“Mən güclü olduğuma özümü inandırdım”
Fidan Axundova:“Hərdən çalışıram ki, subardinasiyanı saxlayım, heç kim mənə qarşı qoyduğum o cızıqdan çıxa bilməsin”
(...əvvəli ötən sayımızda)
Tanımadığımız tanışlarla həmsöhbət olana qədər olan təəssüratla, onları tanıdıqdan sonra olan təəssürat arasında bəzən o qədər təzad yaranır ki, bir an düşünürsən ki, elə kaş xəyalımda olan insan qədər yaddaşımda qalaydı. Ya da tam əksinə, tanıdığımız tanışla həmsöhbət olandan sonra onu bir də kəşfetmiş olursan. Bu dəfəki müsahibimi bir daha özümdə kəşf etdim. Öz dünyasında həssas bir xanımı elə sizlərin də qonağı etdik. Tanınmış aktrisa Fidan Axundova "Şərq”ə bu günə qədər heç yerdə danışmadıqlarından danışdı.
- Şeirlərindən özün razı qalırdınmı? Yaşayaraq yazmısan?
- Etiraf edim ki, özüm-özümdən razı qalmırdım. Amma şeirimi kim dinləyirdisə, bəyənirdi. Bir az həyatım da o şeirlərdə var. Uzun illər yazdım. Belə bir misralarım var. Müxtəlif mövzularda yazmışam. "İntihar” şeirim var. Bu mövzuda 3 şeirim olub.
- İntihar etməyə cəhd etmisən?
- (Susur). Onları görərək, yaşayaraq bu misralar yaranıb.
- İntihar etmisən?
- Etmişəm.
- Səbəb?
- Açıqlamaq istəmirəm. Amma düşünürəm ki, dəyməzmiş. Bircə dəfə beynimdə qəti qərar verdim ki, intihar edim. O birilər xəyalımda olub. Düşünürəm ki, o hadisə məni dəyişdi. Bir misram var.
Qorxmur gözüm, əsmir dizim
Həyat, məndən əl çəkməyə tələsmə.
Və doğrudan da həyat məndən əl çəkməyə tələsmədi. Sağ qalmağım mümkün deyildi. Amma sağ qaldım. İnanın, izi də qalmadı. Qalmalıydı. Mən özümə xətər yetirmədim. Amma daxilimdə, orqanizmimdə izi qalmadı. Sonradan həkimə də getdim, yoxlandım. Möcüzə idi ki, sanki heç nə olmayıb.
- Sevgimi səni öldürürdü?
- Yox, nifrət.
- Sevgidən yaranan nifrət...
- Deməzdim. Qorxudan yaranan nifrət.
- Bəlkə bu qorxular, bu nifrət səni bu qədər güclü edib.
- Bəli. Bir söz var. Deyir ilanın quyruğunu kəssən, nə vaxtsa gəlib səndən əvəzini alacaq. Məni də o nifrət güclü etdi. Mən onları Allaha həvalə edirəm. Bir müddət içimdə dəhşətli bir kinlə yaşadım. Hiss etdim ki, bu kin məni içimdən öldürür, parçalayıb, yeyir. Stressdən çox kökəldim. Özümə baxmadım. Güzgüləri sevən insan, güzgülərə baxmadım. Bu gün də o güzgüyə baxanda deyirəm ki, vaxt gələcək, mən bu güzgüyə belə baxmaq istəmərəm. O günü görmək istəmirəm. Mən öz gözlərimi görmək istəmirdim. Başa düşdüm ki, içimdə böyüyən o kin, nifrət məni belə bərbad vəziyyətə salıb. Hər bir insanın vicdanı ilə söhbəti olur. Ona Allahımla da söhbət deyə bilərəm. İnsan özünə və Allahına hesabat verməli olur. Ən düzgün və ədalətli məhkəmə mənə elə gəlir ki, elə vicdanına verdiyin hesabatdı. Sən o məhkəmədə bir hökm verirsən.
- Fidanın özünə verdiyi hökm necə oldu?
- Özümə hökm verdiyim hökm belə oldu. Mən səhvlərimi qəbullandım. Qismət deyib də, alın yazısı deyib olanları qəbul edib, yenidən ayağa qalxdım. Elə bil yenidən yeriməyi öyrənirsən. Mənim ana tərəfimdən olan qadınlar çox güclü olub. Mən güclü olduğuma özümü inandırdım. Nənəm deyirdi ki, qızım, ən qaranlıq bir yerdə də işıq olur, onu axtar, tap. O işığı axtarmağa çalışdım.
- O işığı bu gün həyat yoldaşında tapmısanmı?
- Bəli, o mənim həyatımın işığı oldu.
Onun adı çəkilən kimi gözlərinə də sanki bir işıq gəldi. Gözlərin güldü.
- İnanın elədi. Mən hərdən yoldaşıma deyirəm ki, sən mənim həyatıma gələndən məni zəiflətmisən. Kişi kimi sənin gücün qadın kimi məni zəiflədib. Yoldaşım deyir ki, sən axı niyə kişi olmaq, kişi yükünü qaldırmaq istəyirsən? Mənim içimdə bir güclü oğlan olub. O məni həmişə özümə güvənməyə vadar edib. Xaricdən görünən bu qadını o dik saxlayıb. Yoldaşıma da izah edirəm ki, sən məni kişi kimi zəiflətmisən. Mən sənin çiyninə arxalanıb rahatlanmışam. Qəribə səslənsə də, tutaq ki, mən bu gün nə etdim, harda oturdum, rəfiqələrimlə nə danışdım, axşam onu mütləq onunla bölüşməliyəm ki, sakitləşim. Mən bütün bunları ona deyəndə rahat oluram. Mənə nəsə lazımdı, həmin an telefonda da olsa yığıb deyirəm ki, mənə de ki hər şey düzələr. Soruşur ki, nə? Deyirəm, heç nə soruşma, bircə de ki, hər şey düzələr. Deyir ki, əlbəttə, hər şey düzələr. O an dərhal sakitləşirəm. Dünyam çəhrayı rəngə bürünür.
- Səni bəlkə bu gün güclü edən elə həyat yoldaşındı.
- O mənim həyatımda var deyə, özümə çox əminəm həm də. Mənim ətrafımda olan qızlara, xanımlara da həyat yoldaşım kimi insan arzulayıram. Yoxdusa, sənə də onu arzulayıram. İnan gözlərin güləcək. Sən bəlkə yenə öz işlərinin dalınca özün gedəcəksən. Amma rahat gedərsən, özündən əmin gedərsən.
- Güclü qadın yoxdu, özünü güclü qadın kimi göstərənlər var. Bu fikirlə razılaşırsan?
- Qadınlar həqiqətən zərifdi. Sadəcə, o zərif çiyinlərə bəzən yüklənənlər onları güclü olmağa məcbur buraxır.
- Fidan üçün tək qalmaq çətindi?
- Mənim üçün artıq çətin deyil. Tək qalmağı sevirəm.
- Bayaq güzgülərə baxmaqdan danışdın. Mənə elə gəldi ki, Fidan qocalmaqdan qorxur. Elə ona görə də bir müddət sonra sevdiyin güzgülərə baxmağa çəkinərsən.
- Etiraf edim ki, qocalmaqdan çox qorxuram. Ölümdən belə qorxmayan Fidan qocalmaqdan qorxur. Düzdü, bunu deyəndə də bir az ehtiyatla deyirəm. Çünki həyatdı, Allahla Allahlıq edə bilmərik. Amma istəmərəm qocalığımı görən olsun. Deyirlər hər yaşın öz gözəlliyi var. Bəlkə də.
- Yəni gözəllik xəstəsisən.
- Sözün əsl mənasında eləyəm. Hər şeydə gözəllik axtarıram. Zahiri gözəlliyə də diqqət yetirənəm. Görə biləcəyim hər şeydə, hətta eybəcərlikdə də gözəllik axtarıram.
- Bu xəstəlik səni zaman-zaman dəyişə bilir?
- Göz önündəyəm. 40 yaşım var. Üzümdə xırda nələrsə etmişəm. Yəni prosedurlar. Yəni böyük əməliyyat filan hələ ki etməmişəm. Hərdən yoldaşıma deyirəm ki, üzümü belə düzəltdirmək istəyirəm. Deyir ki, mumiyaya oxşayarsan. Bu sənə lazımdı? Amma yaş sözünü deyir deyə, lazım gəlsə nəsə edə bilərəm. Tutaq ki, alnımda bir cizgi yaranmışdı. Bu il ona toxundum. Gülməli olsa da, mənim alnıma o cizgi də kişisayağı toxunmuşdu. Deyəsən yaşlananda da kişi kimi qocalıram e (gülür).
- Nə qədər realist, güclü görünsən də incə bir xanımsan. İçində nə qədər romantika var.
- Mənim üçün romantika bilirsən nədir? Real yaşanan hisslər. Mən gül sevmirəm. Çox qadınlar gülü sevir. Mən sevmirəm. Mənə kimsə gözəl bir gül dəstəsi bağışlasın, sevmirəm. Mən gülü baxçada, çəmənlikdə sevirəm. Həyət evim olsun, gül-çiçəklə, ondan zövq alım. Ən böyük arzularımdan biridir həyət evim olsun, həm də elə gözəl mənzərəli. Necə deyərlər mən gülü budağında, dalında sevirəm. Yoldaşım mənə böyük bir gül dəstəsi gətirmişdi. Həmin gün inanın az qala faciə baş vermişdi. Deyinirdim ki, bu boyda gülü niyə almısan, bunu necə gətirmisən. Mən o güllərdən birini seçib qurutdum. Sonra gördüm ki, o gülü görəndə pis oluram. Onun solmağı mənə əsəb verir. Sanki mən soluram, mənim ömrüm solur. Sanki mənim xatirələrim, hisslərim o vəziyyətə düşüb quruyurdu. Hərçənd mən xəzanı da sevirəm, xəzəli də sevirəm, payızı da. Romantika mənim üçün nədir? Hərdən yodaşımla oturub söhbət edirik, onun gözünün içində bir an ulduz işarəsi kimi bir işıltı, kövrəklik görürəm, o mənim üçün romantikanın özüdü. Mən o kövrəkliyi sevirəm. Yaxud yol gedirik. Mən uzaq yol getməyi çox sevirəm, bu mənim üçün romantikadır. Xüsusilə gecə yol gedərkən, musiqi sədasında. O an yoldaşımın əlimdən tutması mənim üçün romantikadır. Mənim üçün şam yandırsın, şam yeməyi hazırlatsın, filan bu mənə o qədər maraqlı deyil.
- Yəni süni yaradılmış romantikanı sevmirsən.
- Mən özü gələn romantikanı, o an yaranan hissləri sevirəm. Elə insanlar olur ki, olanlara baxıram, deyirəm ki, ilahi nə quru insandı, ruhu yoxdu. Bir də var elə insan olur ki, danışır, kövrəlir, o an təsirlənirəm. Hətta o insana qarşı neqativim varsa, o da keçir.
- Yoldaşının qadağaları var?
- Belə deyim də, mən çalışıram o vəziyyətə gəlib çıxmasın. Tutaq ki, əgər o mənim çox qısa geyinməyimi istəmirsə, mən ona inad etmərəm. Geyinməsəm olmaz ki? Demirəm qorxuram deyə etmirəm, sadəcə ona xoş deyilsə etmirəm. Bir də mənim özümə qadağalarım olur. Təki ona yaxşı olsun. Mən kürəyi açıq geyinməsəm, ölmərəm ki? O mənə böyük qadağalar qoymur, məni sənət yoldaşlarımdan uzaqlaşdırmır, onlarla hardasa oturacamsa, lüzumsuz qısqanclıq etmir, bir yerdə getdiyimiz məclislər də olur. Harasa getmirəmsə, ora özüm istəmirəm getmirəm. Əgər yanımdadısa, onda daha rahat oluram.
- Toy gününə aid bir təsirli şeirin var. Əslində səninlə bir neçə gün əvvəl təsadüfən görüşəndə, sənə telefonumda onu göstərəndə təəccübləndin də.
- Hə, bayaq şeirlərini yazanda yaşayırsan soruşdun. Toy günü şeirini həyatda görüb yazmışam. Mən 10 ildi toy da aparıram. Toyda bəyin sevmədiyi qızla evləndiyini dedilər, toy boyu onu izləyirdim, insan nə qədər bərbad idi. Gəldim evə o şeiri yazdım. Hətta yoldaşıma da dedim ki, heç bir kişiyə sevmədiyi qadınla evlənməyi arzulamıram. Ondan ağır nə ola bilər. Belə bir deyim də var. Qadın sevməyə bilər. Kişinin sevməyi vacibdi. Çünki qadın pişik kimidi, onu sığalladın, tumarladın yavaş-yavaş isnişəcək. Hər şeirimdə bir tale var. Mən sonralar hiss etdim ki, bizim insanlarda şeirə bir tələbat, aclıq var. Bir şeirim də var.
Mən baharda öləcəm.
Yoxsa yerim üşüyər.
Öləndə də güləcəm,
Dost düşmən var, nə deyər?
Burda insan eqosu var.
- Bir az da yaradıcılığından danışaq. Aktrisa olmağı arzulamısanmı?
- Deyim ki, aktrisa olmağı arzulamışam, yox. Amma uşaq vaxtı müğənni olmaq istəyirdim. Əlimə mikrofona oxşayan nəsə tapırdım, başlayırdım oxumağa. Səsim də pis deyildi. Söhbətimizin əvvəlində demişdim ki, tibb sahəsində çalışırdım. Əməliyyat otağında, işdə də oxuyurdum. Mənə deyirdilər ki, sənin qəşəng səsin var, niyə getmirsən. İlk dəfə də Akademik Milli Dram Teatrına pantomima tamaşa ilə çıxdım. Hətta İlham Rəhimli və rəhmətlik Həsənağa Turabov mənim haqqımda yüksək fikir söylədilər. Birinci kursdan Akademik Milli Dram Teatrında çalışmağa başladım. Hətta bəziləri dedilər ki, hə bu rəqqasə qız teatra gəlib. Heç vaxt düşünməzdim ki, rəqsə getməyən qız bu qədər səhnədə plastika göstərər. Həm də pantomima hərəkətləri təqdim etmək əslində asan deyil. Bir dəfə baxmaqla Turabov dedi ki, bu qız səhnədə olmalıdı. Səhnəyə yaraşır. Təzə-təzə gələndə düzünü deyim, yeriyə də bilmirdim, oğlan kimi yeriyirdim. İndi də hərdən o yerişim olur. Səliqəsiz tərzdə, idman qiyafəsində özümü daha rahat hiss edirəm. Özümü çərçivəyə salan geyimlərlə rahat hiss etmirəm.
- Teatrda, ümumiyyətlə bu aləmdə sənə yəqin ki, paxıllıq edənlər də olur? Axı Akademik Milli Dram Teatrında o yaşda işləmək də hər aktrisanın şansı deyil.
- Mən o teatra gedəndə əslində uşaq idim. Nə yaşım var idi ki? Hərdən deyirlər ki, sən safsan. Səncə bu qədər şeirlər yazan, həyatın əslində çətinliklərini görən insan saf ola bilər? Sadəcə olaraq kimsə gəlib deyəndə ki, kimsə sənin haqqında bunu deyir, mən onlara boş verirəm. Artıq hikkəm gəldi (gülür). Hərdən çəkiliş meydançasında dünən gələn uşaq məni üstələməyə çalışır. Ona imkan vermirəm. Sənətdə məni əzməyə kimsəyə imkan vermərəm. Baxmayaraq ki, aktrisa olmaq iddiasında olmamışam, bu gün heç bir titul almaq iddiam da yoxdu. Düzdü, istiyərəm ki, mənə də fəxri ad verilsin. Amma bu mənim həyatımın qayəsi ola bilməz. Mən həmin Fidan qalacam. Heç bir titul, pul, para hörmət gətirmir. Hörməti insan özü qazanır. Mən bu gün necəyəmsə, eləyəm. Çalışıram ki, subardinasiyanı saxlayım, heç kim mənə qarşı qoyduğum o cızıqdan çıxa bilməsin. Görürəm ki, dünənin uşağı özünü gstərməklə nəyə çalışır. Demirəm e, mən dahi aktrisayam. Amma ən azı 20 ildi bu sənətdəyəm. Amma mənə həvalə olunan obrazın da öhdəsindən gəlməyə çalışmışam. Mən dram aktrisasıyam. Əslində o qədər özümə qapanan da deyiləm. Amma dram aktrisası kimi özümü daha rahat hiss edirəm. Mənə də paxıllıq edənlər olub, olur. Amma mən onları görmürəm. Mən heç kimin dünyası ilə maraqlanmamışam. Bu sənətin gözəlliyini sevib gəlmişəm. Misal üçün mən rəhmətlik Turabovun səsinin vurğunu olmuşam. Teatrda ona Turab deyirdilər. Amma hamımız ondan çəkinirdik. Çünki zəhmi var idi. Yoldaşım da zəhmlidi, birinci dəfə onun zəhmini görüb sevdim onu. Qadın gərək kişini sevib, hörmət etdiyi qədər də ondan çəkinsin.
Mənim efirlərdə şeir deməyimi də dostlar istədilər. Sonralar hiss etdim ki, şeirlərim kiməsə maraqlı gəlir. Hətta hansısa verilişdə şeir deməyəndə məni qınayanlar da olur. Deyirəm şeiri demək üçün də ruhun o an buna hazır olmalıdı.
Müsahibimizlə həmsöhbət olanda bir də əslində ruhu dərin, əslində həm də bir az təzadlı, bir az kövrək, bir az da güclü bir xanımı siz oxuculara da tanıda bildik. Tanımadığımız tanınmışın tanınmayan həyatını sizlərlə də tanış etdik. Fidanı tanımağa dəyərmiş deyib, yenə də siz oxucuların düşüncələrinə buraxırıq.
Tahirə Məmmədqızı