Bəzən də elə valideynlər var ki, övladından çox şey istəyir. İmtahanda 300 bal toplayan abituriyentdən 600 bal gözləyir
Bu imtahan ailənin imtahanıdır
Evdə gərginliyə, sıxıntıya şərait yaratmaq olmaz
Bəzən də elə valideynlər var ki, övladından çox şey istəyir. İmtahanda 300 bal toplayan abituriyentdən 600 bal gözləyir
Bəzən də elə valideynlər var ki, övladından çox şey istəyir. İmtahanda 300 bal toplayan abituriyentdən 600 bal gözləyir
Hər il imtahanlarda minlərlə şagird yüksək imtahan qayğısı səbəbi ilə istədikləri performansı yerinə yetirə bilməməkdə, bir çox psixoloji və hətta fiziki problem, ailədaxili qarşıdurmalar yaşamaqdadır. Məhz bu səbəblər fonunda Şəmkir sakini intihara cəhd edib. Şəhərin Tatarlı kənd sakini 18 yaşlı Namiq Cahan oğlu Qasımov dərman içərək həyatına son qoymaq istəyib.
Anası tez xəbər tutduğuna görə, o, Tovuz rayon Qovlar Şəhərinin Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb. İlkin müayinədən sonra Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilən Namiq Qasımov reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin ehtimala görə, Namiqin intihar etməsinə onun qəbul imtahanında istədiyi nəticəni göstərə bilməməsi səbəb olub. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Çox təəssüflər olsun ki, imtahanda zəif nəticə göstərən abituriyentlərin intihara əl atmasının ilk dəfə şahidi olmuruq və qabaqlayıcı tədbirlər görülməsə, son da olmayacaq. Əslində, ilk baxışdan imtahan nəticələrinə görə, bir gəncin həyatdan əlini üzməsi və özünü öldürməsi inandırıcı görünməyə bilər. Amma gündəlik yaşamımızda dəfələrlə şahidi olmuşuq ki, azərbaycanlı ailələr imtahan məsələsində övladlarını aşırı psixoloji təzyiq altında saxlayır. Uşaqlar da öz-özlüyündə affekt vəziyyətə düşür və zənn edirlər ki, universitetdən kəsilmək artıq həyatın sonudur. Halbuki valideynlərin missiyası bu yanaşmanın yanlış olduğunu, qos-qocaman həyatın sadəcə bir ali məktəb imtahanından ibarət olmadığını öz övladlarına aşılamaqdan ibarətdir.
Uğursuzluq qorxusu yaşayan uşaqlarda imtahandan əvvəl, imtahana hazırlaşarkən və imtahan vaxtı çox fərqli əlamətlər özünü göstərə bilər. Bu əlamətlər psixoloji və ya fizioloji ola bilər. Valideyn və müəllimlərin əvvəlcədən bu əlamətləri görməsi, bu sıxıntıların aradan qaldırılması üçün böyük əhəmiyyətə malikdir. Çünki uşaqlar sıxıntıları ifadə etməkdə böyüklərə nisbətən çətinlik çəkirlər.
Bəs, valideynlərin abituriyentlərə imtahan öncəsi psixoloji dəstəyi necə olmalıdır?
Abituriyentlərə valideyn tərəfindən imtahan öncəsi göstərilən psixoloji dəstəyin çox önəmli olduğunu vurğulayan psixoloq Hüseyn Xəlilovun sözlərinə görə, valideyn uşaqları imtahana hazırlamalıdır: "Əslində təkcə övladlar imtahan vermir, onunla bərabər valideynlər də imtahan verir. Belə ki, uşaqların imtahana hazırlaşdığı bir və ya iki il ərzində valideyn övladını izləyir, onu müşahidə edir, özünü imtahanın içində hiss edir. Valideyn çalışmalıdır ki, övladına dəstək olsun, ona gərginlik yaratmasın, uşaqların üzərinə getməsin, ona psixoloji təzyiq göstərməsin, onun əsəb sisteminin oyanmasına imkan verməsin. Yəni, valideyn övladını müşahidə edərkən ona dəstək olsun. "Mənim balam inşallah çalışaraq qəbul olacaq” desin. Amma önəmli faktorlar məsuliyyət, diqqət, çalışqanlıqdır. Bu tip dəyərlərə abituriyent diqqət etməlidir ki, valideyn onun məsuliyyətsizliyini, diqqətsizliyini, panikliyini, tələskənliyini görüb onunla aqressiv münasibət yaratmasın. Bəzən bir qrup abituriyenlər məsuliyyətsiz, diqqətsiz olur, bəzən də imtahana ciddi yanaşmırlar. Bunları valideyn gördüyü zaman təbii olaraq narahat olur. Amma bu narahatçılığını övladının üzərinə gedərək deyil, onunla söhbət edərək problemi aradan qaldıra bilər. Valideyn övladına dəstək olmaq üçün ən azı həftədə bir dəfə, ayda 2-3 dəfə gəzintiyə aparmalı, onunla söhbət edərək problemlərini dinləməlidir.
Bəzən də elə valideynlər var ki, övladından çox şey istəyir. İmtahanda 300 bal toplayan abituriyentdən 600 bal gözləyir. Bu, doğru hərəkət deyil. Valideynlər elə etməlidir ki, övladları imtahana hazırlaşdıqları ərəfədə evdə gərginlik yaranmasın, sıxıntı verəcək hallar olmasın. Ailədə sistematik hay-küy, qalmaqal, davamlı abituriyenti qınamaq, onu pərt etmək, onu alçaldacaq sözlər deməməlidir. Abituriyentə ruh yüksəkliyi, nikbinlik verməlidir. Valideyn özünü uşağının yerinə qoyaraq bunun çox çətin bir proses olduğunu qəbul etməli və övladını buna hazırlamalıdır”.
Psixoloqun sözlərinə görə, abituriyent imtahan zamanı uğursuzluq, başarısızlıq əldə etdisə, artıq imtahandan çıxdıqdan sonra həyatın sonudur deyə düşünməməlidr. O bilməlidir ki, imtahanda əldə etdiyi bu uğursuzluq bugünkü xətanın nəticəsi deyil:
"O, aşağı siniflərdə, xüsusilə 9, 10, 11-ci siniflərdə zəif çalışıb, öz üzərində az işləyib, hədəflərini müəyyənləşdirməyib, nəticədə imtahandan başarılı bal əldə edə bilməyib. Buna görə azacıq düşünərək özünü tənqid etməli, daha sonra həyatın sonuymuş kimi mən nə edəcəm, valideynlərimə nə deyəcəm, dostlarımın, yoldaşlarımın üzünə necə baxacam deyib özünü sərt bir şəkildə qınamamalıdır. Sadəcə təqsirini bilməlidir ki, çox az çalışıb və buna görə də istədiyi nəticəni toplaya bilməyib. Demək ki, növbəti il daha yaxşı çalışıb imtahan verə bilər. Amma bəzən də abituriyentlər çox böyük xəta edirlər. İmtahanda başarısız olduqdan sonra hətta intihara belə əl atırlar. Gərək imtahandan çıxan abituriyentə dəstək olaq, tək biz deyil, onun valideynləri, dostları, müəllimləri deməlidir ki, eybi yox, bu il alınmadı, gələn il təkrar imtahana girərsən. Xətaların olub, səhvlərin olub, az çalışmısan, məsuliyyətsizlik, diqqətsizlik etmisən, imtahanda beyninə gələn fikirləri qovmaq əvəzinə, onu daha çox fikirləşərək özünü yormusan. Bu başarısızlıq demək həyatın sonu demək deyil. Bu, ölümlə nəticələnəcək bir şey deyil. İmtahana girə bilmədiyim birinci il evə gəlib əyləşdim, səhvlərimi axtarıb tapdım və ikinci il qəbul oldum. İnsan özü ilə səmimi olmalıdı. İnsan özü-özünü aldatmamalıdır. Həyatda ən məsuliyyətli cəhət odur ki, insan özünü aldatmasın. O, özü bilir ki, az çalışıb, az oxuyub, lazım olan qədər çalışmayıb, tənbəllik edib, arxayın olub, özü-özünü aldadıb və bu gün də başarısız olub. Ona görə də bu tip başarısızlıqlar həyatın sonu demək deyil. İnşallah, çalışmalıyıq, əzm, zəhmət nəticəsində biz çox şey əldə edəcəyik”.
Şəymən