"Müdafiə Nazirliyi hazırlıq işlərini görməlidir" - VUR!




"Ermənistan Xocalı aeroportunu gündəmə gətirməklə Azərbaycan tərəfinin nəbzini və beynəlxalq təşkilatların reaksiyasını yoxlayırlar”.

Bunu Sherg.az-a Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportundan ermənilərin 2 yerlik təkmotorlu təyyarələrinin havaya qalxacağı xəbərlərinə münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. 

O bildirib ki, ermənilər Xocalı aeroportunu təmir edəndə də çox iddialı danışırdılar:

"Hətta Serj Sarkisyan demişdi ki, İrəvandan yola düşən ilk təyyarədə özü oturacaq. O dövrdə də bizim tələbimiz uçan təyyarənin, içərisində kim olur-olsun, Azərbaycan tərəfindən vurulmasıdır. İndi də mətbuatda izləyirəm ki, ekspertlər də birmənalı şəkildə təyyarənin vurulmalı olduğunu bildirirlər. Bu praktikada da var. Mayın 15-də ermənilər sərhəddə zenit-raket qurğusu quraşdırmağa cəhd etdi və Azərbaycan tərəfi cəsarətlə həmin qurğunu vurdu, düzgün də etdi. Ermənilər boş yerə hay-küy salsalar da, Azərbaycanın mövqeyini bildilər. İndi deyirlər ki, təyyarə uçacaq. 

Guya Xocalıdan, Xankəndindən Şuşa istiqamətinə səyahət şəklində həyata keçirirlər. Bir qədər hiyləgər yanaşırlar ki, guya bu turist məqsədilə həyata keçirilir. Müxtəlif ad altında bir az da yumşaq görüntü yaradaraq niyyətlərini həyata keçirmək istəyirlər. Ona görə, hökmən bunun qarşısı alınmalıdır. Onun içərisində turist, başqa kim olur, olsun fərqi yoxdur. Əgər qarşısı alınmasa ermənilər növbəti addım atacaq. Ona görə də birmənalı şəkildə Azərbaycan Müdafiə Nazirliyi hazırlıq işlərini görülməlidir. Uçuşa adi bir cəhd olunduqda dərhal vurulmalıdır”.

Qeyd edək ki, erməni mətbuatı Xocalı, Xankəndi-Şuşa reysi ilə uçuşların başlayacağını yayıb. "Yell Extreme Park" layihəsi esktremal turizm həvəskarları üçün nəzərdə tutulub.

Ayyət Əhməd