Hər il 3000 mənzil olmaqla, sosial evlər yenidən gənc ailələrə təqdim olunacaq
"Güzəştli mənzil” sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Prezident İlham Əliyev bu barədə fərman verib. Fərmana əsasən Nazirlər Kabinetinə Prezident aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib dövlət başçısına məlumat vermək tapşırılıb.
Qeyd edək ki, evsizlik Azərbaycanda kifayət qədər ciddi problemdir. İpoteka kreditlərinə bəslənən ümidlər özünü doğrultmadığı üçün ildən-ilə evsiz gənclərin də sayı artmaqdadır. Sözsüz ki, evsiz gənclərin hər biri bu fürsəti əldən verməmək üçün müraciət edəcək, mümkün variantlara əl atacaq. Bəs, xaos yaranmasın, ədalətsizlik olmasın deyə sistem necə qurulmalıdır?
İlkin olaraq inşa olunacaq sosial binalarda təxminən 1900 mənzilin istifadəyə veriləcəyini deyən İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov mənzillərlə müraciət edən gənclərin sayı arasında böyük fərq olduğunu deyib. Onun sözlərinə görə, artıq "ASAN” Xidmətə müraciət edənlərin sayı 20 mindən artıqdır. Bu isə indidən müraciət edənlərlə mənzillər arasındakı say fərqinin 10 dəfə olduğunu göstərir. Əsasnamədə də qeyd olunduğu kimi, növbəti illərdə, hər il 3000 mənzil olmaqla, sosial evlər yenidən gənc ailələrə təqdim olunacaq. Bu da əmlak bazarında ev tərtibatının cəmi 10 faizi deməkdir.
V.Bayramovun sözlərinə görə, müraciətlər elektron olduğu üçün şəffaflıq və obyektivlik son dərəcə əhəmiyyətlidir. Bir neçə gündən sonra sosial evlər almaq üçün qeydiyyat başlayacaq və əhalinin güzəştli təbəqəsi bundan istifadə edə biləcək.
Müraciət sisteminin 2 mərhələli olacağını qeyd edən ekspertin sözlərinə görə, ikinci mərhələdə daha çevik olan insanlar sosial evə sahib ola biləcəklər: "1-ci mərhələdə ancaq qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə müraciətə daha tez baxılacaq. Bildiyiniz kimi, sosial evlər mənzil almaq imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulur. Hər kəs ala bilməyəcək. Mənzillərin verilmə qaydalarına görə gəlinən razılığa əsasən müəyyənləşəcək ki, həmin mənzillər kimlərə veriləcək. Proses elə hazırlanmalıdır ki, həmin evləri ancaq o şəxslər almalıdır ki, onların ümumiyyətlə, mənzil almağa imkanı yoxdur. Amma yenə də bu, işin şəffaflığından, evlərin verilməsi prosesinə nəzarətdən asılı olacaq.
Fikrimcə, sosial evlərin paylanılmasında hər hansı narazılıqlar ortaya çıxmasın deyə nəzarət güclü olmalıdır”.
Şəymən