NATO niyə Suriyaya hərbi müdaxilə etmir? - Gənc politoloq izah edir
Artıq bir neçə ildir ki, Ərəb dünyasının ən qızğın nöqtəsi Suriya olaraq qalmaqda davam edir. Döyüşlər, canlı ölüm bu ölkədə demək olar ki, adi hala çevrilib. NATO-nun Suriya ilə bağlı münasibətinə nəzər yetirərkən ağla gələn ilk fikir əsasən bu suallar olur:
Birincisi, NATO niyə Suriyaya hərbi müdaxilə etmir? İkincisi, NATO-nu 6 il gözləmə mövqeyində saxlayan səbəb nədir?
NATO bu mövzuda bir sıra konfranslar təşkil etsədə, məqsəd hərbi müdaxilə olmayıb. Bu təşkilat əvvəldən də Suriyada hərbi müdaxilə yerinə siyasi həllə nail olmaq istədiyini bildirib. Lakın bu siyasətin də müəyyən bir hüdudu var. Suriya konflikti bir dövlətin problemi olmadığından bəzi dövlətlərin siyasi çərçivədə olan gözləntiləri qabararaq hərbi münasibətlərində də gərgin vəziyyət yaratdı. Türkiyə 2013-cü ildə sərhədindəki döyüşün ölkəyə sıçramasından narahatlıq duyaraq NATO-da dəstək istədi. NATO isə Türkiyəni mümkün ola biləcək hava hücumlarından qorumaq üçün müdafiə məqsədilə müdaxilə etdi. Ancaq təşkilatın bu istiqamətdəki fəaliyyəti bununla kifayətləndi.
NATO-nun Suriyaya hərbi müdaxilə etməməsinin səbəblərini bu cür sıralaya bilərik:
Birinci səbəb vahid müxalifət qüvvələrinin olmaması, müxalif qüvvələrin öz daxillərində də savaş aparmaları, onlara nisbətdə Əsəd ordusunun daha təkmil olmasıdır.
Digər səbəb isə baş verəcək hər hansı bir müdaxilənin vəziyyəti daha çox gərginləşdirəcəyi, eyni zamanda buna bağlı olaraq tələfat və itkilərin kəmmiyyətini, miqyasını artıracağı haqqında düşüncələrdir. NATO Suriya konfliktində ehtiyatlı davranmağa çalışır. 2016-cı ilin dekabrında NATO-nun baş katibi Yens Stoltenberg ittifaqın Suriyadakı Vətəndaş Müharibəsinə müdaxilə etməməsinin daha doğru qərar olduğunu bildirib. Çünki bu müdaxilə Suriyadakı vəziyyəti daha da gərginləşdirə bilər. Stoltenberg "Suriyada qeyri-insani bir fəlakət yaşanır. Bəzən Əfqanıstanda olduğu kimi hərbi müdaxilə etmək doğru qərardır ... Ancaq bəzən hərbi üsullardan istifadə etmək faydadan çox zərər gətirir. Suriya mövzusunda da NATO üzvləri hər hansı bir hərbi müdaxilənin vəziyyəti daha da pisə aparacağını qərar verdi " sözlərini bildirib. Yens Stoltenberg həmçinin "Daha böyük bir regional qarşıdurma riski" almaq istəmədiklərini ifadə edərək "Ya da daha çox günahsız insan ölə bilər. Hərbi müdaxilə hər zaman həll deyil" ifadəsini istifadə edib.
O zaman bəs nə üçün eyni təlafatlar daha əvvəl Liviyada baş verdikdə Muəmmər Qəddafi xalqını istismar edir, onun azadlıq istəyi qarşısında durub deyib. 19 mart 2011-ci il tarixində Parisdə baş tutan və həmçinin Fransa prezidenti Nikolya Sarkozi, BMT Baş katibi Pan Gi Mun, ABŞ Xarici işlər Naziri Hillari Klinton, Birləşmiş Krallıq Baş naziri Devid Kemeron, Almaniya Baş naziri Angela Merkel və bəzi nümayəndələr qatıldığı müzakirədən bir neçə saat sonra Liviyaya qarşı hava hücumu başlanılıb.
Bundan bir neçə ay sonra 18 avqust 2011 -ci il tarixində "Suriyanın gələcəyi öz xalqı tərəfindən müəyyən edilməlidir. Ancaq Əsəd bu yolda onların qarşısında maneə yaradır.
Suriya xalqının yaxşılığı üçün Əsədin iqtidardan çəkilmə vaxtıdır "deyən, 20 avqust 2012-ci ildə Suriyaya hərbi müdaxilə edilməsi mövzusundakı qərarının ölkədə kimyəvi və ya bioloji silahların istifadə edilməsi halında dəyişə biləcəyi xəbərdarlığını edib. Əsəd rejiminə bunun "qırmızı xətt" olduğunu deyən 14 iyun 2013-cü il tarixində Bəşər Əsəd rejiminin sarin qazı daxil kimyəvi silah istifadə etdiyini təyin edən və eyni zamanda 4 aprel 2017-ci il tarixində Suriya vətəndaş müharibəsi zamanı İdlib vilayətinin Xan Seyhun şəhərində vətəndaşların hərbi cinayət sayılan xlor qazlı kimyəvi silah ilə kütləvi olaraq öldürüldüyü ABŞ başda olmaqla təsdiqləyən dünya güclərinin Ərəb coğrafiyasında belə fərqli siyasət aparmasına səbəb nədir?
Bundan başqa eyni Ərəb coğrafiyasında dünya güclərinin fərqli siyasət seçməsinin arxa fonunda nə dayanır?
Baxın, Liviyada hərbi müdaxiləyə BMT Təhlükəsizlik Şurasının verdiyi güclü səlahiyyətlə yanaşı və bölgədəki ölkələrin qəti mövqeyi və dəstəyi vardı. Və bu iki faktorun bir araya gəlməsi hərbi müdaxilə ilə nəticələndi. Suriyada isə siyasi maraqlar üst-üstə düşmür ki, müdaxilə edilsin. Çünki münaqişədə maraqlı olan iştirakçılar olduqca şaxəlidir və həttə desək ki, müdaxilə olundu və Bəşər Əsəd devrildi. Ondan sonra ölkədə hakim gücün kimlərin əlinə keçməsi də digər dövlətlərin yeni bir münaqisə səbəblərindən bir olacaq.
Qısası istər Liviya olsun , istər Suriya iş digər güclərin maraqlarında və gözləntilərində başlayır və elə orda da bitir.
Bəs nəticə necə olacaq?
Hazırda Suriya da daxil olmaqla ərəb coğrafiyasında baş verən proseslərin, münaqişənin əsas istirakçısı olan və həmçinin onlara təsir edərək formalaşdıran dövlətlərin, ümumilikdə ortada olan maraq və gözləntilərin təhlilindən çıxan nəticə Suriya konfliktinin yaxın bir zamanda sonlana bilməyəcəyi yönündədir. Bunun səbəbi davamlı silahla dəstəklənən tərəflər, Suriyadakı güc boşluğunu kim dolduracaq və ya sərhədlər necə müəyyənləşəcək problemləri deyil. Suriya döyüşündə iştirak edən heç bir ölkə və xarici aktor Suriyanı qurtarmaq üçün döyüşmür. Hamısı öz maraqlarını Suriya üzərindən əldə etməyə çalışırlar. Suriyada kimin qazanacağı sual altında olsa da, bu silahlı qarşıdurmalarda ən ağır zərbə evlərindən olan, dillərini bilmədiyi ölkələrə dağılan, çətin şərtlərdə həyata yapışmağa çalışan, azadlıq üçün həyatlarını fəda etməyi gözə alan və bu döyüşdə çox böyük itki verən Suriya xalqına dəydi
Raya ALİYEVA