Suriyaya döyüşməyə gedən azərbaycanlılar muzdlulardır

Elşad Miri: “Suriyaya döyüşməyə gedənlər güman ki, hansısa qruplaşmalarla təmasda olur. Çünki təkbaşına bunu etmək mümkün deyil”
Ərəstun Oruclu: “Bu insanlar artıq konkret bir şəbəkənin üzvləridirlər və həmin şəbəkə də onları ora cəlb edib”


Suriyada hökumət qüvvələrinə qarşı döyüşən Azərbaycan vətəndaşlarının öldürülməsi ilə bağlı mütəmadi xəbərlər alırıq. Bir neçə gün əvvəl isə Suriyadan daha bir azərbaycanlı mücahidin ölüm xəbəri gəlib. Həlak olan şəxs Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan "İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü, "Primorski Muhammed” ləqəbi ilə tanınan Azərbaycan vətəndaşıdı. Onun Bəşər Əsəd qüvvələri tərəfindən öldürüldüyü bildirilir. Suriyada döyüşən və öldürülən azərbaycanlılar barədə xəbərlər təəssüf ki, artıq intensiv xarakter almaqdadır. Bir vaxtlar "sorağı” gah Pakistandan, gah Əfqanıstandan gələn gənclərimizin indi Suriyadan "tabut”u gəlir. Təsadüfi deyil ki, Suriyada vətəndaş müharibəsi başlayandan üzü bu yana mətbuatda Azad Suriya Ordusunun sıralarında 35-ə yaxın azərbaycanlının həlak olduğu barədə xəbərlər yer alıb.

Hər dəfə olduğu kimi, "Primorski” ləqəbli həmyerlimizin Suriya uğrunda döyüşdə öldürülməsi yenidən azərbaycanlıların uzaq ölkələrdə gedən daxili savaşlara qatılaraq, ölməsi mövzusunu gündəmə gətirib və azərbaycanlıların Suriyaya hansı yollarla getməsini müzakirə predmetinə çevirib. İddialara görə, Azad Suriya Ordusu tərkibində Bəşər Əsədə qarşı döyüşənlər "Əl-Qaidə”yə bağlı qruplardır. Radikal dini görüş də bir çoxlarını Suriyada gedən döyüşlərdə iştirak etməyə vadar edir. Suriyada vuruşan azərbaycanlılar, o cümlədən müxalifət qüvvələrinin başqa millətlərdən olan döyüşçü tərəfdarları prezident Bəşər Əsədə qarşı müharibəni cihad adlandırırlar. Azərbaycandakı din xadimləri, islamşünaslar isə əksinə, dinə zidd, küfr adlandırırlar. Azərbaycanlıların Suriyada cihad uğruna döyüşlərə qatılmasını cəmiyyətdə dəstəkləyənlər olsa da, bir çoxları bu hərəkətləri təqdir etmir, əksinə, bu addımı Azərbaycan üçün lazımsız, ziyanlı bir hərəkət sayır. Bir çoxlarının isə əsas arqumenti ondan ibarətdir ki, Suriyada savaşa getməkdənsə, Azərbaycanın işğal altındakı torpaqları, Qarabağın azadlığı üçün savaşa qatılsınlar. Bir halda ki, bu insanlar döyüşmək, düşmənlə üz-üzə gəlmək istəyir, güclərini sınamaq üçün işğal altındakı torpaqlarımız, şəhidlik zirvəsinə ucalmaq üçün də Qarabağ Zirvəsi var. Deməli, burada başqa məqsədlər, başqa niyyətlər gizlənir. Həm də islam pərdəsi altında...

İlahiyyatçı-alim Elşad Miri isə bildirib ki, Suriyaya gedən azərbaycanlılar hər hansı şəxsi maraq güdmürlər. Onun sözlərinə görə, bəzi insanların Suriyada baş verənlərin cihad olduğu fikrinə düşməsi yanlışdır: "Bəziləri yüksək məqam olan şəhidlik dərəcəsinə yüksəlmək üçün Suriyada döyüşür. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bir qism şəxs iddia edir ki, Suriyada gedən proseslər siyasi oyunlardır. Bəzən müxalifətdəki qüvvələrin bir hissəsi də qeyd edir ki, onlara

xaricdən gələn döyüşçülər lazım deyil. Suriyaya getməyin qarşısını almaq üçün düzgün maarifləndirmə işləri aparılmalıdır”.

E.Mirinin fikrincə, azərbaycanlıların həyatlarını riskə qoyaraq Suriyaya getmələrində hər hansı bir siyasi maraq ola bilməz. "Bu sadəcə dindən, imandan gələn bir məsələdir. Ola bilsin ki, həmin insanlar bu məsələni yanlış anlayır”. Hazırda cərəyan edən proseslərin dəqiq təhlilinin aparılmasının çətin olduğunu vurğulayan ilahiyyatçının qənaətincə, Suriya məsələsində hələ də fikir müxtəlifliyi var: "Azərbaycandan Suriyaya döyüşməyə gedənlər güman ki, hansısa qruplaşmalarla təmasda olur. Çünki təkbaşına bunu etmək mümkün deyil. Məlum məsələdir ki, kimlərləsə əlaqə yaradırlar, kimlərsə onlara kömək edir. Yönləndirir, istiqamət verirlər. Bəzən belə düşünənlər də olur ki, bu gün biz zülmə məruz qalan müsəlmanları müdafiə etməsək, sabah bizi də Qarabağ döyüşündə müdafiə etməzlər. Gərək bu gün biz döyüşək ki, sabah da bizimlə birgə Qarabağda döyüşənlər olsun. Bunu müsəlman birliyi sayırlar. Ümumiyyətlə isə Suriyada vəziyyət həqiqətən çox gərgindi. Vətəndaş müharibəsi başlamazdan öncə də çox çətin idi. İnsanların yaşayış səviyyəsi çox aşağı idi, hətta dini baxımdan da Suriyada həmişə gərginlik olub. Məsələn, orada İranın təsir dairəsində olan bölgələr var. Müxtəlif təriqətlər, məzhəblər var ki, sərbəst fəaliyyət göstərirlər. Və təsir imkanları da genişdir”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə hesab edir ki, azərbaycanlıların uzaq ölkələrdə gedən daxili savaşlara qatılmasının əsas səbəblərindən biri gənclər arasında dini maarifləndirmə işlərinin aparılmamasıdır: "Ölkənin dini idarəsi, dini qurumlara, ölkədə dini vəziyyətə nəzarət etməli qurumlar hardasa səhlənkarlığa yol verir, gənclərin düzgün dini təlim alması prosesini tənzimləyə bilmirlər. Suriyaya gedən azərbaycanlılar barədə konkret fikir söyləmək çətindir. O ki qaldı bu insanların orada döyüşməsinə, birdəfəlik başa düşmək lazımdır ki, əslində bunlar muzdlulardır. Mənim üçün burada təəccüblü heç nə yoxdur. İnsandı, pul alıb gedib döyüşür”.

Bununla belə Ə.Oruclu Suriyada inanca görə döyüşənlərin olduğunu da istisna etmədiyini bildirib: "Hələlik biz bir tərəfdən döyüşüb, həlak olanları görmüşük. Bunlar Azad Suriya Ordusu adlanan müxalifət cəbhəsinin üzvləridir. Onlar da sələfi təriqətindən olanlar, yaxud loru dildə deyildiyi kimi vəhhabilərdir. Azərbaycan mediasında da onların ailə üzvlərinin açıqlamaları olmuşdu ki, Suriyaya getmələrinin səbəbi onların hansısa imamlarının fətvaları əsasında olub”. Ə.Oruclu əlavə edib ki, fətva bir qərar rolunu oynayır, amma bu qərarın icrası texniki-təşkilati xeyli addımların atılmasını, maliyyə ayrılmasını tələb edir. Demək, bu insanlar artıq konkret bir şəbəkənin üzvləridirlər və həmin şəbəkə də onları ora cəlb edib. Əgər belə bir şəbəkə olmasaydı, onlar heç vaxt Azərbaycandan vətəndaşları seçib Suriyaya apara bilməzdilər. Çünki bu insanları tanımalı, onlarla işləməli, müəyyən hazırlıq keçməlidirlər. Yəni bu, bir günün işi deyil, onları əməkdaşlığa cəlb etmə, öyrətmə, şəbəkəyə daxil etmə kimi uzunmüddətli bir prosesin məntiqi nəticəsidir. Bu, artıq çox pis tendensiyalardan xəbər verir.

Bir daha qeyd etmək istəyirəm ki, artıq bu və ya digər səbəbdən bu insanlar artıq muzdlu olmaq yolunu tutublar. Məsələn, mən istəsəm, bu gün Suriyaya gedə bilmərəm. Siz də istəsəniz, gedə bilməzsiniz. O ki qala orada döyüşçülərə qoşulmaq ola... Bunun üçün konkret şəbəkə olmalıdır. Bu şəbəkənin arxasında ya hansısa ölkələrin xüsusi xidmət orqanları, ya hansısa radikal dinçi, ən pis halda isə terrorçu təşkilatlar dayanırlar. Burada isə qeyri-adi heç nə yoxdur. Bunu heç bir millətə, heç bir dövlətə bağlamaq olmaz. Hər bir millətin bu məsələyə yanaşması fərdi olmalıdır. Fərddir, pulunu alır gedir döyüşür. O da dolanışığını, yaxud yeganə çıxış yolunu bunda görür. O ki qaldı onların döyüşdükləri məkanlarda öldürülmələrinə, şəxsən mən bir azərbaycanlı kimi buna görə təəssüf hissi keçirmirəm. Qarabağ ağrısı, torpağı işğal altında olan bir ölkənin vətəndaşı gedib Suriyada döyüşürsə və orada ölürsə, demək, o orada da ölməlidir. Mən təklif edirəm ki, Suriyada döyüşməyə getmək istəyənlərin hamısına dövlət getmək üçün təyyarə ayırsın. Onlar öz bilet pullarını özləri versinlər və qoy hamısı getsinlər. Elələrinin Azərbaycan dövlətinə ziyandan başqa heç bir xeyri yoxdur. Belələri Azərbaycan dövlətinin milli təhlükəsizliyi üçün təhdiddir”.

Şəymən