"Status-kvonun bu qədər uzun saxlandığı bir münaqişə məhz Dağlıq Qarabağ münaqişəsidir”.
Bunu Sherg.az-a Avropa İttifaqının Dağlıq Qarabağ haqqında narahatlığına münasibət bildirərkən analitik Arzu Nağıyev deyib.
O bildirib ki, dünyanın heç bir yerində bu qədər uzun çəkən münaqişə yoxdur:
"Buna görə də problemlərin alovlanması həm Avropanı, həm də Qərbi maraqlandırmağa başlayıb. Bundan başqa nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi davam edir, Avropa özünün enerji təhlükəsizliyinə təhdidi sona qədər bərpa edə bilməz. Çünki bu gün Avropa Azərbaycan qazını idxal edən region olduğundan bu proseslərdə təhlükəsizlik məsələsi bərpa olunmasa irihəcmli layihələr həyata keçirilə bilməyəcək. Avropanı artıq bu da narahat edir.
Əvvəllər Avropada belə bir tendensiya yaranmışdı ki, hər bir dövlətin öz müqəddəratını təyin etməsi hüququ var. Bu istiqamətdə istənilən addımı ata bilər. Yeni proseslər Avropada baş verdikdə və miqrant kütlələrinin axınından, terror aktlarından sonra Avropada separat meyllərin baş qaldırması, skeptiklərin hakimiyyətə gəlmək imkanları çoxaldıqdan sonra onlar hiss etdilər ki, insan hüquqlarının tapdalanması, xalqların müqəddəratını təyin etməsi separat meyllərə gətirib çıxara bilər. Bu gün Dağlıq Qarabağ Azərbaycanın tərkibi olaraq suveren şəkildə Aİ tərəfindən tanınırsa, müsbət haldır. Eyni zamanda artıq fikir dəyişir. Başqa fikir formalaşır ki, burada baş verən proseslərin başında duran ikinci bir erməni dövlətinin yaranması qeyri-mümkündür. Buna heç vaxt Azərbaycan imkan verməyəcək. Təbii ki, bu da böyük müharibələrə gətirib çıxaracaq. Bu isə həm Avropaya, həm də regiona təhdiddir. İstənilən vaxt burada müharibə alovlana bilər. Müharibənin alovlanması böyük problemlərə yol açacaq".
Rusiya faktoruna diqqət çəkən A.Nağıyev bildirib ki, Rusiya SSRİ-nin varisi kimi bu ocaqların yaranmasında müstəsna rol oynayır. Hətta qəsdən bunları yaradıbsa, münaqişələrin tənzimlənməsində də maraqlı olmalıdır:
"Aİ-nin mesajı Rusiyaya yönəlib ki, bunu yaratmısansa, söndürməlisən. Buna görə də Avropa məsələyə yenidən qayıdıb. Baxmayaraq ki, Minsk qrupunun həmsədrlərinin biri Fransa və ABŞ-dır. Sona qədər formal bəyanatlarla çıxış etdilər və gördülər ki, 25 ildir bunun həlli olmur. Fransada keçirilən prezident seçkilərində Emmanuel Makronun seçkiqabağı bəyanatında da bu vardı. Digər bəyanatlarda da ifadə olunurdu. Azərbaycanı onlar bir müttəfiq kimi görmək istəyirlərsə, öncə Dağlıq Qarabağ münaqişəsini həllinə çalışmalıdırlar. Əks halda Avropa və Azərbaycan arasında olan müsbət tendensiyalı əlaqələr başqa tərəfə yönələ bilər. Buna görə, Avropa çalışır ki, öz buraxdığı səhvləri bərpa etsin”.
Qeyd edək ki, İrəvanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Devid Makallisterin sözlərinə görə Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsi zonasında insan itkisi ilə nəticələnən silahlı insidentlərdən narahatdır.
Aysel Aslan