Rəsulzadəyə daş atan oğlan...

Tarixçi-alim Həmid Herisçinin cavabını verdi
“Bolşeviklər Azərbaycana xoşbəxtlik gətirmişdisə, necə olur ki, Nərimanov oğluna yazdığı məktubunda öz səhvlərini etiraf edir”

"Nəriman Nərimanovla Məhəmməd Əmin Rəsulzadəni üz-üzə qoymaq, onları müqayisə etmək
düzgün yanaşma deyil”

Dünən Azərbaycanın Rusiya tərəfindən növbəti işğalının, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutunun 97-ci ili tamam oldu. Düz 97 il bundan əvvəl son iclasını keçirən Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti rus ordusunun ölkəni işğal etdiyini nəzərə alaraq hakimiyyəti yerli bolşeviklərə təhvil verib.

Hərbi İnqilab Komitəsi isə rus bolşeviklərinin lideri Vladimir Leninə "Biz Bakı neftini ələ keçirdik” məzmunlu teleqram göndərib. Ancaq açığa çıxarılan bütün tarixi faktlara rəğmən tarixdə 28 Aprel istilası kimi yer alan bu faciəyə qarşı Azərbaycanda hələ də birmənalı yanaşma yoxdur. Böyük əksəriyyət bu tarixi ötən əsrin əvvəllərində Azərbaycanın müstəqilliyinə son qoyulan gün kimi xatırlasa da, 28 apreli az qala qələbə günü kimi qeyd edən, Azərbaycanın məhz bu tarixdə nicat tapdığını zənn edən insanlar və siyasi təşkilatlar da yox deyil.

Kommunistlər, solçular düşünür ki, 28 aprel işğal yox, qələbə günüdür.

Minlərlə insanın ölümünə bais olan, torpaqlarımızın işğalına səbəb olan, sərvətlərimizi talayan bir ideologiyanı daşıyan insanların düşüncələri hər nə qədər bizim üçün ağlasığmaz olsa da, onlar hər fürsətdə bu yanaşmalarını təbliğ edir, Azərbaycanın işğal faktını özündə əks etdirən məlumatların uydurma olduğunu iddia edirlər. Xalqın ən ağrılı günlərindən biri hesab edilən 28 apreli toy-bayram kimi qəbul edən belə insanlardan biri də yazıçı-konspiroloq, publisist Həmid Herisçidir. Özünü solçu kimi təqdim edən yazar teleqraf.coma müsahibəsində sözün həqiqi mənasında əsəbləri tarıma çəkəcək açıqlamalar verib.

Fərqli düşünməsi bir yana, o, eyni zamanda Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin xəyalpərəst siyasətçi olduğunu iddia edib.

28 aprel tarixi ilə bağlı sənədlərin indiyə qədər açılıb göstərilmədiyini vurğulayan konspiroloq hesab edir ki, XI Qızıl Ordu tərəfindən işğalı tarixi kimi qeyd olunması da doğru yanaşma deyil: 

"O dövrdə dünyada mürəkkəb siyasi durum var idi. Açığı, Məhəmməd Əmin Rəsulzadə indiki dövrün siyasətçisi idi. O dövrün siyasətçisi isə Nərimanov idi. Nərimanov mümkün siyasi şəraitdə müstəqil olmasa da, Azərbaycan Sovet Sosialist Respublikasını yarada bildi, biz 70 il bu model altında müəyyən qədər müstəqil yaşadıq. Bizim müstəqilliyimiz həmin dövrdə Pakistanın, Əlcəzairin, hətta Hindistanın müstəqilliyindən daha yaxşı idi. 

Bizim Konservatoriyamız, Akademiyamız var idi, kütləvi savadlanma keçdik, pulsuz tibbi xidmət oldu. Yəni sosial sahələrdə böyük işlər getdi. Sumqayıtı, Mingəçeviri tikdik. Mən deyərdim ki, Azərbaycan sosialist dövrünü yaxşı yaşayıb. Və bunun nəticəsində artıq biz XX əsrin sonunda müstəqilliyə hazır idik. Yenə deyirəm, Məhəmməd Əmin öz dövrünün siyasətçisi deyildi, xəyalpərəst idi. Praqmatik siyasətçi Nərimanov idi və o da qalib gəldi”.

Məhz solçu olduğu üçün 28 apreli möhtəşəm tarix hesab etdiyini etiraf edən H.Herisçi hesab edir ki, Azərbaycan 28 apreldə baş verənlər nəticəsində heç nə uduzmayıb

"Biz o dövrdə müstəqil qala bilməzdik. Müstəqil Azərbaycanı həmin dövrdə kamalçı Türkiyə istəmirdi. Üstəlik, Moskva da istəmirdi. Beləcə, iki tərəfdən dəyirman daşı altında qalan Azərbaycan Müsavatı məhv oldu. 1920-ci ilin 28 aprelində Bakını alan rus ordusu bir damcı da qan tökmədi”.

Onun sözlərinə görə, tarixçilərin Azərbaycanın 28 apreldə bolşeviklər tərəfindən işğal olunması və dövlət müstəqilliyinə son qoyulması ilə bağlı aşkar etdiyi faktlar boş şeylərdir: "Azərbaycan işğal edilməyib. 28 aprelin müəllifləri Bakıda olan türk zabitləridir. Daha dəqiq desək, 28 aprelin müəllifləri həmin dövrdə Bakıda Mustafa Sübhi başda olmaqla türk zabitləri, eləcə də Çingiz İldırım. Əsas qəhrəmanlar bunlardır. Bizim tərəfdən Çingiz İldırım, Türkiyə tərəfindən isə Mustafa Sübhi”.

Həmid Herisçinin fikirlərinin tamamilə əsassız olduğunu deyən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarixçi-alim Dilavər Əzimli "Şərq”ə açıqlamasında 28 aprel tarixinin Azərbaycan Cümhuriyyətinin işğal günü olduğunu deyib: 

"Azərbaycanlıların AXC-nin işğal faktına bu cür münasibəti təəssüfləndirici haldır. İnsan pis də yaşaya bilər, kimlərdənsə narazı da ola bilər, amma dövlətçilik məsələsində bu cür fikirlər səsləndirməməlidir. Dövlətçiliyimiz bizim qeyrətimiz, namusumuzdur. Azərbaycanın tarixində qara ləkə kimi yazılan 28 apreldə baş verənləri necə möhtəşəm tarix, qalibiyyət günü adlandırmaq olar?! Məhz bu tarixdə bolşevizm adlı bir qara bulud ölkəmizin üstünü aldı. Sözdə Rusiya ordusu Azərbaycan ərazilərindən keçib Türkiyəyə doğru irəliləməli idi, amma 11-ci Qırmızı Ordu Bakıya daxil olan kimi Azərbaycan Demokratik Respublikasını devirib, xalqı qanına qəltan elədi. Bolşevik ordusunun gəlişindən sonra baş verən üsyanları sadalamaq kifayətdir ki, həmin dövrdə xalqımızın başına açılan müsibətlər məlum olsun. 

Solçuların deməyindən belə çıxır ki, Qırmızı Ordunu əhval-ruhiyyə ilə qarşılamışıq. Əgər rus ordusu Azərbaycanı bir damcı belə qan tökmədən işğal edibsə, həmin dövrdə Azərbaycanın müxtəlif ərazilərində baş verən qanlı döyüşləri bəs kimin ayağına yazaq? Şəkidə, Lənkəranda, Masallıda baş verən üsyanları hara yazaq? Qaçaqçılıq hərəkatı niyə yarandı? Əlbəttə ki, onlar ruslara tabe olmaq istəmədikləri üçün 11-ci Qırmızı Orduya qarşı müqavimət göstərirdilər. Azərbaycan xalqı dərk edirdi ki, bu ordu elə-belə gəlməyib, onların konkret məqsədi var. Qüvvələr balansı rusların xeyrinə olsa da, qaçaqlar dağlara çəkilib, rus ordusuna qarşı ciddi müqavimət göstərirdi. Bu isə elə-belə müqavimət deyildi. Rus ordusu hər irəlilədikcə, nə qədər itkilər verirdi”. 

Azərbaycanın işğalı ilə bağlı heç nə bilməyən insanların bu barədə fikir yürütməsinin gülünc olduğunu vurğulayan tarixçi-alim ən böyük qarşıdurmanın Gəncədə baş verdiyini xatırladıb. Onun sözlərinə görə, şərəfli ordumuz Gəncədə ciddi müqavimət göstərirdi və haradasa nailiyyətlər də əldə etdi. Ancaq kömək yox idi. Ruslara ermənilər və başqa yerlərdən kömək gəlirdi. Ona görə də işğala məruz qaldıq.

D.Əzimli hesab edir ki, Azərbaycan Demokratik Cümhuriyyəti öz varlığını qoruya bilsəydi, ölkəmiz hazırda öz inkişafının ən yüksək pilləsində dayanardı: 

"Ən əsası isə dövlətimiz öz ərazilərini bərpa edib bütöv Azərbaycan adı altında birləşəcəkdi. Bəlkə də dünyanın ən demokratik, əsas söz sahibi olan dövlətlərindən biri idi. Bütün bunların baiskarı isə bolşevizm bəlasıdır. 11-ci Qırmızı Ordunun quldurları Bakıya daxil olmasaydı, Azərbaycan Cümhuriyyəti qarşısına qoyduğu bütün məqsədlərinə çatmış olacaqdı. Amma bolşevik təfəkkürü bu müstəqilliyimizi, bu şanslarımızı əlimizdən aldı. Ordusunun gücündən istifadə edən rus ordusu böyük hədəflərlə yola çıxan bir dövlətin qarşısında çəpər oldu. Ancaq çox şükür ki, bu işğal uzun sürmədi, 70 ildən sonra bir kərə yüksələn bayraq, yenidən yüksəldi”.

- Solçular 28 aprel tarixində türk zabitlərinin rolunu ön plana çəkir, baş qəhrəman kimi də məşhur inqilabçı Çingiz İldırımın xidmətlərini qabardır. Çingiz İldırım AXC-yə nə edib?

- Azərbaycanı ruslara satan Çingiz İldırım və Əliheydər Qarayev kimi xəyanətkarlar oldu. Məhz həmin Qarayev idi ki, Rəsulzadənin üstünə qışqıraraq "hamınızı güllələyəcəyik” deyib. Rəsulzadə isə gülümsəyərək cavab verib ki, "Səni də onlar güllələyəcək”. Azərbaycan Milli Hökuməti şərt daxilində kommunistlərə, solçulara verildi ki, dövlətin bütün məmurları öz vəzifəsində qalacaq, ancaq solçular rusların əli ilə çevriliş edib hökuməti ələ aldılar. Həmin dövrdə solçular Osmanlı imperiyasına da ayaq açdılar və onlar da bizim kimi bolşeviklərin qurbanı oldular. Çingiz İldırım kimlərinsə gözündə qəhrəman ola bilər, amma onun Azərbaycan tarixində vətən xainindən başqa bir adı yoxdur.

- Düzdür ki, həmin vaxtı ingilislər Bakıda çevriliş etmək niyyətində olublar?

- Qərb dövlətləri hər zaman özlərinə lazım olan, daha doğrusu, onların maraqlarına xidmət edən iqtidarın tərəfində olub. Qərb görürdü ki, Rusiya dağılmaq təhlükəsi ilə üzləşib. Onlar da başladılar kiçik dövlətləri öz tərəflərinə çəkməyə. Həmin vaxtlarda Ənvər Paşa ilə Nuru Paşanın Turan ideyası ortaya atılmışdı. Bunun üçün güclü bazaları olmasa da, Almaniyaya ümid bəsləyirdilər. İngilislər isə bunu görürdülər deyə uzun müddət bizim müstəqilliyimizi tanımadılar. Artıq Rusiya çökməyə başlayanda ingilislər ADR-in müstəqilliyini tanımaq haqqında bəyanat verdilər. Ölkə daxilində baş verən proseslərdə isə daimi olaraq erməniləri müdafiə etdilər. Demək istəyirəm ki, ingilislər bizim müstəqilliyimizi istəmirdi deyə, Bakıda baş verən qanlı hadisələr onların maraqlarına uyğun idi. Həmin dövrdə qonşu Türkiyə də bir o qədər güclü olmadığı üçün bizə kömək edə bilmədi. Onlar da zamanla uyğunlaşıb, şəraitə uyğun hərəkət etməyə başladılar. Əgər Atatürk o cür davranmasaydı, bugünün güclü Türkiyəsi də olmazdı.

- "Məhəmməd Əmin öz dövrünün siyasətçisi deyildi, xəyalpərəst idi. Praqmatik siyasətçi Nərimanov idi və o da qalib gəldi”. Sizcə, bu müqayisə nə dərəcədə realdır?

- Nəriman Nərimanovla Məhəmməd Əmin Rəsulzadəni üz-üzə qoymaq, onları müqayisə etmək düzgün yanaşma deyil. Hər iki siyasətçi Azərbaycan tarixinin yetişdirdiyi dahi şəxsiyyətlərdən olublar. Amma sizi inandırıram ki, Rəsulzadə kimi nəhəng bir insan 20-ci əsrdə tək-tək yetişib. Əgər həmin dövrdə dünyada 3 dahi şəxsiyyət vardısa, Məhəmməd Əmin Rəsulzadənin adı ilk sırada bərqərar olub. Biz fəxr etməliyik ki, Rəsulzadə kimi bir fenomenə sahibik. Mən heç də Nəriman Nərimanovun xidmətlərini kölgədə qoymaq niyyətində deyiləm. Ancaq faktiki olaraq, onların baxışları fərqli olub. Nərimanov solçu idi, kommunist ideyasının tərəfdarı idi, amma bütün bunlara rəğmən milli insan idi. Nərimanov da ən az Rəsulzadə qədər bu xalqı sevir, onun gələcəyi uğrunda döyüşürdü. Onu deyə bilərəm ki, 28 aprel işğalında Nərimanovun əli yox idi. O sadəcə işğalçı imperiyanın qurduğu dövlətçilik siyasətinə inandı. Nərimanovu inandırmışdırlar ki, bəşəriyyətin nicatı kapitalın məhvində və əməyin təntənəsindədir. O, Azərbaycan Respublikasının əbədi xoşbəxtliyinin Rusiya ilə bağlı olduğunu düşünürdü. Amma Həmid Herisçiyə sual edirəm ki, bolşeviklər Azərbaycana xoşbəxtlik gətirmişdisə, necə olur ki, Nərimanov oğluna yazdığı məktubunda öz səhvlərini etiraf edir? Məhz ruslar olmadı bütün idarəçiliyi ermənilərə verib, Nərimanovu zəhərləyən?

- Yəni Nərimanov bir növ bolşevik ideyalarının qurbanı oldu?

- Bu gün üçün biz düşünürük ki, kommunistlər onun solçu ideyalarından istifadə etdilər. Amma Nərimanov üçün seçdiyi yol düzgün idi. O solçu belə olsa, mən onu ittiham edə bilmirəm. Ancaq bir tarixçi olaraq həmin dövrə nəzəri diqqət yetirəndə görürəm ki, Rəsulzadə daha uzaqgörən siyasətçi olub. Nərimanovdan fərqli olaraq, o, tarixdən düzgün nəticə çıxarmağa müvəffəq olub. Rəsulzadə 1801-dən 1828-ci ilə qədər tökülən qanlardan bilirdi ki, rusların xisləti dəyişən deyil. Adlarını bolşevik belə qoysalar, xarakterləri işğalçıdır. Təəssüflər olsun ki, Nərimanov bunları görə bilmədiyi üçün kommunist ideyalarını müdafiə etdi.

Şəymən