Vətəndaş borcunu ödəməkdə çətinlik çəkir

Ziddiyyətlərin aradan qaldırılmasının əsas yollarından biri xarici valyuta ilə olan kreditlərə güzəştin verilməsidir


Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bank sahəsi ilə bağlı həm məhkəmələrin, həm də ombudsmanın müraciətləri olduğunu deyib. Onun sözlərinə görə, bu gün bank sahəsində bir sıra ziddiyyətli məsələlər var.

"Biz artıq bir neçə işə baxıb, qərar qəbul etmişik. Hazırda icraatda olan işlər var. Güman ki, bu məsələlərə aydınlıq gətirəcəyik”.

Məlumdur ki, banklarda olan ziddiyyətlərin əksəriyyəti məhz problemli kreditlərlə əlaqədardır. Görəsən, Konstitusiya Məhkəməsinin məsələni nəzarətə götürməsi mövcud ziddiyyətlərin aradan qaldırılmasına kömək edə bilərmi? 

Məsələni dəyərləndirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bank sektorundan olan ziddiyyətlərin çoxu xarici valyuta ilə götürülən kreditlərlə bağlıdır. Nəzərə alsaq ki, 2015-ci ilin may ayında xarici valyuta ilə götürülən kreditlərlə bağlı Konstitusiya Məhkəməsi ödənişlərin edildiyi kursla həyata keçirilməsini qəbul etdi: 

"Nəticə etibarı ilə bu qərar vətəndaşların bir qisminin ödəmə qabiliyyətinə təsir göstərdi, çünki onlar ödəmə etməkdə müəyyən çətinliklərlə qarşılaşdılar və manatla aldıqları kreditlərə görə daha çox ödəniş etmək məcburiyyətində qaldılar. Çünki ödəniş manatladır, amma kredit dollarla əvəzlənib və nəticədə vətəndaş nə qədər ödəsə belə, əsas məbləği ödəyib başa çatmaqda çətinlik çəkir. Bank sektorunda olan ziddiyyətlərin aradan qaldırılmasının əsas yollarından biri xarici valyuta ilə olan kreditlərə güzəştin verilməsidir. Xarici valyuta olan kreditlərə güzəştlər verilərsə, bu ziddiyyətlərin xeyli dərəcədə aradan qaldırılmasına gətirib çıxara bilər. Əgər güzəştlər olunarsa, bu imkan verəcək ki, vətəndaşlarımız həm müəyyən ödənişlərdən azad ola bilsinlər, həm də bütünlükdə bank sektorunun linqvistikliyini artırmaq mümkün olsun. Düşünürəm ki, burada dövlətin rolu və təsiri kifayət qədər güclüdür, indiki məqamda xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi yolu ilə prosesin tənizimlənməsinə və ziddiyyətlərin aradan qaldırılmasına nail olmaq mümkündür”.

Yeganə Bayramova