"Media baxır hansı məqamda intihar hadisələrini dərc edə bilər”.
Bu barədə Sherg.az-a media intihar və kriminal xəbərlərin dərc olunması ilə bağlı danışarkən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib.
Millət vəkilinin sözlərinə görə, son zamanlar 'İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında''. Azərbaycan Respublikasının qanununa edilən dəyişikliklərdə də müzakirə edilib ki, intihar xəbərləri verilə bilər, yoxsa yox:
"Bu məsələyə birmənalı yanaşılmır. İnkişaf etmiş ölkələrdə intihar xəbərləri az verilir. Bunu Amerika, Böyük Britaniya və Fransanın təcrübəsində görürük. Məsələn, dünyada ən çox intihar hadisələri şimal ölkələrdə olur. Ancaq o ölkələrdə intihar xəbərlərini kifayət qədər az verirlər. Çünki artıq insanları intihara sürükləyən məsələlər arasında intiharla bağlı məlumatların nə dərəcədə yayılması da böyük əhəmiyyət daşıyır. Tutaq ki, kimsə evində əyləşib, psixi durumunda müəyyən problemlər var, çıxış yolu axtarır, tapa bilmir. Bu zaman televiziyada kimsə intihardan söhbət edir, müzakirə aparır. Ya da ki, intihar edən bir şəxs haqqında yazı oxuyur. İstər-istəməz həmin insan çıxış yolunu intiharda görə bilir. Psixi durumu kifayət qədər ciddidirsə, heç nə fikirləşmədən özünü pəncərədən ata bilir. Bir növ həmin görüntülər insanlarda intihara stimul verir. İnsanlar da həmin an, çıxış yolunu intiharda görür. Bu məqamlar öyrənilir.
Mütəxəssislər hesablayıblar ki, yalnız intihar xəbərləri oxuyan şəxslərin başqa xəbərlər oxuması da mütləqdir. Araşdırmalar göstərir ki, daim intiharla bağlı xəbər əldə edən insanların digərlərindən fərqi olur. Həyata baxışında, onların özlərini kollektivdə, cəmiyyətdə aparmasında, fərqlər görünür. Buna görə, həmin ölkələrdə hesab edirlər ki, intiharla bağlı xəbərlər mətbuata az getsə cəmiyyət üçün daha faydalı olar.
Digər yandan belə hadisə baş veribsə, işıqlandırmaq mümkündür. Ancaq istər-istəməz intiharla bağlı cəmiyyət çox məlumat alırsa, ayrı-ayrı insanların psixikasında fərqli durumlar yaranır. Tövsiyə olunur ki, bunlar nəzərə alınsın. Bu, beynəlxalq sənədlərdə də, bizim qəbul etdiyimiz müəyyən dəyişikliklərdə də əks olunub”.
Qeyd edək son zamanlar intihar halları və kriminal hadisələrinin sayının artması mətbuatda bu tipli xəbərlərin yer alıb-almaması məsələsini gündəmə gətirdi.
Ekspertlər isə bu barədə birmənalı rəy bildirməkdə çətinlik çəkirlər. Kimi məlum hadisələrin əsl səbəblərinin araşdırılmalı olduğunu deyib, günahı mediada görmür. Kimi sə bu halların sanki ənənəyə çevrilməsində medianın rolu olduğunu düşünür.
Ayyət Əhməd