Sosioloq: "Mətbuatın özünü də tərbiyə etmək lazımdır"




"Mətbuat maraqlı şeylər tapsın, yazsın ki, camaat da oxusun”.

Bunu Sherg.az-a medianın kriminal hadisələr və intihar xəbərlərinə geniş yer verməsinə münasibət bildirərkən sosioloq, professor Əhməd Qəşəmoğlu deyib. 

"Maraqlı yazılar ancaq kriminal hadisələrdənmi çıxarılır?” sualı ilə media nümayəndələrinə müraciət edən sosioloq bildirib ki, mətbuatın özünü də tərbiyə etmək lazımdır:

"Medianı düzəltmək lazımdır. Çünki ortada dəyərlər, düşüncələr var. Jurnalistlərin hazırda düşüncələri budur ki, sensassiya yaradanda insanlar çox oxuyur. Ancaq elə hadisələr yazılmalıdır ki, müsbət də olsun. Camaat o zaman daha çox maraq göstərəcək. Bu o demək deyil ki, kriminal hadisələr qadağan olunsun, mətbuat yazmasın. Kriminal olaylar da günümüzün hadisəsidir. Sadəcə olaraq, birtərəfli yazılmamalıdır. Elə yazmaq lazımdır ki, o biri müsbət hallar da işıqlandırılsın. Görək ki, cəmiyyətimizdə müsbət hadisələr hansıdır, mənfi hadisələr hansıdır. Biz nə işlər görə bilərik. Yoxsa sadəcə baxırıq, daha sensassion şəkildə yazılmış kriminal hadisələri müşahidə edirik”.

Aysel Aslan