim etmişik. Azərbaycan Türkiyə, İran və Pakistana ilk növbədə arxalanmalıdır. İslam Əməkdaşlıq təşkilatı üzvlərinə arxalanmaq lazımdır. Həmişə biz bu mövqeyi təmsil edirik. Bunun da əlamətləri görünür. Məhz Türkiyə ilə hərbi əməliyyatların keçirilməsi xüsusi vurğulanmalıdır. Türkiyənin hərbi heyətinə rəhbərlik edən polkovnik Hakan Açıqgöz söylədi ki, bu təlimlərdə iştirak edən Azərbaycan və Türkiyə silahlı qüvvələrinin gələcəkdə birgə əməliyyatlar həyata keçirməsi üçün müəyyən məsələlər öz həllini tapmalıdır. Amma Azərbaycan müharibəyə nə zaman başlayacaq? Azərbaycanın hərbi əməliyyatlara başlaması Türkiyənin rəyindən də asılıdır. Burada İran və Pakistan amili də rol oynayır. Artıq çox məsələlərlə aydındır. Hesab edirəm ki, Azərbaycan ilk növbədə Türkiyənin razılığı olandan sonra hərəkətə keçəcək. Hadisələr bu istiqamətdə gedir, yeganə çıxış yolu da budur. Hərbi əməliyyatlara başlanılmalıdır. Azərbaycanın qalib gələcəyi, uğur qazanacağı həddindən artıq realdır”.
Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinə start verilib.
Ayyət Əhməd