Gürcüstanı “gizli əl”- İvanişvili idarə edir

Prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması ölkəni Avropa məkanından uzaqlaşdırır

"Özünüzü aldatmayın, silahlı qüvvələr ölkə prezidentinə tabe olmayacaq”. Bunu Gürcüstan parlamentinin sədri, Konstitusiyaya dəyişikliklər üzrə komissiyanın rəhbəri İrakli Kobaxidze deyib.

Parlamentdə aparılan müzakirələr zamanı çıxış edən Kobaxidze bildirib ki, Gürcüstanın Prezidenti həm də Ali Baş Komandan olmalıdır. Ancaq silahlı qüvvələr Ali Baş Komandanın əmrinə tabe deyil. Xatırladaq ki, yeni konstitusiya dəyişikliklərinə əsasən ölkənin baş komandanı statusu ləğv ediləcək və prezidentin səlahiyyətləri bir qədər məhdudlaşdırılacaq. Bu dəyişikliyə ilk etiraz edən Gürcüstan Prezidenti Georgi Marqvelaşvili olub. O, prezidentin səlahiyyətlərinin azaldılmasına qarşı çıxıb: "Yeni konstitusiyaya əsasən seçilən prezidentin 2013-cü ildə nəzərdə tutulan hüquqları əlindən alınır. Ən təhlükəlisi isə odur ki, ölkənin baş komandanı olmur”. 

Bu barədə "Şərq”ə açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, bütün proseslərin başında "BozKardinal” ləqəbli Bidzina İvanaşvili durur. Ekspertin sözlərinə görə, İvanaşvili hökumətdə hansısa vəzifə tutmasa da, Gürcüstan dövlətini pərdə arxasından idarə edir: 

"Ölkənin indiki Prezidenti İvanaşvili tərəfindən irəli sürülsə də, sonradan araları soyuyub. Çünki Prezident gürcü milyarderi tənqid edib, onun komandasına daxil olmadığını söyləyib. Həmin vaxtdan etibarən Prezidentin səlahiyyətləri mütəmadi olaraq əlindən alınıb. Əslində Prezidentin simvolik də olsa, müəyyən səlahiyyətləri olmalıdır. Hətta ölkədə parlamentli idarə üsulu olsa belə, dövlət başçısına səlahiyyətlər verilməlidir. Ən əsası isə ölkə rəhbəri paralel olaraq Ali Baş Komandan olmalıdır. Dünyanın hər yerində belədir, Gürcüstanda da elə olmalıdır.

 Təəssüf ki, "boz kardinal” Prezidentə qarşı kampaniya yürütməkdə qərarlıdır. Ancaq atılan addımların hamısı yanlış və zərərlidir. Konstitusiyanın bir şəxsin iradəsinə uyğun dəyişdirilməsi və Prezidentin səlahiyyətlərinin heçə endirilməsi normal prosedur deyil. Özü də Gürcüstan Qərbə inteqrasiyaya iddialı dövlətdir. NATO-ya, Avropa Birliyinə daxil olmaq uğrunda mübarizə aparır. Belə şəraitdə rəsmi səlahiyyətləri və vəzifəsi olmayan bir şəxsin gizlicə ölkənin bütün strukturlarını idarə etməsi Gürcüstanı Avropa məkanından uzaqlaşdırır”.

İsmayıl