“Ağ ölüm” məktəblərin kandarındadır

Təhsil ocaqlarına yaxın yerdə narkotikanın satılması birinci hadisə deyil
Etibar Əliyev: “Sizi əmin edim ki, bu proses bəzi məktəb müəllimlərinin yanında da baş verir”



Məktəb yaxınlığında narkotik satan ərzaq mağazası aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxs yaxalanıb. Qeyd edək ki, narkotik maddə satılan bu mağaza Şirvan şəhər 10 saylı orta məktəbin yaxınlığında yerləşir. Təbii ki, bu hadisə haqlı olaraq cəmiyyətdə ajiotaj yaradıb. İctimaiyyətdə şagirdlərin narkotik aludəçiliyinin artması ilə bağlı həyəcan təbili

çalındığı bir vaxtda narkotik maddələrin məktəblərin bir addımlığında satılması birmənalı həyəcan təbili çalmaq zərurətini yaradıb.

Hadisə barəsində dəqiq məlumatlı olmadığını vurğulayan Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı məktəblərin yaxınlığında narkotik vasitələr satan obyektlərin aşkarlanmasının ilk hadisə olmadığını vurğulayıb: "Azərbaycanda narkotik maddələrdən istifadəsi və alveri qanunla qadağandır və tərkibində cinayət məsuliyyəti daşıyır. Ancaq çox təəssüf ki, qadağan olmasına rəğmən narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan insanlar var”.

Yeniyetmələr və gənclər arasında narkotik aludəçilərinin sayının artmasının cəmiyyətimiz üçün ciddi təhlükə olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, 18 yaşına çatmamış uşaqlara narkotik maddələrin satılması və onların bu işə cəlb olunması ən ağır cinayətdir: "Şirvanda qeydə alınan hadisəyə gəldikdə isə bu barədə geniş məlumatlı deyiləm, ancaq bildiyimə görə həmin mağaza sahibi artıq hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunub. Əslinə qalsa, təhsil ocaqlarına yaxın ərazilərdə narkotik maddələrin satışı ilə məşğul olan obyektlərin aşkar olunması ilk hadisə deyil. Bu faktlar zaman-zaman qeydə alınıb. Əfv Komissiyasının üzvü olduğum üçün bu barədə məlumatlıyam”.

Gələcəyə çalınan baltalar

Təhsil eksperti Etibar Əliyev də məktəblər ətrafında narkotik vasitələrin satılması və şagirdlərin "ağ ölüm” adlanan bu bəladan istifadə etmələri ilə bağlı fikirlərin çoxdan səsləndiyini və problemin aktual olduğunu bildirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən də bu cür fikirlərə rast gəlinir: "Əsas məqamlardan biri ondan ibarətdir ki, şagirdlərdə ziyanlı bir vərdiş yaranırsa, istər-istəməz digər pis vərdişlərə də meyilli olurlar. Fikir versəniz görərsiniz ki, orta məktəblərin ətrafında çoxlu ticarət nöqtələri var ki, orada ədədlə siqaret satılır. Bu, məhz şagirdlər üçündür. Əgər orta məktəb şagirdləri arasında narkotik istifadəçiləri varsa, şübhəsiz ki, onun kökündə siqaretə meyillilik dayanır. Kiosklarda, xırda ticarət mərkəzlərində pərakəndə və ədədlə siqaret satışı ləğv olunmalıdır. Çünki siqaret çəkən orta yaşlı gənclik siqareti qutu şəklində alır, şagirdlər isə ədədlə əldə edirlər. Bu isə şagirdlərdə zərərli vərdişlərin əsasını qoyur. Sovet dövründə məktəblərin ətrafında bu cür ziyanlı şeylərin satışına qadağa qoyulurdu. İndi isə şahidi olduq ki, məktəblərin ətrafında yalnız siqaret deyil, narkotik maddələrin də satışı həyata keçirilir. Bu məsələni ciddi nəzarətdə saxlamaq və qabaqlayıcı tədbirlər görmək lazımdır”.

Məktəblərin bu gün başlı-başına buraxıldığını iddia edən ekspertin sözlərinə görə, vaxtilə müəllimlərin hər biri dərs keçməklə yanaşı, həm də tərbiyəçi funksiyasını yerinə yetiriblər: "İndi müəllim dərsini deyən kimi ya repetitorluğa, ya da öz işinin dalıyca qaçır. Hesab edirəm ki, problemlə bağlı ciddi maarifçilik işləri aparılmalıdır. Belə ki, hər hansı mənfi hal aşkarlanarsa, o, ciddi şəkildə ictimailəşdirilməlidir. Tam dəqiqliklə deyirəm ki, bu cür hallar çox vaxt ört-basdır edilir. Ancaq bu cür mənfi hallara görə heç kim məsuliyyət daşımır. Hətta sizi əmin edim ki, bu proses bəzi məktəb müəllimlərinin yanında da baş verir. Bu cür halları eşitmişik, amma onların ictimailəşdirilməsinin şahidi olmamışıq”. E.Əliyev hesab edir ki, bütün məktəblərdə şagirdlərin qan analizi yoxlanmalıdır. Belə ki, hansı şagirddə hər hansı bir element aşkarlanarsa, həyəcan təbili çalınmalıdır: "Təsəvvür edin ki, indi uşaqlar məktəbə bağlı deyillər. Dərs rejimi vaxtı küçələrdə istənilən qədər şagirdə rast gəlmək olur. Bu faktların özü özbaşınalıqdır. Şagirdlər müəllim yanına gedir. Bəs onda məktəb hansı funksiyanı yerinə yetirir? Məktəb nə üçün bilik vermir? Problemin kökündə bunlar dayanır. Şagirdlərin məktəbdən sonra evdəki həyatı başlayır. İndi bu sistem pozulub. Buna görə də belə xaotik vəziyyət yaranıb”.

Şəymən