OPEK qərarını açıqlayandan sonra dəyişiklik gözlənilir
Dünya birjalarında neftin qiymətinin bahalaşdığı qeyd olunur. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,40 dollar və ya 0,78 faiz artaraq 51,76 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,43 dollar və ya 0,80 faiz artaraq 54,39 dollar olub.
Artımın davamlı olub-olmaması və hansı həddə çata biləcəyi ilə bağlı iqtisadçı-ekspert İlham Şaban "Şərq”ə açıqlama verib. O bildirib ki, hazırda hər kəs OPEK-in iclasındakı rəsmi hissəni gözləyir.
Ekspertin sözlərinə görə, əsas məsələ budur ki, OPEK ölkələri 2016-cı ilin 30 noyabr və 10 dekabrda atdıqları addımlarla dünya neft bazarına müsbət təsirlərini qoydular: "Müsbət təsir neftin qiymətinin artması idi. Neft ehtiyatlarının azalması statistika ilə təsdiq edildi. OPEK ölkələrinin iqtisadiyyatları neftdən asılıdır, ona görə də təbii ki, onlar vəziyyətin belə davam etməsi arzusunda olduqlarını bildirirlər. Nəniki ilin sonuna qədər, çünki bundan öncə 6 ay müddətinə istəmişdilər ki, belə bir addım atılsın, lakin onda vəziyyət bir qədər dumanlı idi. Çünki bilinmirdi ki, bu cür addımlar onların hesab elədiyi ədalətli qiymətə səbəb olacaq, ya yox. Ancaq həqiqətən də birgə addımlar və səylər olanda bazar buna reaksiya verir. Ona görə də məsələnin nəinki ilin sonuna, 2018-ci ilin martın 31-nə qədər uzadılması gündəmə gəldi”.
"Neftin qiymətinin aşağı düşmə ehtimalı varmı” sualına gəlincə, iqtisadçı bildirib ki, neft elə xammal deyil ki, onun qiyməti bazarda düz xətt üzrə inkişaf eləsin. Hətta neftin qiyməti gün ərzində - birjalar açılıb bağlanana qədər dəfələrlə dəyişir:
"Hər hərracda müxtəlif qiymətlər olur. Ona görə də neftin qiymətinə təsir edən müxtəlif amillər var. Əlbəttə, indi biz orta qiyməti götürürük. May ayı daxil olmaqla son 3-5 ayda brent markalı neftin orta qiyməti 54 dollara yaxındır. Yəni, bu, kifayət qədər böyük bazar iştirakçılarını qane edəcək və yüksək bir qiymətdir. Hesab edirəm ki, OPEK qərarlarını açıqlayandan sonra, bu, bazara müsbət təsirini göstərəcək və neftin qiyməti 55 dollar ətrafında cərəyan edə bilər”.
İ.Şaban həmçinin qeyd edib ki, Amerikada neft ehtiyatlarının artımı ilə bağlı hesabatlar həmişə neftin qiymətlərinə təsirini göstərir. Yəni, Amerikada neft ehtiyatları artanda neftin qiyməti düşür:
"Ancaq neftin qiyməti 5-10 dollar olaraq yox, 2-3 dollar düşə bilər. Bu da sadəcə 1-2 gün olur. Necə ki, aprel ayının 20-dən may ayının 10-na qədər bu vəziyyəti dinamik olaraq müşahidə etmişik”.
Yeganə Bayramova