Quran kurslarına gedənlərə qadağa qoymaq olmaz

Bu qərarı verən hər hansı bir qurum gərək müəyyən bir şərait yaratsın


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, evlərdə Quran kursu yaratmaq olmaz. Onun sözlərinə görə, bu ancaq məscidlərdə ola bilər.
Komitə sədri bildirib ki, bütün Quran kursları Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qeydiyyata alınmalı və rəsmiləşdirilməlidir: "Bu işlə məşğul olan və özünü axund, imam kimi təqdim edən şəxslər qanun qarşısında cavab verməli olacaq. Heç bir səlahiyyəti və təyinatı olmayanlar Quran kursu adı altında gəncləri radikal qrupların təsiri altına sala bilər. Nəyin bahasına olursa olsun, kənardan ümumi islami dəyərlərə xələl gətirən və zərbə vuran cərəyanların Azərbaycana ayaq açmağına yol verməməliyik”.

Komitə sədrinin verdiyi açıqlama ilə bağlı "Şərq”ə danışan ilahiyyatçı Hacı Atif İsmayılov bildirib ki, Əgər QMİ Quran kurslarının təşkil edilməsi üçün şərait yaratmırsa və xalq bunu öyrənmək istəyirsə, onların qarşısını məcburi surətdə almaq mümkün deyil. Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və QMİ cəmiyyətin "Qurani Kərim”lə bağlı hər bir istəyini təmin edərsə, bu zaman qərar məqsədəuyğun olar. A.İsmayılov həmçinin deyib ki, müsəlmanların Quran təlimi ilə bağlı istəkləri yerinə yetirilmirsə, insanlara zor güc tətbiq etmək düzgün deyil: 
"Yəqin ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin evlərdə Quran kurslarının keçirilməməsi ilə bağlı verdiyi qərar qıraqdan bir neçə qüvvənin gizli şəkildə tədrisinin qarşısını almaqdan ötrüdür. Belə məqsədlə olarsa, bu, məntiqə uyğun hesab oluna bilər. Bu qərarı verən hər hansı bir qurum gərək müəyyən bir şərait yaratsın. 

Belə şərait olmadığı üçün insanlar Quranı öyrənməkdən ötrü fərqli şəxslərə müraciət edir. Həmin şəxslərin də Quranı kiməsə öyrətməsi vacibdir. Məsələn, kimsə mənə müraciət eləsə, həmin şəxsə dərs keçərəm, baxmaram ki, burda qanun var, yoxsa yox. Ona görə də QMİ tərəfindən kurslar təsis olunmalı və real dərslər keçirilməlidir. Bu zaman radikal bir qruplaşmanın da qarşısını almağa fürsət yarana bilər. Hər bir insanın müsəlman olaraq vəzifəsidir ki, Quranı təlim etsin və təmənnasız insanlara olaraq xidmət göstərsin”.

Yeganə Bayramova