Cümhuriyyətlə bağlı arxiv materialları ölkəyə gətirilməlidir

Bunun üçün tarixçilərin, tədqiqatçıların dövlət xətti ilə xarici ölkələrə göndərilməsi, orada araşdırmalar aparması vacibdir


Bir neçə gündən sonra tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü tamam olacaq. Gələn il isə AXC-nin yaranmasının 100 illik yubileyi rəsmi səviyyədə qeyd ediləcək. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu istiqamətdə mühüm işlər görülməsi, geniş tədbirlər proqramının hazırlanması nəzərdə tutulur.

Cümhuriyyətin yüz illiyi ilə bağlı planlaşdırılan tədbirlərə münasibət bildirən ictimaiyyət nümayəndələri zamanın az, görüləsi işlərin isə çox olduğunu deyiblər.

 Bu barədə "Şərq”ə danışan tarixçi-alim Boran Əziz deyib ki, xarici ölkələrdə, İran, Türkiyədə və bir sıra Avropa dövlətlərində olan, ancaq indiyə qədər diqqətdən kənarda qalan mühüm sənədlər, arxiv materialları ölkəyə gətirilməlidir: 

"Bunun üçün tarixçilərin, tədqiqatçıların dövlət xətti ilə xarici ölkələrə göndərilməsi, orada araşdırmalar aparması vacibdir. Bundan başqa çox arzu edərdik ki, yüz illiyə qədər bir Cümhuriyyət xiyabanı da yaradılsın. Onunla paralel AXC qurucularının abidələri ucaldılsın. Xarici ölkələrdə rəhmətə gedən və orada dəfn olunan Cümhuriyyət liderlərinin nəşi ölkəmizə gətirilsin. Əgər bu baş verərsə, AXC-nin 100 illiyinə çox böyük bir töhfə və hədiyyə olar”. 

Tarixçi bildirib ki, Cümhuriyyət dövrünün mətbuatında Qarabağla bağlı dərc olunan yazılar, eyni zamanda bölgə ilə bağlı AXC hökumətinin, o zamanki parlamentin qəbul etdiyi qərarlar, gördüyü işlər ayrıca kitab kimi nəşr olunmalıdır: "Özü də təkcə Azərbaycan dilində yox, xarici dillərdə çap edilməli və ölkəmizə gələn qonaqlara paylanılmalıdır. Azərbaycandan xarici ölkələrə gedən şəxslər kitabları orada yaymalıdır. Şübhəsiz ki, bu işləri təkcə dövlət yox, eyni zamanda qeyri-hökumət təşkilatları görməlidir. Yaxşı olar ki, QHT-lər də yubileylə bağlı proqramlara diqqət yetirsinlər. Cümhuriyyət qurucularının Vətənimizə verdikləri Azərbaycan adının coğrafi, etnik və hüquqi anlamda araşdırılması da zəruridir. Gənc nəsil Azərbaycan adının göydən düşmədiyini, ziyalılarımza, xalqımıza, o cümlədən qonşu ölkələrə - İrana, Rusiyaya qəbul etdirilməsi istiqamətində nə qədər zəhmət çəkildiyini görməlidir. Bilməlidirlər ki, müstəqil dövlətimiz təsadüfdən yaranmayıb, sadəcə bir şəxsin istək və arzusundan meydana gəlməyib. AXC böyük bir xalqın və ziyalı qrupun uzun illər apardığı milli mücadilənin nəticəsidir. Çox az vaxtımız qalsa da, görəcəyimiz işlər həddindən artıq çoxdur. Könül istərdi ki, heç olmasa, arzularımızın bir qismi həyata keçsin”.

İsmayıl