Kılıçdaroğlu 8 seçkini uduzub

Onu partiyaya sədr gətirən qüvvə indi aradan götürmək üçün narazı kütləni hərəkətə gətirib


Türkiyədə 16 aprel referendumundan sonra ana müxalifət partiyası hesab olunan Cühmuriyyət Xalq Partiyası daxilində qeyri-müəyyənlik hökm sürür. Partiya rəhbərliyində təmsil olunan bir sıra nüfuzlu şəxslər təşkilat sədri Kamal Kılıçdaroğlunun yeritdiyi siyasətə sərt etiraz edirlər. Artıq qurumdan istefalar başlayıb.

İlk olaraq CHP-nin sədr müavini və mətbuat müşaviri Selin Sayek Böke partiyadakı vəzifəsindən istefa verib. Böke istefa səbəblərini tvitterdə belə açıqlayıb: "İctimai demokratiyanın universal prinsiplərinə inanan və Türkiyənin demokratiya yollarının bu dəyərlərdən keçdiyini düşünən siyasətçi olaraq partiya rəhbərliyinin hazırkı siyasət anlayışını qəbul etmirəm”. Təşkilatın Yalova millət vəkili Məhərrəm İncə də partiyada təcili olaraq dəyişikliklərə ehtiyac olduğunu söyləyib. TBMM-də mətbuat konfransı keçirən İncə rəhbərliyə səslənərək "lütfən, partiyamızı və ölkəmizi yormayın” deyib: "Dəyişim tələblərini qapatmağa çalışmayın. "Mən namizəd deyiləm, amma namizədi mən müəyyən edərəm” demək absurddur. Bu anlayış məğlubiyyət ruhunun mənimsənildiyini göstərir. Vəziyyət yeni bir həyəcana ehtiyac olduğunu göstərir. Dərhal fövqəladə qurultay keçirilməlidir. Partiya sədri istədiyi zaman istədiyi adamı sədr müavini edirsə, ölkə başçısına "istədiyin valiyi istədiyin zaman vəzifədən alırsan” deyə bilmərik”.

CHP-dən olan deputat Fikri Sağlar da sədr Kamal Kılıçdaroğlunu diktatorluqda ittiham edib. O deyib ki, referendum kampaniyası boyunca "tək adam” təbliğatı aparan Kılıçdaroğlunun özü partiyada "tək adama” çevrilib: 

"Artıq fədakarlıq bitdi. Bütün gəmilər yandırılıb. Bir an öncə fövqəladə qurultay keçirilməlidir. Kılıçdaroğlu partiyada diktatura qurub. 2014-cü ildə heç bir partiya strukturuna məsləhət etmədən namizəd müəyyənləşdirdi. Hansı ki, bu namizədin partiya ilə heç bir əlaqəsi yox idi. CHP lider partiyası deyil, kadr partiyasıdır. Son 10 ildə Kılıçdaroğlu qurumu lider partiyasına çevirib”. Xatırladaq ki, Fikri Sağların bu bəyanatından sonra o, partiya məclisinin qərarı ilə qurumdan xaric edilib. Kılıçdaroğlu isə televiziya proqramında çıxış edərkən "səs çıxaranları qapının önünə qoyacağını” bildirib. Məlumat üçün onu da bildirək ki, partiya liderinin qardaşı Cəlal Kılıçdaroğlu tvitter hesabında "Kamal Kılıçdaroğlunun mayın 12-də istefa verəcəyini” yazıb. Ancaq məsələ ilə bağlı CHP liderindən açıqlama gəlməyib. 

Müxalifət düşərgəsindəki durumla bağlı "Şərq”ə açıqlama verən politoloq Natiq Miri deyib ki, Cümhuriyyət Xalq Partiyasındakı narazılıqlar təkcə partiya daxilindəki etirazlarla bağlı deyil. Onun sözlərinə görə, Kamal Kılıçdaroğlunun CHP-yə başqan gəlməsi qlobal layihə idi: 

"Keçmişdə Hindistanda olmuş tanınmış lider Qandi tipində bir şəxsi ortalığa atmaqla, gözündə eynək "Qandi Kamal” formulu yaratmaqla Türkiyə ictimai mühitində ciddi rezonans doğurmaq istəyirdilər. Məqsəd isə AKP-ni hakimiyyətdən salmaq idi. Ancaq Kamal Kılıçdaroğlunun partiya sədrliyinə gətirilməsindən sonra ölkədə 8 seçki baş tutdu. Bunların hamısında Kılıçdaroğlunun rəhbərlik etdiyi CHP məğlubiyyətə uğradı. 8 seçkini uduzan Kılıçdaroğlunun yenidən sükan arxasına oturması həm daxildə, həm də Kılıçdaroğlunu hakimiyyətə gətirməyə çalışan qlobal güclərdə narazılığa səbəb olur. Zamanında Kılıçdaroğlunu sədr gətirən qüvvə indi onu aradan götürmək üçün partiyadakı narazı kütləni hərəkətə gətirir. Əgər Kılıçdaroğlu avtoritar idarəetmə ilə partiya üzvlərini hədələyirsə, yaxın zamanda CHP-də ciddi parçalanmalar ola bilər”.

İsmayıl