Dövlət xəstəxanalarında da pullu xidmət göstəriləcək
Professor hesab edir ki, indiki zamanda əhalinin sosial durumunu ağırlaşdırmaq düzgün addım deyil
Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq, bütün dövlət tibb müəssisələri publik hüquqi şəxs olacaq.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
Publik hüquqi şəxs kimi tibb müəssisələrinin pullu xidmət göstərmək imkanlarının olacağını açıqlayan E.Əzizov hazırda mərkəzi xəstəxanaların publik hüquqi şəxs olması üçün işlərin aparıldığını açıqlayıb: "Hazırda yalnız mərkəzi xəstəxanaların publik hüquqi şəxs kimi fəaliyyət göstərməsindən söhbət gedir. Amma bu, ilkin mərhələdir. Yerli poliklinikalar da publik hüquqi şəxs olacaqlar. Bu iş tədricən həyata keçiriləcək”.
Nazirlik rəsmisi qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin göstərəcəyi pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir:
"NK "Pullu xidmət növləri”ni təsdiqlədikdən sonra tariflər müəyyən ediləcək. Qiymətlərin müəyyənləşdirilməsi səlahiyyəti yəqin ki, Tarif Şurasına veriləcək. Qiymətlər müəyyənləşdirildikdən sonra müəssisə pullu xidmət göstərə biləcək. Yəqin ki, harada yerləşməsindən asılı olmayaraq, bütün tibb müəssisələri üçün eyni xidmətə görə vahid qiymət tətbiq ediləcək”.
Qeyd edək ki, E.Əzizov daha əvvəl verdiyi açıqlamasında bildirib ki, dövlət tibb müəssisələrində tibbi xidmətlərin pullu olması həm də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlıdır: "Bu xidmətlər pullu olduqda artıq onun qiymətini xəstə deyil, sığorta şirkəti ödəyəcək. Təbii ki, pul keçiriləndə də artıq bu, rəsmi olacaq, pul əldən-ələ verilməyəcək”.
Qeyd edək ki, son zamanlar oxşar açıqlamalar tez-tez verilir. Bu isə əhali arasında müəyyən anlaşılmazlıq yaradır. İnsanlarda belə fikir yaranır ki, dövlət xəstəxanaları da, poliklinikalar da tədricən bütünlüklə pullu xidmətə keçəcək.
Anlaşılmazlığın yaranmasının bir səbəbi də Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdir. Dəyişikliyə əsasən bugünədək dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərirdisə, bundan sonra publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.
Bu da dövlət xəstəxanalarının qismən pullu xidmətə keçəcəyi anlamına gəlir. İndiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız "Əhalinin sağlamlığının qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək.
"Əhalinin sağlamlığının qorunması haqqında” qanun pullu və pulsuz tibbi xidmətlərlə əlaqədar istisnaları müəyyən edir. Burada uzun bir siyahı var. Oxucunun dəyərli vaxtını almaq istəmirik. Əslində, bu siyahı poliklinikalarda və dövlət xəstəxanalarında əhalinin oxuyub məlumat ala biləcəyi formada olmalıdır ki, insanlar nəyin pullu, nəyin pulsuz olduğunu bilsinlər.
Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla məsələnin mücərrəd xarakter daşıdığını və bu səbəbdən də əhali arasında çaşqınlıq yaratdığını bildirdi:
- Dövlət tibb müəssisələri pulsuz olmalıdır. Dəyişiklikdən belə anlaşılır ki, dövlət xəstəxanalarında, həmçinin poliklinikalarda təsərrüfat hesablı xidmət növləri təşkil ediləcək. Hesab edirəm ki, hazırkı sosial durumda, bu, əhaliyə böyük iqtisadi çətinliklər yaşadacaq. İndiki zamanda əhalinin sosial durumunu ağırlaşdırmaq düzgün addım deyil. Bu, ümumi işin ziyanınadır. Digər tərəfdən tibbi xidmət növlərinin bir hissəsinin pullu olması, manipulyasiya üçün də şərait yaradacaq. Tibb müəssisələrinə müraciət edənlər məlumatsız olduqlarından pulsuz xidmət növü üçün də ödəniş edə bilər. Əhali hansı xidmət növünün pulsuz, hansının pullu olması haqda dəqiq informasiyaya malik olmalıdır. Bələdiyyə xəstəxanalarının pullu olması da düzgün deyil.
Çünki bələdiyyə seçkili və dövlət təyinatlı orqandır. Bələdiyyə dövlət strukturudursa, tibb müəssisələri niyə pullu olmalıdır?! Ümumiyyətlə, 4 növ tibbi xidmət var - dövlət, özəl, bələdiyyə və tibbi sığorta. Bunlardan yalnız özəl tibb müəssisələrinin pullu olması anlaşılandır. Digər 3 növ isə əhaliyə pulsuz tibbi xidmət göstərməlidir. İcbari tibbi sığorta paketi təyin edilməli və əhali lazım gəldikdə bundan sərbəst istifadə etmək imkanına və hüququna malik olmalıdır. Ödənişli tibbi xidmət yalnız icbari tibbi sığorta həyata keçirildikdə mümkündür. Qonşu dövlətlərdə icbari tibbi sığorta artıq illərdir ki, tətbiq edilir və belə olduğu halda əhalinin dövlət xəstəxanaları, poliklinikalarda müayinə və müalicəsi dövlət hesabına aparılır. Belədə, bəli, əhalinin üzərinə yük düşmür. Özəl klinikalara müraciət etmək istəyənlərsə, təbii ki, ödəniş edirlər.
Məlahət Rzayeva