Yenə də alternativ yollarla hərbi xidmətdən YAYINANLAR OLACAQ

Üzeyir Cəfərov: "Xidmət etmək istəməyənlər onsuz da etməyəcək"


"Hərbi xidmətə çağırılma haqqında nəzarəti bir qurumun səlahiyyətinə vermək doğru olmaz”.

Bunu Sherg.az-a hərbi xidmətdən alternativ üsullarla yayınma hallarına münasibət bildirərkən hərbi ekspert Üzeyir Cəfərov deyib. 

O bildirib ki, buna nəzarət üçün komission şəkildə yoxlama aparmaq lazımdır:

"Kimisə hərbi xidmətdən azad edənlər, sonradan buna hüquqi don geyindirib, özünü sığortalamağa çalışacaq. Əslinə qalsa, hamının vətənə xidmət borcudur. Amma bəziləri xidmət etmək istəmir, yayınırlar. Çalışmalıyıq ki, belə hallar olmasın. Nə qədər çalışsaq da, müəyyən qüvvələr var ki, onlar öz mənfi əməllərini həyata keçirməyə davam edəcəklər. Xidmət etmək istəməyənlər onsuz da etməyəcək. Amma ağıllı və optimal yollar axtarmalıyıq. Məsələn, qonşu Türkiyədə və Gürcüstanda hərbi xidmət keçmək istəməyənlər səhhətində müəyyən problemlər varsa, dövlət büdcəsinin hesabına müəyyən olunmuş vəsaiti ödəyir. Ən azından bu, qanuni yoldur. Yox əgər, bir əli əyri, neqativ insan kimisə xidmətdən azad etmək istəyirsə, ən azından neqativ hallara yol açır. Həmçinin dövlətin təhlükəsizliyinə də dolayı ziyan vurur. Ona görə də yoxlamalar aparılacaq. Bu formal həyata keçirilməyəcəksə, ümumi işin xeyrinədirsə, mən tərəfdarıyam”.

Ü.Cəfərov onu da əlavə edib ki, bütövlükdə hərbi xidmətə qəbula nəzarətin gücləndirilməsi lazımdır:

"2 il əvvəl dostlarımızla bərabər Silahlı Qüvvələrdə nəzarət qurumu yaratmaq istəyirdik. Düzdür, "Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi" İctimai Birliyi adlı birlik və onun sədri var. Lakin həmin sədr, Emin Həsənli heç fəaliyyət görmür. Yəqin ki, başı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasındakı fəaliyyətinə qarışıb. Əslində isə mən bunun tərəfdarıyam ki, şəffaf şəkildə proses həyata keçirilsin, sağlam insanlar hərbi xidmətdən yayınmasınlar”.

Ayyət Əhməd