Avtomobillərin bütün cərimələri telefonla gələcək

Yaradılan yeni xidmətlər insanlara rahatlıq gətirə bilər, amma mexanizm elə işləməlidir ki, yarımçıq model olmasın


Sürücülər artıq avtomobillərinin bütün cərimələrindən anında xəbərdar ola, həmçinin pulsuz hüquqi məsləhət ala biləcəklər. Bunun üçün SMS Radar adlı yeni xidmət yaradılıb.

Bu xidmət vasitəsilə günün 24 saatı avtomobilin cərimələrindən anında xəbərdar olmaq çox asandır. Xidmətdən istifadə etmək üçün "Azercell”, "Bakcell” və "Nar Mobile” abunəçisi olan sürücülər nəqliyyat vasitəsinin nömrəsini SMS-lə 5666-a göndərir.

Eyni zamanda SMS Radar xidmətinə məxsus qısa nömrədən gələn avtomatik cavab mesajının tələbi olaraq həmin avtomobilin texniki pasport nömrəsi də SMS-lə 5666-a göndərməlidir.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirir ki, ola bilsin, sürücünün evinə poçt vasitəsi ilə məktublar vaxtında gəlmir, yaxud da hardasa hərəkətdə iştirak etmədiyinə görə, DYP əməkdaşları sürücünü saxlayıb məlumat vermirlər. Amma sadəcə SMS Radar xidmətinə qoşulmaqla öz mobil telefonunda SMS vasitəsilə cərimələr, onların faizləri haqqında vaxtında dəqiq məlumat almaq mümkündür. Bundan başqa, sual-cavab bölməsində pulsuz hüquqi yardım da göstərilir.

Bəs görəsən, tətbiq edilən yeni xidmət növü cərimələrlə bağlı problemlərin aradan qalxmasına kömək edə bilərmi? SMS Radar xidmətini dəstəklədiyini deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov xidmətin icra olunma mexanizminin əsas olduğunu bildirib. Ekspertin sözlərinə görə, yaradılan yeni xidmətin insanlara operativ olaraq çatdırılması əsasdır: 

"Hər bir xidmət növündə 2 tərəf var. Həmin bu tərəflərin biri-birinə qarşı icra mexanizmləri elə işlənməlidir ki, çətinliklər yaranmasın. Cərimələrin ödənilməsi mexanizmi bir qədər çətin olduğu üçün insanlar bir az əziyyət çəkirlər. Bəlkə bundan da mütərəqqi xidmət növləri var və onlardan istifadə etmək lazımdır. Bunlar hamısı yenilikdir və yenilikləri yaxşı qarşılayıram. Yaradılan yeni xidmətlər insanlara rahatlıq gətirə bilər, amma mexanizm elə işləməlidir ki, yarımçıq model olmasın. Bütün xidmətlər işlənərkən son nəticə nəzərdə tutulmalıdır. Son nəticə isə həm sürücülərin, həm də Dövlət Yol Polisi əməkdaşlarının mexanizmi tam olaraq yerinə yetirməsidir. Əgər hər şey tam və operativ olaraq yerinə yetirilsə, mövcud problemləri aradan qaldırmaq mümkün olar”.

Yeganə Bayramova