“Maşın” şouya çox unikal heyət seçmişik”

Murad Dadaşov: “Əminəm ki, bu dəfə tamaşaçıların yuxusu ərşə çəkiləcək”


Hamının səbirsizliklə gözlədiyi "Maşın” start götürür. Tanınmış şoumen, aparıcı Murad Dadaşov budəfəki "Maşın”dan "Şərq”ə danışdı: "Təvazökarlıqdan uzaq olsa da, Azərbaycan teleməkanında "Maşın” realiti-şousu qədər baxımlı və maraqla izlənən layihə olmayıb.

Bu layihə mənim layihəm olduğu üçün demirəm. Həqiqətən "Maşın” məhz tamaşaçıların istəyi ilə yenidən efirə gəlir. Bunu tam səmimiyyətimlə deyə bilirəm. İki il idi fasilə verilmişdi. 

Efirdə yox idi. "İki ildən sonra yenidən efirə qayıdıb. Nə qədər layihələr həyata keçirmişəm, "Maşın” onların ən uğurlusu olub. Məsələ bundadır ki, müxtəlif verilişlərdə, realiti-şoularda tamaşaçı auditoriyası fərqli olur. Elə layihə var ki, ona ancaq gənclər, eləsi var ki, yaşlı nəsil, ya da bəzi layihələrə ancaq paytaxt tamaşaçısı, bəzisinə isə ancaq bölgələrdə olan tamaşaçı baxır. 

Ancaq "Maşın” realiti-şousunun tamaşaçı auditoriyası geniş və çoxşaxəlidir. Sadaladığımız bütün təbəqənin insanları "Maşın”ı maraqla izləyirlər. Bu da bizdə bu layihəni yenidən efirlərə gətirməyə cəsarət yaratdı. Bu gün Azərbaycanda yeganə rəsmi lisenziyalı, dünya səviyyəsində olan layihədir. Biz bu arada şoumuza dəstək verənlərə təşəkkür edirik. "Maşın” ATV telekanalında 28 may tarixindən start götürür. 

Çox maraqlı iştirakçılarla "Maşın” efirdə olacaq. Çox unikal bir heyət seçmişik. Mən əminəm ki, budəfəki "Maşın” şousu tamaşaçıların yuxusunu ərşə çəkəcək. Qaldı iştirakçıların bir çoxunun əvvəllər də iştirakı məsələsinə, belə qərara gəldik ki, onlar arasında olan ən maraqlı iştirakçılar bu dəfə yenidən iştirak etsinlər. Bilirsiniz ki, bu realiti-şouda həm də qruplaşmalar yaranır. 

Ona görə də iştirakçıların seçimi bu baxımdan da maraqlı olmalıdı. Mən əminəm ki, bu dəfə xüsusilə maraqlı buraxılışlarla "Maşın” sürətini davam etdirəcək. Əvvəl belə bir ideya da var idi ki, adi tamaşaçılarla ulduzları bir araya gətirək. Sonra düşündük ki, hələ bu tezdi. Əvvəl ulduzlarla başlayaq. Mən ümid edirəm ki, "Maşın” davamlı olacaq. Çünki bu realiti-şou həqiqətən maraqla qarşılanır”.

Tahirə