“Səfərbər olunmalıyıq”

Bəxtiyar Hacıyev: “Ukraynadakı hadisələrin nəticəsindən asılı olaraq, Rusiyanın Azərbaycana təzyiqlərinin miqyası və formaları dəyişə bilər”



Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiativ saziş layihəsinə imza atmaqdan imtina etməsi ilə başlayan etiraz dalğası bütün ölkəni bürüyüb. Müxalifət fraksiyası rəhbərlərinin insanları kütləvi şəkildə aksiyalara çağırması vəziyyəti daha da kritik həddə çatdırıb. Küçə nümayişlərinin açıq aqressiyaya keçdiklərini və dövlət qurumlarının işinə mane olduqlarını deyən baş prokuror Viktor Pşonka nümayişçiləri hakimiyyəti özündən çıxarmamağa çağırıb.

Daxili Qoşunların əsgərləri Prezident Administrasiyasının ətrafında etirazçıların barrikadalarını mühasirəyə alıblar. Küçə boyunca cərgəyə düzülən əsgərlər piyadalar üçün sadəcə kiçik bir keçid qoyublar. Daxili Qoşunlar və "Berkut”un mindən çox əməkdaşı Avromeydan istiqamətində qurulan çadır şəhərciyinə sığınmış etirazçıları oradan zorla çıxarıblar. Vəziyyətin çətinliyini dərk edən prezident Viktor Yanukoviç özündən əvvəlki üç prezidentlə görüşərək yaranmış vəziyyətdən çıxış yollarını müzakirə ediblər. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton yaranmış gərgin vəziyyətlə əlaqədar Ukraynaya gəliblər. Avropa Komissiyasının sədri Joze Manuel Barrozo bəyan edib ki, AB bu çətin məqamda Ukrayna xalqının tərəfində olmaq hüququna və öhdəliyinə malikdir.

Avrointeqrasiya məsələsi üzündən Ukraynanın düşdüyü vəziyyəti, Rusiyanın region ölkələrinə təsirini və digər siyasi prosesləri "Şərq”ə şərh edən gənc politoloq, qərb dünyasına yaxından bələd olan Bəxtiyar Hacıyev mövzu ilə bağlı suallarımızı cavablandırıb.

- Ukrayna əhalisinin böyük əksəriyyəti həqiqətən avrointeqrasiya tərəfdarıdır, yoxsa hazırda ölkədə yaşanan gərginliyin arxasında maraqlı siyasi qüvvələr var?

- Hər hansı bir hadisənin əhəmiyyətini azaltmaq üçün hər zaman "arxasında maraqlı qüvvələr var”, "xarici qara qüvvələr ölkəni qarışdırır” demək olar. Lakin Ukraynada dondurucu havaya baxmayaraq, polis zorakılığına, xəsarət almaq təhlükəsinə məhəl qoymayaraq milyonlarla insan gecə-gündüz Müstəqillik Meydanında qalırsa, bu, Ukrayna xalqının öz gələcəyini Avropada görməsinin açıq göstəricisidir. Bundan əlavə, son 10 ildə Ukraynada siyasi partiyalar, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin nümayəndələri ardıcıl təbliğat, maarifləndirmə işləri aparıblar. Bu gün edilən etirazlar məhz həmin sistemli işin bir hissəsidir. Eyni zamanda, Ukraynada əhəmiyyətli iş adamları da prosesə öz dəstəyini verir, bu isə çox vacib faktordur.

- Artan etirazlar kənar qüvvələrin də təsiri ilə ölkədə siyasi dəyişikliyə səbəb ola bilərmi?

- Əgər kənar qüvvələrin heç bir müdaxiləsi olmasa, hadisələr hakimiyyət dəyişikliyinə çıxara bilər. Amma Rusiyanın timsalında kənar qüvvələr prosesin qarşısını zorla və digər yollarla ala bilərlər. İstənilən halda, Ukrayna xalqı öz iradəsini ortaya qoyub. Kənar müdaxilələrlə prosesi yalnız ləngitmək, uzatmaq olar. Uzun müddətdə olsa, Ukrayna xalqı Avropa ailəsinin bir üzvü olacaq.

- Etirazlar səngimədiyi təqdirdə Rusiyanın Ukraynaya hansısa şəkildə müdaxiləsi gözlənilirmi?

- Ukrayna Avropa İttifaqı ilə Rusiya arasında siyasi mübarizənin qalası, təmas nöqtəsidir. Həm Rusiya, həm də Avropa İttifaqı Ukraynadan qalib çıxmaq üçün bacardıqlarını edəcəklər. Lakin Avropa İttifaqının yumşaq güc kimi istifadə etdiyi alətlərdən, fərqli olaraq, Rusiyanın təzyiq və təsir imkanları daha çoxdur. Rusiya bu imkanlardan, alətlərdən daha çevik istifadə edə bilir. Əgər Avropa İttifaqında hər hansı bir dəstək və ya müdaxilə qərarının verilməsi ən yaxşı halda bir neçə gün, adi hallarda isə bir neçə həftə çəkirsə, Rusiyanın müdaxilə qərarı bir neçə saat ərzində verilə və icra oluna bilər. Avtoritar ölkələrin məhz bu çevikliyi bir çox hallarda onların xeyrinə işləyir.

- Ukraynadakı narazılıqların digər MDB ölkələrinə sıçraması nə dərəcədə realdır?

- Bu, real deyil. Çünki Ukraynadan başqa digər MDB ölkələri bu və ya digər formada öz seçimlərini ediblər. Lakin Ukraynadakı hadisələrin nəticəsindən asılı olaraq Avropa İttifaqı da, Rusiya da növbəti hədəf olaraq Azərbaycanı görə bilərlər. Çünki Azərbaycan da hələ ki, açıq mövqe ortaya qoymayıb. Rusiya Azərbaycanı müxtəlif təzyiqlərlə Gömrük İttifaqına üzv etməyə cəhd etsə, bu zaman Azərbaycan xalqının reaksiyasından asılı olaraq, Avropa İttifaqı da mövqe nümayiş etdirə bilər.

- Ukrayna cəmiyyətlərindən fərqli cəmiyyətlərdə bu cür etiraz dalğasının yaranması mümkündürmü? Məsələn, Ermənistan kimi ölkələrdə...

- Ermənistanda bu hadisələr yalnız kənar qüvvələrin təşkilatçılığı və dəstəyi ilə mümkün ola bilər. Ermənistan artıq uzun illərdir ki, Rusiyanın forpostu olmağı qəbul edib. Ermənistanın uzun illər ciddi bir etiraz etməməsi, yalnız son zamanlar bir neçə kiçik etirazların təşkil olunması onu göstərir ki, Ukraynadakı kimi böyük miqyaslı etirazlar Ermənistan kimi ölkələrə yayılmayacaq.

- Azərbaycan belə bir vəziyyətlə üzləşməkdən sığortalanıbmı?

- Təbii ki, yox. Azərbaycan Rusiyanın təzyiqləri ilə üzləşir və üzləşəcək. Hətta Ukraynadakı hadisələrin nəticəsindən asılı olaraq, bu təzyiqlərin miqyası və formaları da dəyişə bilər. Məhz buna görə də, Azərbaycanda Avrointeqrasiya tərəfdarı olan siyasi qüvvələr, iş adamları, vətəndaş cəmiyyəti təmsilçiləri çox açıq şəkildə mövqe ifadə etməli, insanları səfərbər etməlidirlər. Bu, həm də Rusiyanın təzyiqləri qarşısında dayana bilmək üçün Azərbaycan dövlətinə lazım ola bilər. Əks halda, əhalinin etirazları ilə qarşılaşmayan hakimiyyətə Rusiya daha asanlıqla təzyiq edə bilər.

- Konkret olaraq qərbyönümlü addım atan Gürcüstan və Moldova dövlətləri üçün "Rusiya” təhlükəsi nə qədər ciddidir?

- Düşünürəm ki, artıq öz seçimlərini etmiş Gürcüstan və Moldova Rusiya üçün itirilmiş dövlətlərdir. Rusiya rəsmiləri anlamalıdırlar ki, qərbyönümlü insanlar, Avrointeqrasiya tərəfdarları heç də Rusiyaya, rus xalqına qarşı deyillər. Sadəcə olaraq onlar öz ölkələrinin təhsil, texnologiya, səhiyyə, insan hüquq və azadlıqlarına hörmət, şəffaflıq, inkişaf və s. baxımından o qədər cazibədar olmasına çalışmalıdırlar ki, digər dövlətlər də, insanlar da Avropaya yox, Rusiyaya üz tutsunlar. Təəssüf ki, Rusiya rəsmiləri bu barədə düşünmək əvəzinə, təzyiqlər yolu ilə dövlətləri özlərinə cəlb etmək istəyirlər. Bu isə indiki dövrdə mümkün deyil.