Qoruyucu maskaları yoxdur

Paytaxtda çalışan fəhlələr böyük risk altındadır



Şəhərdə aparılan tikinti-abadlıq işlərində normaların pozulması adi hala çevrilib. Tikinti işləri zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması, ətraf mühitin çirkləndirilməsi, şəhər sakinlərinin rahatlığının, dincliyinin pozulması ilə tez-tez rastlaşırıq.

Xüsusən də binaların fasadının ağardılması, binalara üzlük vurulması zamanı toz-duman ətrafı bürüyür. Hazırda belə dəhşətli vəziyyət Elmlər Akademiyası ərazisində yaşanır. Məlumdur ki, burada həm Milli Elmlər Akademiyası Milli Ensiklopediya binasının tikintisi, həm də Texniki Universitetinin abadlaşdırılması işləri gedir. Xeyli müddət Ensiklopediyanın inzibati binasının tikintisindən ağ toz-dumanı göyə qalxdı. Hər gün oradan nə qədər müəllim-tələbə, sıravi vətəndaşlar keçib gedirdi. Sakinlər bu tozu uzun müddət ciyərlərinə çəkmək məcburiyyətində qaldılar. İndi də Texniki Universitetin fasadı üzlük daşı ilə üzlənir. Səhər saatlarından etibarən fəhlələr işə başlayır, toz-duman ətrafa yayılır. Güləkli havalarda durum lap kəskinləşir. Yoldan keçib gedənlər yenə də əlləri ilə ağız-burunlarını tuturlar. Yuxarıda daş yonan fəhlələrinsə qoruyucu maskası, respiratorları olmadığı aydın görünür. Belə ağır toz qatı altında çalışanların nəfəs borusu, ağ ciyərləri, görəsən, gün ərzində nə qədər zərərli toz qəbul edir? Fəhlələri bu şəraitdə işləməyə vadar edən kimlərdir?

Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla "Şərq”ə açıqlamasında qeyd etdi ki, tikinti-abadlıq işlərinin insanların, orada çalışan fəhlələrin sağlamlığına dəyə biləcək ziyan minimuma endirilməlidir. Bunun çox sadə üsulları var:

- Məlumdur ki, Bakı küləkli şəhərdir. Burada azacıq toz qatı güclü külək sayəsində burulğan effekti yaradır. Külək tozu sürətlə ətrafa yayır. Ona görə də böyük tikintilər, qazma işləri aparılarkən, bu, nəzərə alınmalıdır. Mən Moskvaya səfərlərim zamanı müşahidə etmişəm ki, orada binaların fasadı təmizlənərkən, hansısa böyük bir tikinti aparılarkən binaların fasadına, tikinti aparılan yer, germetikliyi təmin edən xüsusi materiallarla əhatələnir, binaların fasadına xüsusi örtük çəkilir ki, həm oradakı toz qatı ətrafa yayılmasın, həm də keçib-gedən insanların təhlükəsizliyi təmin edilsin deyə. Təəssüf ki, biz Bakıda nadir hallarda bunun şahidi oluruq. Binaların fasadı təmizlənir, daşların tozu, çirki camaatın üstünə-başına tökülür. Bundan da dəhşətlisi, üstəlik bu toz qatı insanların nəfəs borusuna gedir, ətrafdakı ağacların, bitki örtüyünün üstünə hopur. Bu şəraitdə fəhlələr də böyük risk altındadır. Bütün iş günü onlar bu zərərli tozu udurlar. Fəhlələrin nə qoruyucu maskası var, nə xüsusi geyimləri. Daş yonan fəhlələrə mütləq respiratorlar paylanmalıdır, ağızlarını qapamalıdırlar, gözlərinə xüsusi qoruyucu eynək taxmalıdırlar. Bunlar olmadan çalışmaq çox təhlükəlidir. Bu, tikintidə təhlükəsizlik normalarının kobud pozuntusudur. Tikinti materialları xüsusən zərərlidir. Məlumdur ki, bir sıra tikinti materiallarının tərkibində azbest deyilən zərərli maddə var. Bu da insan orqanizmi üçün təhlükəlidir. Digər yandan, Bakı neft şəhəri olduğundan onsuz da havası çirklidir. Havada müxtəlif konserogen maddələr var ki, xərçəng xəstəliyi yarada bilər. Hesablamalara görə, 1 kub.metr havada 1 nano miqdarında benzotrenin olması 100.000 nəfərdən 18-nin ağ ciyər xərçənginə tutulma ehtimalı yaradır. Nəhəng tikinti aparılan ərazilər gediş-gəliş üçün bağlanmalıdır, avtomobillərə alternativ yollar təklif edilməlidir. Küləkli havada tozlu işlər görülməməlidir. Belə vəziyyətdə əhaliyə tövsiyəmiz budur ki, küçəyə çıxarkən respiratorlardan, ya da heç olmasa, adi tibbi maskalardan istifadə etsinlər, sağlamlıqlarının qayğısına qalsınlar. Fəhlələr də iş icraçısından qoruyucu maskalar, geyimlər tələb etməlidir. Min-bir əziyyətlə qazandıqları pulu sabah dərmana, iynəyə verəcəklər. Sağlamlıqlarının qayğısına qalsınlar.