“Bütün qadınlar bu və ya digər formada zorakılığa məruz qalır”

Mehriban Zeynalova: “Elə bir vəziyyətdir ki, hər hansı qadını bir saniyədə məhv etmək olar”
Mehriban Zeynalova: “Elə bir vəziyyətdir ki, hər hansı qadını bir saniyədə məhv etmək olar”


"Hələ də boşanmış qadınlardan seks aləti kimi istifadə etmək istəyən
insanların sayı kifayət qədərdir”

Gürcüstan rəsmi olaraq Avropa Şurasının qadın və ailə zorakılığına qarşı konvensiyasına qoşulub. Bu haqda Avropa Şurası nazirləri komitəsinin iclasında rəsmən bəyan edilib. Sənəd 1 sentyabr 2017-ci il tarixindən qüvvəyə minəcək. Bu o deməkdir ki, Gürcüstan götürdüyü öhdəliklərə uyğun olaraq, qadınlara qarşı yönələn və ailə zorakılığı ilə bağlı hərəkətlərin kriminallaşdırılmasına başlamalıdır. Konvensiyaya əsasən, kriminallaşdırma psixoloji və fiziki zorakılıq, seksual zorakılıq və zorlama, təqib etmə, cinsiyyət orqanlarını zədələmə, zorla nikah, zorla abort, sterilləşdirmə kimi hərəkətlərə aid ediləcək. 

Qeyd edək ki, Gürcüstan konvensiyanı ratifikasiya edən 23-cü ölkədir. Konvensiyanın üzvləri zorakılığın prevensiyası və zərərçəkmişlərin müdafiəsi öhdəliyini öz üzərinə götürüb. Bu hüquqi alət qadınlara qarşı zorakılığın istənilən formasını və qanunu pozanlara qarşı cinayət məsuliyyətini nəzərdə tutur. Zorakılığa qarşı konvensiyanı imzalayanlar mədəniyyət, adət-ənənələr və "qeyrət” kimi amillərin zorakılığa bəraət qazandıran amil olmamasını təmin etməlidirlər. Bilavasitə təhlükə yarandıqda polisə günahkarı birbaşa evindən aparmaq icazəsi verilir. Konvensiyaya qoşulmuş ölkə sığınacaq və referal krizis mərkəzlərinin əlçatanlığını və 24 saat işləyən "qaynar xətt”i təmin etməlidir. Qadın və qızların müdafiəsi ilə yanaşı, konvensiya kişi hüquqlarının da müdafiəsini nəzərdə tutur.

Bəs, Azərbaycan niyə bu Konvensiyaya qoşulmur?

"İstanbul Konvensiyası” adlandırılan bu sənədin 2011-ci ildə qüvvəyə mindiyini vurğulayan "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu konvensiyanın kifayət qədər mükəmməl hazırlandığını deyib. Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində müəyyən olunan bütün mexanizmlər hərtərəfli öz əksini tapıb: "Bu təlimata əsasən ölkələr qadınlara qarşı baş verə biləcək zorakılıqların bütün formalarına qarşı ciddi mübarizə aparmalıdırlar”.

Mehriban xanımın dediyinə görə, Azərbaycanın bu konvensiyaya qoşulması ilə bağlı müəyyən müzakirələr aparılsa da, müsbət nəticə əldə olunmadı: "Bunun da müxtəlif səbəbləri vardı. Əsas amillərdən biri də guya konvensiyada bütün maddələrin qeyd-şərtsiz qəbul olunmasıdır. Ancaq sonradan belə bir şərtin mövcud olmadığı məlum oldu. Görünür, konvensiyada Azərbaycanı narahat edən bəzi məqamlar var deyə, hökumət bu addımı atmaqda maraqlı deyil. Çox yaxşı olar ki, aparılan müzakirələr sonunda Azərbaycan da rəsmən "İstanbul Konvensiyası”na qoşulmaq barədə qərar qəbul etsin. Səhv etmirəmsə, 20-dən artıq ölkə artıq bu sənədi ratifikasiya edib. İlk qoşulan Türkiyə sənədi imzaladıqdan sonra məişət zorakılığına qarşı mübarizə sistemində ciddi dəyişikliklər etdi. Ancaq onu deyim ki, bu Konvensiyaya qoşulan ölkələr kifayət qədər xərc çəkməlidir. Çox güman ki, Milli Fəaliyyət Planının bir çox bəndləri həmin Konvensiyaya uyğunlaşdırılıb. Yəni Azərbaycan rəsmi olaraq Avropa Şurasının qadın və ailə zorakılığına qarşı konvensiyasına qoşulmasa da, orada öz əksini tapan dəyişikliklərə meyl edir. Hesab edirəm ki, biz bununla kifayətlənməməli və həmin konvensiyaya qoşulmalıyıq. Sənəddə hər bir problemin həlli mexanizmləri aydın və səlist şəkildə öz əksini tapıb.

- Ümumiyyətlə, mövcud situasiyada qadınların Azərbaycan cəmiyyətində yerini necə dəyərləndirirsiz?

- Qanunvericilikdə qadınların yeri çox yüksəkdir, amma real həyatda stereotiplər hər kəsin öz yerində qərarlaşmasına müəyyən maneələr törədir. Bu isə ilk növbədə ailədaxili münasibətlər, təhsil, erkən nikahlar və qadına qarşı münasibətlərin birmənalı olmaması kimi problemlərdən qaynaqlanır. Dini radikalizmin oturuşmuş təsirləri qadınların cəmiyyətdəki rolunu arxa plana keçirir.

- Bəs, qadına qarşı zorakılıq hallarının daha çox hansı formaları mövcuddur?

- Bu gün qadınlara qarşı bir neçə formada zorakılıq var. Bunlar arasında ən çox müşahidə olunanı isə fiziki zorakılıqdır. Bütün qadınlar bu və ya digər formada zorakılığa məruz qalır. Ancaq gözlə görünən olmasa da, qadınlara qarşı edilən psixoloji zorakılıq fiziki zorakılıqdan daha artıq fəsadlar yarada bilir. Məhz qadınların selektiv abortlara təhrik edilməsinin nəticəsidir ki, statistikada 116 kişiyə 100 qadın düşür. Bu gün erkən nikah problemi öz aktuallığını qoruyub saxlayırsa, deməli, qadınlara qarşı mənəvi zorakılıq halı bizim üçün aktual problem hesab olunmalıdır. Hələ də qız uşaqlarının oxumasına gərək duymayan, onları təhsildən yayındıran ailələr var. Bütün bunlar da qadınlara qarşı zorakılığın bariz nümunəsidir. Ailədə olmasa belə, işdə və digər mühitdə istənilən qadın psixoloji zorakılığa məruz qalır. Elə bir vəziyyətdir ki, hər hansı qadını bir saniyədə məhv etmək olar. Bu, qadınlara qarşı böyük təhlükədir. Qadınların təhlükəsizliyini təmin edəcək indiqatorlar yoxdur. İstənilən şəxs təhlükə ilə üz-üzədir. Yalanlar o qədər inandırıcı tədqim edilir ki, insanlar ortada qalır. Xüsusən, sosial şəbəkədə bir saniyədə hər hansı şəxs haqqında elə sözlər yazıla bilər ki, onu tanımayanlar belə, həmfikir ola bilər.

- Məişət zorakılığı daha çox paytaxtda, yoxsa regionlarda müşahidə olunur?

- Məişət zorakılığı problemi həm paytaxtda, həm də regionlarda özünü daha qabarıq göstərir. Amma regionlara görə zorakılıq növləri fərqlidir. Məsələn, qərb rayonlarında qızların təhsildən yayındırılması kimi hallara çox az rast gəlinir. Amma cənub, aran bölgələri və Bakının kəndlərində təhsildən yayınma halları ciddi problemdir.

- Bəs, insan alveri problemi ilə bağlı durum necədir? Fahişəliyə cəlbetmə təhlükəsi isə üzləşən qadınlar özlərini necə qorumalı, tora düşməmək üçün nə etməlidirlər?

- İnsan alveri ilə bağlı müəyyən qədər maarifləndirmə işləri aparılır, xidmət paketləri təklif olunur. Ancaq çox təəssüflər ki, məişət zorakılığı probleminin artması qadınların insan alveri qurbanına çevrilməsinə şərait yaradır. Boşanan qadına ailəsi dəstək vermir və nəticədə o, tanımadığı insanlara güvənib, "tora düşür”. Bəziləri hər şeydən bezib könüllü şəkildə fahişəlik edir, bəziləri isə istəmədən insan alverçilərinin əlində oyuncaq olur. Hesab edirəm ki, xidmət paketlərinin sayı artırılsa, həmin insanlar cinayətkarların əlinə düşməz. Televiziyalarda hüquqi məlumatlandırmalar da kifayət qədər olmadığından insanlar daha çox biri-birinə ötürülən məlumatlara söykənirlər. Bu da çox vaxt insanları cinayətkarlara tuş gətirir.

- Fahişəliyin leqallaşdırılması uzun zaman müzakirə predmeti olmasına baxmayaraq ciddi müqavimətlə qarşılandı və açıq qaldı. Sizcə, bu mövzu ilə bağlı yekun qərar nə olacaq?

- Əslində fahişəliyin leqallaşdırılması heç bir halda qadın hüquqlarının müdafiəsini təmin etməyəcək. Biz elə bir proqram təklif etməliyik ki, qadınların iqtisadi zorakılıqlarına birdəfəlik son qoyulsun və onların əməyi fahişəlik və ya digər məqsədlər üçün istifadə olunmasın. Onların iqtisadi gücü artırılsın, sahibkarlıq fəaliyyətlərinə geniş şərait yaradılsın. Dəfələrlə qeyd etmişəm ki, heç kim fahişəliklə pul qazanan qadınlarla söhbət aparıb, soruşmur ki, bu qadınların özləri leqallaşdırmanı istəyirlər, ya yox? Yaxud da fahişəlik leqallaşacağı təqdirdə bu sahənin nümayəndələri qeydiyyata düşəcəklərmi? Hesab edirəm ki, bütün bu suallar öz cavabını tapmayacağı təqdirdə bu leqallaşma uğurlu bir nəticə verməyəcək. Bəzi adamlar hesab edir ki, fahişəliyin leqallaşması yoluxucu xəstəliklərin qarşısını alacaq. Ancaq təcrübə göstərir ki, ən mükəmməl qanunvericilik bazasına sahib ölkələrdə belə fahişəliyin leqallaşdırılması özünü doğrultmayıb. Ümumiyyətlə, fahişəliklə mübarizə tarixi bir daha sübut edir ki, heç bir radikal addımlar və ya qanuniləşdirmə bu problemin qarşısını almaq iqtidarında deyil. Demək, bu təcrübələrə əsaslanaraq başqa addımların atılması, qadınların sosial-iqtisadi imkanlarını gücləndirməli və qadınların hüquqlarının müdafiəsini təkmilləşdirməliyik.

- İntiharların artması ilə məişət zorakılığı arasında bir bağlılıq varmı?

- Hesab edirəm ki, qadınların özünə qəsd hadisələrinin ciddi şəkildə araşdırılmasına ehtiyac var. İntihar halları ilə bağlı cinayət işi açılsa da, intihara səbəb olan amillər açıqlanmır. Halbuki qadınların intiharı adətən məişət zorakılığı ilə bağlı olur. Bu yaxınlarda baş verən hadisə də göstərdi ki, qadınlar üzləşdikləri zorakılıq və təhqirlərə dözmədikləri üçün özlərini öldürmək məcburiyyətində qalırlar. Ancaq sonradan hadisəyə başqa don geyindirməyə çalışdılar. Ona görə deyirəm ki, hər bir qadın intiharı araşdırılmalıdır.

- Boşanmış qadınlara qarşı cəmiyyətin münasibətində necə, bir dəyişiklik var?

- 15-20 il bundan əvvələ baxanda müsbətə doğru dəyişikliklər hiss olunur. Həmin vaxtlar boşanmış qadınların ailə qurması müzakirə predmeti belə olmurdu. Bu gün isə qadınlara qarşı bu cür təzyiqlərin sayı xeyli azalıb. Ancaq istənilən halda cəmiyyətdə boşanmış qadınlara qarşı münasibət tolerant deyil. Hələ də boşanmış qadınlardan seks aləti kimi istifadə etmək istəyən insanların sayı kifayət qədərdir. Bir çox hallarda isə boşanmış qadın psixoloji, fiziki və eləcə də iqtisadi çətinliklər qarşısında qalır. Belə qadınların ən ağrılı yeri isə əmlak və yaşayış məsələləri ilə bağlıdır.

- Sizin sığınacağa müraciət edən qadınlar arasında sonradan həyat yoldaşları ilə barışan, evlərinə qayıdan olurmu?

- Əlbəttə ki, son iki ayda bir neçə qadının həyat yoldaşı ilə barışmasına nail olmuşuq. Bəzən cüzi hadisələr belə ailədə gərginlik yarada, münasibətlərin pozulmasına səbəb ola bilir. Təbii ki, onlar arasındakı gərginliyin artmasına kənar müdaxilələr də təsir edir və onlar arasında biri-birini anlamama halları müşahidə olunur. Ancaq psixoloqların dəstəyi sayəsində tərəflər arasındakı problemləri həll etmək və onları yenidən birləşdirmək mümkün olur.

Şəymən