Ancaq Moskvanın dəyişməz hədəflərinin Tramp administrasiyasının planları ilə üst-üstə düşdüyü bəlli deyil
“Ukrayna Rusiya ərazilərinə zərbələr endirsə də, faktiki olaraq öz ərazilərindəki cəbhə xətlərini dəyişməyə nail olmayıb”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Rusiya-Ukrayna müharibəsi, tərəflər arasında gözlənilən danışıqlar prosesini dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov deyib.
Ukrayna qoşunlarında canlı qüvvə çatışmazlığının hökm sürdüyünü vurğulayan ekspert deyib ki, Ukraynaya verilən silahlar Rusiyanın aşkar hərbi üstünlükləri qarşısında tarazlıq yarada bilmir. A.Kərimov həmçinin qeyd edib ki, Ukrayna döyüşləri yenidən qruplaşdırmaq və yeniləmək üçün Rusiyanın müdafiə istehkamlarını yarmaq potensialından uzaqlaşır.
Mümkün danışıqlara toxunan siyasi ekspert bildirib ki, Ukraynada da, Rusiyada danışıqlara dair fikir ayrılıqları hökm sürür: “Bunların fonunda yayılan bir neçə informasiya mümkün müzakirələrin əhatə dairəsini təsvir etməyə şərait yaradır.
Belə ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanı təcrid etmək və NATO-nu zəiflətmək üçün müharibədən əvvəlki maksimalist tələblərini saxlayır.
Putin Ukraynada müharibənin dayandırılması ilə bağlı Qərb liderləri ilə istənilən mümkün danışıqlarda bu tələbləri yerinə yetirməyi hədəfləyir.
“Financial Times” Kremlin keçmiş yüksək rütbəli rəsmisinə və Putinlə bu mövzunu müzakirə edən başqa mənbəyə istinadən yazıb ki, Putin Ukraynanın NATO-ya üzvlüyünə mane olmaq kimi müharibədən əvvəlki tələblərini davam etdirəcək. Kiyev istənilən nizamlanmanın mərkəzində atəşkəsə nəzarət oluna biləcəyinə dair qısamüddətli təminatlar almaqla daha uzunmüddətli təminatlar dayanan xətlərlə danışıqlara getməyə çalışır. Donald Trampın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq keçən həftə 100 gün ərzində münaqişənin həlli üçün möhkəm və davamlı həll yolu tapacağına ümid etdiyini bildirib. Ukraynanın bu şərtlərlə qismən razı olduğunu demək mümkündür, lakin Moskvanın dəyişməz hədəflərinin Tramp administrasiyasının planları ilə necə üst-üstə düşdüyü bəlli deyil”.
A.Kərimov hesab edir ki, Ukraynanın taleyi Tramp-Putin danışıqlarının nəticəsində daha proqnozlaşdırıla bilən xarakterdə olacaq.