Ölümü yazanlar... Akademik intiharların artmasının bir səbəbini də ədəbiyyata bağlayır

Tural Turan: “Çevrə və şəxsi həyat intihar qoxuyursa, cəmiyyət intihar bunalımı yaşayırsa, şair yaşamaq eşqini necə tərənnüm edə bilər?!”Əsəd Cahangir: “Şairlərin öz şeirlərini nikbin ruhda yazması üçün onların minimum həyat şərtlərini ödəyəcək qədər gəlirləri, daimi işləri, evləri olmalı, kitablarını dərc etmək imkanları olmalıdır”
(Əvvəli. burda)
http://www.sherg.az/site/id-30653/%3Cfont_color=red%3E_%C3%96l%C3%BCm%C3%BC_yazanlar...%3C/font%3E_Akademik_intiharlar%C4%B1n_artmas%C4%B1n%C4%B1n_bir_s%C9%99b%C9%99bini_d%C9%99_%C9%99d%C9%99biyyata_ba%C4%9Flay%C4%B1r#.WRDV7NKLSM8
İnsanın intihar etməsinin dinə, şəriətə görə də, ümumi insanlıq nöqteyi-nəzərindən də düzgün olmadığını deyən millət vəkili, professor Nizami Cəfərov "Şərq”ə açıqlamasında intihar hadisələrinin artmasının bir səbəbini də ədəbiyyatla bağlayıb. İntiharın hər şeydə son hədd olduğunu qeyd edən professora görə, bu daha çox gənclərdə, yeniyetmələrdə, emosional insanlarda özünü göstərir.
Bəzi yaradıcı gənclərin şeirlərini, yazılarını oxuduqda intihara meyl gördüyünü deyən millət vəkilinin sözlərinə görə, bunu hətta şəxsiyyətin həyatının ayrılmaz hissəsi kimi təqdim etmə meyillər də var: "Bu, ədəbiyyatın özünə də istər-istəməz təsir edir. Müsbət hal deyil. Ona görə, əslində gərək gənc də olsalar, yazıçılarımız, şairlərimiz, mütəfəkkirlərimiz yaşamağı təbliğ etməlidirlər”.
Sözsüz ki, insanın nəyə görə, hansı səbəblərdən intihara əl atdığını müəyyən etmək çox çətindi. Hətta bir çox hallarda bunu müəyyən etmək mümkünsüzdür. Ancaq ədəbiyyatda intiharın təzahürləri incələndiyi zaman üzdə müxtəlif problemlərlə qarşılaşsaq da, əslində məsələnin əsli varlıq problemlərinə, dəyərlərlə cəmiyyətin reallıqlarının toqquşmasına, obrazın müəyyən bir çıxış yolunun tapmamasına və s. səbəblərə qədər gedib çıxır.
Maddi sıxıntı başqa mövzuya toxunmağa imkan vermir
Gənc şair Tural Turan isə hesab edir ki, gənclər hayatın içində olduqları üçün elə yaşadıqları dövrü qələmə alır: "Çevrə və şəxsi həyat intihar qoxuyursa, cəmiyyət intihar bunalımı yaşayırsa, şair yaşamaq eşqini necə tərənnüm edə bilər?!
Bu gün gənc şairlərin əksəriyyəti ev, iş tapmaq problemi yaşayır. Nizami Cəfərov bu məsələdə haqlı deyil. Onlarla istedadlı yazar adı çəkə bilərəm ki, evsizdir deyə aldığı qonorarları kirayələrə xərcləyir. Maddi vəziyyətin ağırlığı ucbatından evlənə bilmirlər. AYB-nin xətti ilə verilən təqaüdlər də məhdud sayda yazarı əhatə edir.
Jurnalistlər evlə təmin edildiyi kimi arxasız, kimsəsi olmayan istedadlı qələm sahiblərinə də ev verilsə, yaxşı olar. Bəlkə o zaman maddi durumlarımız nisbətən düzələr və ədəbiyyatın mövzusu dəyişər. Maddi sıxıntı başqa mövzuya toxunmağa imkan vermir”.
Ədəbiyyat gənclərin yaşamasına kömək etmək əvəzinə çiyinlərində ağır bir yükə çevrilib
Və sonda keçirdiyimiz sorğu ilə bağlı yekun nəticə əldə etmək üçün tanınmış tənqidçi Əsəd Cahangirin məsələyə yanaşmasını öyrəndik. Məlum oldu ki, gənc yazarların şeirlərində intihara, bədbinliyə meyilliliyin artmasının səbəbi iqtisadi-sosial çətinliklər, məişət qayğılarıdır: 
"Nizami müəllim çox dərin təfəkkürə sahib biridir. Dediyi fikirlər də çox gözəldir. Əslində elə onun istəyi ilə bizim arzularımız üst-üstə düşür. Biz də arzulayırıq ki, gənclərin şeirlərində həyat eşqi, yaşamaq həvəsi özünü büruzə versin, nikbin notlarda olan şeirlər yazsınlar. Ancaq təəssüflər olsun ki, bizim arzularımızla gerçəklik arasında dağlar qədər fərq var”.
Gənc şairlərin intihardan yazmasının, ölümə meyilli olmasının obyektiv və subyektiv səbəbləri olduğunu vurğulayan Əsəd Cahangirə görə, zəif iradəli, həyat eşqi olmayan, əziyyət çəkmədən, ortaya bir ciddi ədəbiyyat nümunəsi qoymadan hazıra nazir olmaq istəyən, bu mümkün olmayanda da ruhdan düşən gənclərimiz var, o bunu inkar etmir: "Ancaq obyektiv səbəblər üzündən pessimizmə qapılan şairlərin sayı daha çoxdur. Şairlərin öz şeirlərini nikbin ruhda yazması üçün onların minimum həyat şərtlərini ödəyəcək qədər gəlirləri, daimi işləri, evləri olmalı, kitablarını dərc etmək imkanları olmalıdır. Gəlin, görək neçə gənc sadaladığımız bu şeylərə sahibdir. Bizim gənclərin şəxsi həyatı ilə yaradıcılığı uzlaşmır. Ədəbiyyat onların yaşamasına kömək etmək əvəzinə, çiyinlərində ağır bir yükə çevrilib. Bu qədər problemlər fonunda gənclərimiz yenə də ədəbiyyatdan üz döndərmir. Nəticədə isə Əli aşından da olurlar, Vəli aşından da. Bir il əvvəl "Ölüm-dirim " adlı yazı yazmışdım. Həmin yazıda ədəbiyyatdakı ölüm əhval-ruhiyyəsini geniş şəkildə təhlil edib, səbəblərini göstərmişdim. Mən də istəyərəm ki, bütün çətinliklərə rəğmən gənclərimiz inamını və nikbinliyini itirməsin, ancaq şeirlərindən qəm-kədər yağan şairləri də qınaya bilmirəm. Bəzən yaşadığı problemlər fonunda insanın öz ruhunu qoruması mümkün olmur. Nəticədə isə ümidsizlik poeziyası, ölüm ədəbiyyatı yaranır. Hətta yaşadıqları sarsıntını sadəcə yazmaqla üzərindən ata bilməyənlər birbaşa intihara əl atır”.
Gənclərə aylıq təqaüd adı altında pul verməkdənsə, onlara iş vermək lazımdır ki, o pulu özləri qazansın
Sosial problemlərin gənc yazarların həyatına mənfi təsir etdiyini vurğulayan tənqidçi hesab edir ki, bu təsir də ədəbiyyatdan yan keçmir: "Çox istedadlı bir tələbəm var, Emin Akif. İşsizlik onun üçün çox ciddi problemlərə yol açır, bunu hiss edirəm, amma kömək edə bilmirəm. Eminin timsalında görürəm ki, gənclərin böyük bir qismi eyni problemlərlə üzləşir. Ədəbiyyata rəhbərlik edən şəxslər, səlahiyyətli qurumlar gənclərin işsizlik probleminin həlli istiqamətində ciddi addım atılmalı, müəyyən layihələr həyata keçirilməlidir. Bizim sözümüzü yuxarılara çatdıran bir adam olmalıdır. Bizim sözümüz özümüzdən yuxarılara çatmadığı üçün mövcud problemlər gənclərin istedadını boğur, onlar özlərini atılmış və kimsəsiz hiss edirlər. Bu həyat dalğaların coşub-daşdığı bir dəryadır. Bu dəryada yaşamaq üçün də insanlara bir dayaq nöqtəsi lazımdır. Heç olmasa, ona təkan olacaq bir saman çöpü olmalıdır. İnsan o zaman intihar edir ki, həmin o saman çöpü də əlindən çıxıb, dəryada gözdən itir. Bizim ölkəmizin sahib olduğu sərvətlərdən, nemətlərdən istedadlı gənclərə də pay düşməlidir. Məqsədim kimlərisə ittiham etmək deyil, amma aidiyyəti qurumlar öz üzərlərinə düşən vəzifəni yerinə yetirsə, intihar edən yazara, nə də intiharı təbliğ edən şairə rast gələrik. Ədəbiyyatımız ölüm-dirim mübarizəsi aparır. Digər yaradıcılıq sahələrinin nümayəndələri arasında intihar edənlərə çox nadir hallarda rast gəlirik, ədəbiyyatda isə az qala bu proses kütləviləşməyə başlayıb. Bu da ondan qaynaqlanır ki, ədəbiyyat adamları diqqətdən, qayğıdan kənarda qalıblar. Dövlətlə istedadlı yazarlar arasında körpü yaradacaq layihələrə olduqca ciddi ehtiyac var. Hər bir şair ayrı- ayrılıqda problemini müvafiq şəxslər, qurumlar qarşısında qaldıra bilmir. Elə bir proqram olmalıdır ki, kompleks şəkildə istedadlı şairlə şamil olunsun. Qayğıya ehtiyacı olan istedadlı yazarlar seçilməli və onların iş, mənzil probleminin həllinə kömək edilməlidir. Gənclərə ayda 200 manat olmaqla bir il ərzində 2400 manat verilir. Ayda 200 manat onların çörək puluna və aclarından ölməməsinə bəs edir. Bəs sonra? Gənclərə aylıq təqaüd adı altında pul verməkdənsə, onlara iş vermək lazımdır ki, o pulu özləri qazansın”.
Şəymən