Aksiyaçılar Leninin “başı” ilə futbol oynayıblar

Heykəlin uçurulmasına görə isə məsuliyyəti “Svaboda” partiyası öz üzərinə götürüb

Ukraynada Leninin heykəlini uçuranlar məlum olub. ANS-in bölgədəki müxbirinin verdiyi xəbərə görə bu hərəkət üçün "Svaboda” partiyası məsuliyyəti öz üzərinə götürüb. Hadisə ilə bağlı artıq Ukrayna polisi cinayət işi açıb.

Xatırladaq ki, 1946-cı ildə Kreşatnik küçəsindəki Bessarabiya meydanında qoyulan Lenin heykəli ötən axşam bir qrup etirazçı tərəfindən uçurulub. Heykəli çəkiclə hissələrə ayıran aksiyaçılar bunu bir qələbə kimi qeyd ediblər. Daha sonra Leninin heykəlinin başı avtomobilə qoyularaq ərazidən uzaqlaşdırılıb. ANS müxbirinin bu istiqamətdə sualına cavab verən aksiyaçılardan biri Leninin başını "Azadlıq” meydanına apardıqlarını və onunla futbol oynayacaqlarını deyib. Hündürlüyü 4 metr olan heykəlin yerində, hazırda Avropa İttifaqının Ukraynanın və İnqilabın rəmzi olan bayraq asılıb. Bundan başqa "Sovet işğalına və Totalitar keşmişə son” sözləri yazılaraq yapışdırılıb.