Qəzalarla bağlı faydalı TƏKLİF:"Piyada könüllüləri yaradılsın ! "




"Avtobusun piyadanı vurmasını dəqiq analiz etmək lazımdır. Ola bilər, piyadanın günahı ucbatından baş verib”.

Bunu Sherg.az-a 81 saylı marşrut avtobusunun piyadanı vurmasına münasibət bildirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. 

O bildirib ki, son zamanlarda piyadalar da yolda qaydalara əməl etmirlər:

"Piyadalar sanki hüquqlarından sui-istifadə edib, avtomobillərin qarşısından şütüyürlər. Onlar da bir qədər diqqətli olmalıdırlar. Ola bilər, marşrut sürücüsünün ciddi səhvi olmayıb. Çünki bütün hadisələrdə o demək deyil ki, sürücülər günahkardır.

Amma əksərən sürücülərin boynuna məsuliyyət düşür. Çünki sürücülər hadisədən qaça bilərdi. Təhlükə vəziyyətini ən çox diqqətdə saxlayan sürücülər olmalıdır”.

Piyadaların yeraltı keçidlərdən az istifadə etdiyini deyən F.Eyyubov onların küçədə daim tələsdiyini və nəticədə təhlükəli vəziyyət yaratdığını bildirib:

"Piyadalar yeraltı keçid ola-ola ora düşmək əvəzinə, keçidin üstü ilə harasa qaçırlar.
Mən təklif edirəm ki, piyada könüllüləri yaradılsın və piyadalara bu məsələdə dəstək olsunlar. Beynəlxalq yarışlar, idman üçün çox əhəmiyyətli fəaliyyət göstərən könüllülər var. Piyadalar üçün də bu cür layihə həyata keçirilsə, orta məktəb şagirdləri və ya tələbələr arasından könüllülər bura cəlb edilə bilər.

Yol qəzalarında zərər çəkənlərin əksəriyyəti piyadalardır. Bu böyük bəladır. Ona görə maarifləndirici addımları gücləndirmək lazımdır”.

Qeyd edək ki, Nizami rayonu Naxçıvanski küçəsində (26 saylı poliklinikanın qarşısı) 81 saylı marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olan "Daewoo" markalı, 10 TG 451 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu 40-45 yaşlı kişi hadisə yerində vəfat edib.

Aysel Aslan