Yeni kanal lazımdır, ancaq necə?

Qulu Məhərrəmli: “Yoxsa bu yeni kanal da AzTV və yaxud İctimai TV-nin balansına veriləcəksə, heç nəyə yaramayacaq”


Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibəsi zamanı özəl televiziyanın yaradılacağını söyləyib. Onun sözlərinə görə, yeni özəl televiziya 2015-ci ildə Avropa Olimpiya Oyunlarına qədər yaradılacaq.

Filologiya elmləri doktoru, professor, teletənqidçi Qulu Məhərrəmli "Şərq”ə özəl tv-lərin yaradılmasını müsbət hadisə kimi dəyərləndirir: "Ancaq son illər ölkədə əlavə özəl, ixtisaslaşmış kanallar yaranıb. Yaradılan kanalların hansı insanların zövqünü oxşayır və yenilik gətirir? Bu baxımdan hesab edirəm ki, bizə yeni kanaldan daha çox mövcud kanalların yaxşı fəaliyyət göstərməsi lazımdır. Bizdə bir çox boşluq olan sahələr var. Uşaq verilişləri ilə bağlı ciddi problem var. Təhsil və sağlamlıq yönündə kanalların yaradılmasına çox ehtiyac var. İctimai diskussiyaları təşkil edən kanallar yaradılmalıdır.

Milli Teleradio Şurası qeyd olunan boşluqları doldurmaq üçün yeni tv kanal yaradır, yoxsa artıq sifariş qəbul olunub, onu formal cəhətdən gerçəkləşdirmək lazımdır? Bir çox məsələlər ictimaiyyətdən gizlədilir. Müsabiqələr hansı şərtlərlə aparılır, müəyyənləşdirmək olmaz. Söylənilən boşluqları dolduracaq kanal olacaqsa, təqdirəlayiq haldır. Yoxsa AzTV və yaxud İctimai TV-nin balansına veriləcəksə, bunun üçün də dövlətdən əlavə büdcə ayrılacaq. O da heç nəyə yaramayacaqsa, bizim nəyimizə lazımdır, müstəqil kanal olsun”.

Telejurnalistin qənaətinə görə, ilk növbədə təhsillə-tədrislə bağlı cəmiyyətdə maarifləndirmə işi aparan kanal olmalıdır: "Bunsuz biz yeni cəmiyyət qura bilmir, yeni şüurlu insanlar yetişdirə bilmirik. Yəni gerçəkdən bu cəmiyyətə həqiqi xidmət edəcək maarifçilik missiyasını üzərinə götürən kanal lazımdır. Əgər bu yoxdursa, mənim üçün heç bir kanal yoxdur.

Avropa Olimpiya oyunlarına görə kanal yaradılırsa, idman kanalı var. Sadəcə kanalı qüvvətləndirmək lazımdır. Təsisçilik konsepsiyası aydınlaşdırılmalıdır”.

Vüqar Şahinoğlu