Bütün dünyanın nifrətini qazandı

NATO-nun mübarizəyə qoşulması ilə İŞİD-in məhvi sürətlənəcək


NATO İŞİD əleyhinə koalisiyaya qoşulmaq barədə artıq qərar verib. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Deyilənə görə, NATO üzvü olan 28 ölkə İŞİD əleyhinə koalisiyada iştirak edəcəyi barədə qərar qəbul edib. Xatırladaq ki, mayın 26-da hərbi alyansın ABŞ Prezidenti Donald Trampın da iştirakı gözlənilən sammiti keçiriləcək.

NATO baş katibi Stoltenberq Alyansın Suriyada Amerikanın rəhbərlik etdiyi koalisiyaya qoşulması imkanlarının müzakirə ediləcəyini az öncə açıqlamışdı. NATO-nun koalisiyaya rəsmən daxil olduğunu elan edəcəyi gözlənilir. 

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən politoloq İlqar Altay deyib ki, İŞİD dünyada ilk terror təşkilatıdır ki, öz gücünə və qətiyyətinə görə gizli yox, açıq mübarizə aparır. Ekspert bildirib ki, terrorçu qruplaşma çəkinmədən bütün dünyada vəhşiliklər törədir: 

"Öz ordusu və xüsusi ictimai tənzim qaydaları olmaqla "dövlət” adı ilə çıxış edən İŞİD İraq və Suriya kimi dövlətləri xaraba qoyub. Ancaq son dövrlər qruplaşmanın "bəxti gətirmir”. Çünki terrorçular hər iki güc qütbü - Qərb və Rusiya ilə eyni dərəcədə düşmən olub. Bununla yanaşı, regionun güclü dövləti sayılan Türkiyəyə də savaş açıb. Ona görə də düşünürəm ki, bu gedişlə daha da təklənən İŞİD uzun müddət ayaqda dura bilməz. 

Xüsusən, bəlli səbəblərdən NATO-nun İŞİD-lə mübarizə koalisiyasına qoşulması da bu məhvi sürətləndirəcək. Üstəlik, terrorçu dəstənin kökünü kəsmək məsələsində ABŞ-la Rusiya arasında razılaşma var. Görünür, İŞİD-in aqibəti Hitlerin sonu kimi olacaq, yəni hamı ilə vuruşub hamı tərəfindən mühasirəyə alınıb məhv ediləcək. Əslində İŞİD-in acı sonluğu qaçılmazdır və əvvəlcədən bəllidir. Çünki bu təşkilat bəşəriyyətə, ələlxüsus islam dininə hərtərəfli fiziki, maddi və mənəvi ziyanlar vurub, bütün dünyanın nifrətini qazanıb”.

İsmayıl