Avropa rahat nəfəs aldı

Özündən 24 yaş böyük müəlliminə aşiq olan adam Fransanın birinci şəxsi oldu
“Makronu başqa bir problem gözləyir. İyun ayında parlament seçkisi keçiriləcək”



Fransada keçirilən prezident seçkisinin yekun nəticələri açıqlandı. Seçkinin ikinci turunda "İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron 66 faiz səslə rəqibi Marin Le Penə qalib gəldi. Artıq Fransanın yeni rəhbərindən ilkin açıqlamalar gəlməyə başlayıb. Makron bildirib ki, onun ən yüksək posta seçilməsi ilə respublika tarixinin yeni səhifəsi açılır. Prezidentə görə, növbəti dövr yeni ümid və inam illəri olacaq.

O, Fransanın gələcəyi üçün əlindən gələni edəcəyinə söz verib: "Separatçılığa yol verməyəcəm, Fransanı, Avropanı, qitəmizi, ortaq dəyərlərimizi qoruyacam. Fransa bütün dünya ilə dost olacaq. Əziz fransalılar, ölkəmiz terrora qarşı daxildə və xaricdə mübarizə aparacaq”.

Fransanın ən gənc prezidenti - Makron kimdir?

Əgər kimsə Emmanuel Makronun prezident seçiləcəyini iki il əvvəl Paris küçələrində söyləsəydi, şübhəsiz ki, həmin şəxsə ciddi reaksiya verilməzdi. Çünki Makron indiyə qədər tanınmayan biri olub. Onun ən yadda qalan addımı maliyyə sahəsində yüksək maaşlı işdən Yelisey sarayına az maaşlı və sadə işə keçməsi idi. Ancaq Emmanuel Makron bir anda bütün Fransada məşhur oldu. Fransa iqtisadiyyatına güc verən "Makron qanunu” onu solçular və Həmkarlar İttifaqı ilə düşmən etdi. Makronun həyatı əslində ard-arda xoş təsadüflər əsasında formalaşıb. Yeni Prezident 1977-ci ildə varlı sosialist ailəsində dünyaya gəlib. Onun valideynləri həkim olublar. Makron Amen şəhərində prestijli məktəbdə oxuyub, nə siyasətçi, nə də biznes karyerası haqqında düşünüb. Yazıçı, ən pis halda isə aktyor olmaq istəyib. Makron Paris X-Nanter universitetində təhsil alıb. Bu universitet siyasi tədqiqatlar institutu və milli administrasiya məktəbidir. 1999-2001-ci illər arasında fransız filosof Pol Rikyörün köməkçisi olub. 2004-2008-ci illər arasında iqtisadiyyat nazirliyində inspektor vəzifəsini tutub. "Rothschild & Cie Banque” şirkətində investor bankir olub. 39 yaşlı Makronu uğurlu bankir adlandırırlar. 2006-cı ildə sosialistlərin cərgəsinə qoşulsa da, 2009-cu ildə partiya sıralarını tərk edib. 2012-2014-cü illər arasında Fransua Ollandın yanında baş katibin müavini işləyib. Sonradan isə iqtisadiyyat naziri təyin edilib.

Makronun özündən 24 yaş böyük "birinci xanım”ı...

Makronun prezident seçilməsi həyat yoldaşı Bricit Makronu ölkənin birinci xanımı statusuna qaldırdı. Fransa mətbuatında uzun müddətdir ki, bu cütlüyün həyatı müzakirə edilir. Bildirilir ki, Emmanuel 15 yaşı olanda özündən 24 yaş böyük müəlliməsinə aşiq olub. Bu eşq sonradan cütlüyün nikaha girməsi ilə nəticələnib. Fransanın birinci xanımını bir az yaxından tanıyaq. Bricit Makron 1953-cü ildə Amen şəhərində anadan olub. Onun ailəsi Fransanın məşhur şokolad və peçenye istehsalçısıdır. Ailənin qənnadı fabriki 1872-ci ildə qurulub və peçenyeləri ilə məşhurlaşıb. Biznes bu gün də ailəyə ildə 4 milyon avro qazandırır. Bricit atasının işini davam etdirmək istəməyib və fransız, latın dillərini öyrənərək müəllimə işləyib. Onun Makrondan əvvəlki ərindən övladları və nəvələri var. Yəni Bricit hazırda xoşbəxt nənədir. Onun 7 nəvəsi var. İndi Bricit özünü ərinin siyasi karyerasına həsr edib. Dəfələrlə siyasi çıxışları üçün mətnlər yazıb. Amma özü siyasətə qoşulmaq fikrində deyil.

Makron sərgilədiyi mövqenin arxasında duracaq,yoxsa yeni xətt seçəcək?

Emmanuel Makronu "fransız qadınlarının arzusu” adlandırırlar. O, siyasət üçün olduqca gənc və yaraşıqlıdır. Amma seçiciləri cəlb edən onun təkcə xarici görünüşü yox, həm də siyasi proqramlarıdır. Makron vergiləri azaldacağına, işsizliklə mübarizə aparacağına, təhsilə sərmayə qoyacağına və təhlükəsizliyi möhkəmləndirəcəyinə söz verib. Buna baxmayaraq, onun prezidentliyi dövründə Fransanın daxili və xarici siyasətinin necə müəyyənləşdiriləcəyi böyük maraq doğurur. Bu xüsusda hələ seçkidən öncə gərginləşən Makron-Türkiyə münasibətlərinin necə olacağı da diqqət çəkir. Bununla belə Makronun keçmişdə verdiyi açıqlamalara istinadən münasibətlərin necə qurulacağına dair müəyyən qənaətə gəlmək mümkündür. Məsələn, Türkiyədə keçirilən 16 aprel referendumu öncəsi rəsmi Ankara ilə Avropa dövlətləri arasında yaranan böhrana Makron çox sərt mövqe bildirərək Türkiyəni tənqid edib. Makronun 1915-ci il hadisələrinin 102-ci ildönümü ilə bağlı verdiyi açıqlamaları da Türkiyədə böyük təpkilərə səbəb olub.

Putindən Makrona "yanaşı addımlamaq” təklifi...

Rusiya Prezidenti Vladimir Putin prezident seçkisinin qalibi Emmanuel Makronu iki ölkə arasında beynəlxalq sabitliyin təminatı üçün səyləri birləşdirməyə çağırıb.
Fransanın yeni liderini teleqram vasitəsilə təbrik edən Putin "Fransa vətəndaşlarının etimadını doğruldacağınıza ümid edirik” deyib: "Siz bütün dünya üçün çətin bir dövrdə Fransaya liderlik etmək üçün xalq tərəfindən seçildiniz. Terrorizmlə mübarizələrdə ölkədaxili və xarici regionlarda təhlükəsizliyin tam təmin olunması istiqamətində güclərimizi birləşdirməyi təklif edirəm”.

"Makron Avropa İttifaqı daxilində mərkəzdən qaçma meyillərini zəiflətməyə çalışacaq”

Fransanın yeni prezidenti ilə bağlı "Şərq”ə danışan politoloq Elxan Şahinoğlu deyib ki, indiki məqamda Makronun qələbəsi Avropa Birliyinə qarşı olan siyasi qüvvələrin məğlubiyyəti sayıla bilər: 

"Digər namizəd Le Pen vəd vermişdi ki, əgər prezident seçilsə, Böyük Britaniyada olduğu kimi Fransada da Avropa Birliyində qalıb-qalmamaqla bağlı referendum keçirəcək. Ancaq Fransada Avropanın bütövlüyünü təmin edən qüvvələr qələbə çaldılar. Makron Almaniya kansleri Angela Merkellə sıx əməkdaşlıq quracağını vəd edib. Çünki Avropa Birliyinin iki əsas dövləti var - Almaniya və Fransa. Bu ölkələr Birliyin lokomotiv gücləri sayılır. Fikrimcə, Makron Avropa İttifaqı daxilində mərkəzdən qaçma meyillərini zəiflətməyə çalışacaq. Amma Makronu başqa bir problem gözləyir. İyun ayında parlament seçkisi keçiriləcək. Prezidentin hərəkatında təmsil olunanlar parlamentdə çoxluq əldə etməlidirlər ki, baş nazir müxalifətdən olmasın. Müxalif Baş nazir Avropa Birliyi əleyhinə təbliğat aparacaq. Bu isə Makronun işini çətinləşdirəcək”. 

Ekspertin sözlərinə görə, Makronun Rusiya ilə necə münasibət quracağı bəllidir: 

"O, bəyan edib ki, Moskvaya qarşı əvvəlki sanksiyalar davam edəcək və ABŞ-la yaxınlıq siyasəti yürüdüləcək. Məlumdur ki, Rusiya Le Penin prezident seçilməsi üçün çox çalışırdı. Çünki Le Pen Rusiyaya qarşı sanksiyaların ləğvini və Krımın Rusiya ərazisi kimi tanınmasını vəd etmişdi. Makron isə bu düşüncələrdən uzaqdır. O ki qaldı Türkiyəyə, bilirsiz, Fransada hakimiyyətə gələn bütün rəhbərlər anti-Türkiyə mövqeyində dayanırlar. Zənn etmirəm ki, Makron sələflərindən fərqli siyasət yeridəcək. Çünki Türkiyəyə olan mənfi münasibət təkcə Fransa ilə bağlı deyil, bütün Avropa məkanında eyni mövqe hakimdir”.

İsmayıl