Ekspertdən imtahan saxtakarlığının qarşısını alacaq TƏKLİF

Əjdər Ağayev: "Əkizlərin bir-birinin əvəzinə imtahan verməsini əngəlləmək üçün asan vasitə kimi texnikanın imkanlarından istifadə edərək müəyyən metod tətbiq etmək olar"


"Üzdən oxşar şagirdlərin və ya əkizlərin bir-birinin əvəzinə imtahan verməsini əngəlləmək xüsusi peşəkarlıq tələb etmir”.

Bunu Sherg.az-a IV kurs tələbəsinin üzdən oxşar olduğu abituriyentlərin əvəzinə qəbul imtahanında iştirak etmək cəhdinə münasibət bildirərkən təhsil eksperti Əjdər Ağayev deyib. O bildirib ki, gənclərin bu addımı saxtakarlıqdır:

"Düşünürəm ki, insanlara məsuliyyət hissini, düzlüyü dürüstlüyü aşılamaq lazımdır. Xüsusilə, gənclər və yeniyetmələr bu cür hərəkətlərdən qaçsınlar. Gənclər belə addım atırsa, ola bilər valideynlərin bundan xəbəri var və ya yoxdur. Gənclər valideynlərlə məsləhətləşmədən də özbaşına bəzi işləri görməyə çalışırlar. Valideynlər buna razılıq verdikdə isə ikiqat məsuliyyət daşıyırlar. Hər halda ali məktəb tələbəsi olmaq səviyyəsində insanın, digəri isə tələbə olan qardaşın yol verdiyi əməl sadəcə saxtakarlıqdır. Həmin şəxslər düzgün həyata keçirilən ciddi bir işi fırlamağa çalışıblar”.

Bir-birinə bənzər insanları ayırd etməyin çətin olduğunu diqqətə çatdıran Ə.Ağayev daha asan vasitə kimi texnikanın imkanlarından istifadə edərək müəyyən metod tətbiq etməyi təklif edib:

"Ya barmaq izini öyrənmək, ya da şəklin analizi, şəxsiyyət vəsiqəsinin ciddi yoxlanması və s. kimi addımlar atmaq olar. Təəssüf doğuran odur ki, belə halların, mənfiliklərin hamısı həmin şəxslərin cəzalandırılmamağından qaynaqlanır. Cərimə ciddi cəza deyil. Məqsədli şəkildə mənfi addımlar atanlar o cərimədən daha ağır cəzaya məruz qalmalıdır. Əksər hallarda təcrübələr göstərir ki, insanlar cərimələrdən nəticə çıxarmırlar. Ciddi cəzalara və xüsusilə, ictimai qınağa məruz qalmalıdırlar. Başqaları da dərs çıxarmalıdır ki, bunu ictimaiyyət düzgün qarşılamır və tənqid edir”.

Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarında IV kurs tələbəsinin abituriyentin əvəzinə imtahan vermək istədiyi aşkarlanıb. Qarşısı alındıqdan sonra isə həmin şəxsin ötən il bu il əvəzinə imtahan verdiyi abituriyentin kiçik qardaşının da əvəzinə imtahan verdiyi müəyyən edilib.

Aysel Aslan