31 dekabrda əfv gözlənilir

Hüquq müdafiəçiləri ad çəkib, ailələri həyəcanlandırmaq istəmir



Artıq uzun illərdir ki, bayramlar ərəfəsində bir qayda olaraq azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı əfv fərmanı və ya sərəncamı imzalanır. Bu mövzu qarşıdan gələn 31 Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il əlaqədar daha da aktuallaşıb. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı parlament seçkilərindən sonra gözlənilən əfv sərəncamı ilə bağlı növbəti açıqlama verib.

O bildirib ki, işçi qrupu bütün işləri yekunlaşdırıb: "Parlament seçkilərindən sonra İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası nəzərdə tutulub. Həmin iclasda bir sıra məsələlər müzakirə olunacaq. Prezident yanında Əfv Məsələləri Komissiyası da mütəmadi işləyir. Məlum olduğu kimi, əfvin verilməsi birbaşa Prezident İlham Əliyevin səlahiyyətindədir. Düşünürəm ki, 31 dekabra qədər əfvlə bağlı sərəncam imzalanacaq”.

 Digər hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da əfvlə bağlı gözləntilərini bölüşüb:

 "İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu mütəmadi toplaşır, yalnız əfv məsələsi deyil, eyni zamanda ölkədə insan hüquqları ilə bağlı problemlər də müzakirə edilir. Nəticələr barədə müvafiq qurumlara məktublar göndərilir. Düşünürəm ki, Prezident yanında Əfv Məsələləri Komissiyası da yığışmalıdır. Əfvlə bağlı hələ may ayından müzakirələr aparıb bütün sənədləri həmin komissiyaya təqdim etmişik. Elə insanlar var ki, onlar özü əfv olunması üçün ərizə yazmasa da, biz xahiş etmişik. Müzakirələr zamanı qərara gəlmişik ki, hər dəfə əfv sərəncamının verilməsi ərəfəsində məhbusların adını çəkməyək. Çünki ailə üzvləri böyük həyəcan keçirir. Bunları nəzərə almaq lazımdır. Biz hər şeyi, yəni bütün mümkün variantları icra etdik. İndi söz Prezidentindir”. 

İşçi Qrupunun digər üzvü Sahib Məmmədov isə deyib ki, İşçi Qrupu öz işini görür və təkliflərini hazırlayıb Əfv Komissiyasına təqdim edib:

 "31 Dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əfv olub-olmayacağı isə birbaşa Prezidentin şəxsi iradəsindən asılıdır. Bu barədə bizim əvvəlcədən hansısa proqnoz verməyimiz düzgün olmaz: "İşçi Qrupunun üzvləri növbəti əfv sərəncamı ilə bağlı tövsiyələrini Əfv Məsələləri Komissiyasına təqdim edib. Ümid edirik ki, təkliflərimiz əfv sərəncamında nəzərə alınacaq”. 

Hüquq müdafiəçisi Səidə Qocamanlı hələ ki, İşçi Qrupunun iclası keçirilmədiyi üçün əfv məsələsinin müzakirəyə çıxarılmadığını deyib: 

"İclasın keçirilməsini gözləyirik. Amma təbii ki, 31 Dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ölkə başçısının Əfv fərmanı imzalamasını arzulayır və buna inanırıq. Gözləyək və ümid edək!”

Şəymən