Peşəkar sürücülərimizin sayı çox azdır - 3 aya 15 milyon cərimə

Fərhad Eyyubov: "Bu qədər cərimənin yazılması onu göstərir ki, Azərbaycanda yol hərəkəti qaydalarını pozmağa meyllilik daha çoxdur"


"3 ay ərzində yazılan 15 milyon cərimənin içərisində ola bilsin ki, təhlükə yaratmayan vəziyyətlər var”.

Bunu Sherg.az-a polisin son 3 aya vətəndaşlara 15 milyon cərimə yazmasının səbəblərini izah edərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. 

O bildirib ki, sürücülər bəzən yol hərəkət qaydalarını pozurlar, təhlükə yaranır, bəzən isə yaranmır:

"Əvvəllər bu qaydaları pozan adamların çox aşkarlanmırdı. İndi xüsusi nəzarətçilər, müşahidə kameraları, radarlar bunların hamısını qeydə alır. Buna görə, məsələ bu qədər ciddiləşib. Son zamanlarda cərimələrin də həddinin qaldırılması ümumi həcmin artmasına səbəb oldu. Bu qədər cərimənin yazılması onu göstərir ki, Azərbaycanda yol hərəkəti qaydalarını pozmağa meyllilik daha çoxdur. Göstərilən 15 milyonun əksəriyyəti radarlar, kameralar, digər aparatlar tərəfindən yazılan cərimələrdir. Bunlar da obyektiv yazılan cərimələr siyahısındadır. 

Amma elə yerlər var ki, həmin yerlərdə bir qədər müəmmalı məsələlər var və araşdırılma aparıla bilər. Gələn illərdə yol hərəkəti qaydalarına diqqət edilsə, cərimələr də azala bilər. Cərimələrin çox olması böyük problem yaratmır. Nə qədər qayda az pozulursa, o qədər cərimələr də azalır. Yol hərəkəti elə məsələlərdir ki, həm sürücüdən, həm yoldan, həm nəqliyyat vasitəsindən, həm də mühitdən asılıdır. Ona görə də, kompleks məsələdir. Amma maarifləndirmə işi, onun mərkəzində duran sürücü, hərəkət iştirakçıları hamısı bunu nəzərə almalıdır”.

Aysel Aslan