“Dünya məndən inciməsin”
Daş Oğuz (Ağ Üz) yurdu olan Tovuz rayonunun sazlı-sözlü uluca kəndlərindən biri və birincisi, heç şübhəsiz ki, Bozalqanlıdır. Mən Bozalqanlını hələ XVII əsrin o üzündən Kürün sol sahilində yerləşən vaxtlarından tanıyıram. Şavadın meşəsinin qırağından. Türkün böyük söz karvanının keçdiyi müqəddəsliyin bir adı da Bozalqanlıdır. Ozan-aşıq sənətimizin və şifahi xalq ədəbiyyatımızın Hüseyn Bozalqanlı kimi urvatlı ismi bu torpağın bağrından qopub. Dəmirçi Abbas, Şəmsəd Rza, Aşıq Əkbər Cəfərov, Aşıq Ələsgər Tağıyev kimi onlarla yox, yüzlərlə tanınmış saz-söz adamlarının adlarını çəkmək olar ki, bu torpağın qoynunda qanadlanıblar. Siyahını çox uzatmaq olar. Günümüzün ən istedadlı solo saz ifaçılarından olan Firudin Bozalqanlı da bu torpağın bərəkətidir.
Şeir göyərəcək, şeir bitəcək
Burda bir toxumu daşa da əksən
Hər bu torpağın bərəkətindən söz düşəndə belə deyərdi Akif SƏMƏD. Çox şükürlər olsun ki, ustadlar-ustadı Hüseyn Bozalqanlıdan üzü bu yana həmin yolun-yolağın zaman-zaman uğurlu davamçıları saz-söz aləmində boy göstərdilər. Onlardan biri də heç şübhəsiz ki, bizim Mikayıl müəllimdir - Mikayıl Bozalqanlı. Mayası Bozalqanlının sufi torpağından yoğrulan Mikayıl Bozalqanlı. Hüseyn babamızın söz çeşməsindən ona da pay düşüb.
O çeşmədən bir sənək də Mikayıl bəy götürüb. Boynuna almamaqla deyil, sağ olsun Ehtiramı, toylaya-toylaya axır ki, Mikayıl bəyin boynuna qoydu. Ortada da gözəl nəticə var. Mikayıl müəllimin "Dünya məndən inciməsin” adlı şeirlər kitabı əlahəzrət oxucuların ixtiyarına verildi. Mübarək olsun! Bozalqanlıdan olub şeir yazmaq ağır məsuliyyətdir, çox ağır. Bu məsuliyyətin ağırlığını dərk edən Mikayıl müəllimə uğurlar olsun!
Həmid Ormanlı
Ay ölləm, ölləm
Könül xəstə düşüb, yar deyib ağlar,
O kövrək səsinə, ay ölləm, ölləm.
Yarın həsrət odu qəlbimi dağlar,
Bəyaz sinəsinə, ay ölləm, ölləm
Ruhumdu, canımdı, ağlım-sərimdi,
Gövhərim, yaqutum, simuzərimdi,
İlk bahar çiçəyim, tazə-tərimdi,
Bahar həvəsinə ay ölləm, ölləm.
Məndən küsən bəxtim, yatıb elə bil,
Məni seçən dünya, atıb elə bil,
O yoxdu, günəşim batıb elə bil,
İsti nəfəsinə, ay ölləm, ölləm.
Kaş həmin əvvəlki səhmanım ola,
Yenə əhdim ola, peymanım ola,
Min bir pəri gələ, mehmanım ola,
Dostun köhnəsinə ay ölləm, ölləm.
Eyləmə
Dəli könül, keçər dövran,
Qəm eyləmə, qəm eyləmə.
Göz yaşıyla boğma məni,
Nəm eyləmə, nəm eyləmə.
Görübsən bu cür minini,
Boğ içindəki kinini.
Səbirli ol, təmkinini,
Kəm eyləmə, kəm eyləmə,
Su qatma qaynar aşına,
Yaraşarmı bu yaşına,
Eli tökməynən başına,
Cəm eyləmə, cəm eyləmə.
Mikayıl amanda, ahda,
Gah muğamda, gah segahda,
Gahdan qalxıb zilə, gah da
Bəm eyləmə, bəm eyləmə.
Çal indi Təcnis
Qara zülfə yoxdurmu bir qadağa,
Çal başına, çal çalmanı, çal indi.
Bir canım var, olsun sana sadağa,
Çal özümdən apar məni, çal indi.
Aşiqinəm, bir nəzərə al məni,
Dəli edir bəyaz məni, al məni,
Saz eyləyib bas sinənə, al məni.
Bala-bala hər pərdədə çal indi.
Tanrı yaradıbdı incə sənəmi,
Mənəmi rəhm edib, səncə sənəmi,
Qoyum sinən üstə dincə sinəmi,
Beləcə oxşayıb, layla çal indi.
Mikayıla sən olasan təki ləm,
İnsafdırmı sən var ikən tək öləm,
Rəva görmə hər çuxura töküləm,
Qoy üyüşüm, öz qabında, çal indi.
Gəl Təcnis
Bəs deyilmi, bunca gözüm yol çəkər,
Ay biinsaf, nolar, bizə sarı gəl.
Mənim çəkdiyimi, çətin yol çəkər,
Yaralar qövr edir, durma, sarı, gəl.
Deməginən yaşın keçib o yana,
Bundan sonra çətin bəxtin oyana,
Qurban olum, bağrım başın oyana,
Nə məni ələ sal, nə də sarı, gəl.
Bu işvəylə gözəllərin gözüsən,
Aldın əldən ağlı, huşu, gözü sən.
Basmagınan sinəm üstə közü sən,
A gözləri yaşıl, saçı sarı, gəl.
Çəkərəm Təcnis
Sən gedəli sənsizliyin nazını
A bimürvət, canıma xoş, çəkərəm.
Yar yolunda nəyə desən hazıram,
Kəl yerinə kotana qoş, çəkərəm.
Yara vuran nazlı yara yaram mən,
Sən bilirsən nə çəkirəm, yaram, mən,
Fərhadammı Bisutunu yaram mən,
Surətini qəlbim bom-boş, çəkərəm.
Yar iyinə öyrətmişəm sinəmi,
Ay Mikayıl, arzun sönə, sinəmi?!
Mübtəla olmuşam eləsinəmi,
Çəkdikcə eyləyər sərxoş, çəkərəm.
Ay üzə-üzə Təcnis
Ala gözlüm, sənə necə söyləyim,
Məftunam səndəki ay üzə, üzə.
Bu dəli sevdamla görən neyləyim,
Alıbdı canımı, ay üzə, üzə.
Dərd əlindən canım düşüb yarıma,
Xəbər yayan, səni candan yarıma,
Necə deyim indi xəndan yarıma,
Çıxıbdı eşqimiz ay üzə-üzə.
Fərhad olub Bisutunu yararam,
Yar olsa yaradan, yardan yararam,
Mirvaritək hər an yarı araram,
Qəvvastək dəryada ay üzə-üzə.
Necə ölmüyüm
Baş yatanda sazın üstə,
Sim yananda közün üstə,
Haray çəkən sözün üstə,
Ölmüyüm-necə ölmüyüm?
Bu səs yurddan, eldən gəlir,
Bu səs candan, dildən gəlir,
İnildəyən teldən gəlir,
Ölmüyüm-necə ölmüyüm?
Barmaq simlə nə təmasda?
Nə sehirdə, iltimasda?
Gah təcnisdə, gah cinasda,
Ölmüyüm-necə ölmüyüm?
Ruhum dara çəkiləndə,
Bağrım başı söküləndə,
İçim yerə töküləndə,
Ölmüyüm-necə ölmüyüm?
Aşıq, bu nə idi çaldın,
Məni haldan-hala saldın,
Tanrı verən canı aldın,
Ölmüyüm-necə ölmüyüm?
Amandı
Ay aşıq, qəsdimə durubsan, bəsdi,
Öldürəcək bu saz məni, amandı.
Ruhumu gözündən vurubsan, bəsdi,
Öldürəcək bu saz məni, amandı.
Simlərin harayı, nə deyir belə?
Yandırır canımı, döndərir külə.
Tutubdur, qoymayın bir şirin dilə,
Öldürəcək bu saz məni, amandı.
Mizrab sığal çəkib, tel oynayanda,
Ağızda qıy vurub, dil oynayanda,
Məclisdə incə bir bel oynayanda,
Öldürəcək bu saz məni, amandı.
Sazla qaynamırsa, qan qan olarmı?
Sazla alışmırsa, can can olarmı?
Mikayıldan ötə qurban olarmı?
Öldürəcək bu saz məni, amandı.
Qıfılbənd
Dostum Nazim Aslanla deyişmə
Mikayıl Bozalqanlı:
Arif olan bil yerini hər kəsin,
Hazır deyilsənsə əbəs yarışma.
Cavab ver sorğuma, varsa həvəsin:
Düşün-daşın əvvəl, yetər ki, çaşma.
Nazim Aslan:
Haqq verib yerini hər duyan kəsin,
Ondan gələn vəhlər deyil yarışma.
Əgər O istəsə olar həvəsin,
Açılar qıfılbənd, çalış-çalışma.
Mikayıl Bozalqanlı:
Getməz söyləmişlər nəyin yarası?
O nədir tapılmaz heç vaxt çarası?
Nəyin xoşa gəlməz olsa qarası?
Nəyi qəbul eylə, nəylə barışma?
Nazim Aslan:
Getməz söyləmişlər sözün yarası,
Ölümdür tapılmaz qəti çarası,
Heç vaxt xoşa gəlməz üzün qarası,
Düzü qəbul eylə, səhvlə barışma!
Mikayıl Bozalqanlı:
Yaxşı ətəyində nəyi qılarlar?
Nəyi qaxınc edib başa vurarlar?
Kimlərdi hər zaman üzə durarlar?
Nə cürə adlanır "həddini aşma”?
Nazim Aslan:
Yaxşı ətəyində namaz qılarlar
Yaxşılıq eləyib başa vurarlar
Naxələf kəslərdi üzə durarlar
Qudurmaq adlanır, həddini aşma.
Mikayıl Bozalqanlı:
Nədir xidmət edən elin məhvinə?
Kimin yeri yoxdur kimin əfvinə?
Mikayıl, Qorqudun o dörd səhvi nə?
Nəyə sən də qarış, nəyə qarışma?
Nazim Aslan:
Nadanlıq gətirər elin məhvinə,
Vətənə xainin yer yox əfvinə,
Gəlin, ayran, iynə, tikan səhvinə-
Qorqud özü deyib, Nazim qarışma!
Ay aşıq
Dilman Aslanbəylinin ifasında
"Yurd yeri” havasını dinləyərkən
Yurd yerini dönə-dönə anaram,
İlk beşiyim, od-ocağım sanaram,
Od tutaram, korun-korun yanaram,
Al könlümü, qurban olum, al, aşıq,
"Yurd yeri”ni bir də, bir də çal, aşıq.
Bu havanı udum-udum içim mən,
Bu havaynan havalanıb uçum mən,
Yola varıb, yurd yerinə köçüm mən,
O yerləri yenə yada sal, aşıq,
"Yurd yeri”ni bir də, bir də çal, aşıq.
Sazındakı sehir nədi, sirr nədi?
Məkkə nədi, Kəbə nədi, pir nədi?
İnsaf eylə, bağrım başı göynədi,
Qalmayıbdı məndə daha hal, aşıq,
"Yurd yeri”ni bir də, bir də çal, aşıq.
Xudam özü bilib nə üçün, nədən,
Sazı buta verib sənə binədən.
Hər sözün-söhbətin axır sinədən,
Bu eşq ilə var dünyada qal, aşıq,
"Yurd yeri”ni bir də, bir də çal, aşıq.
Mikayılam, saz-söhbətə uyaram,
Səsindəki məlahəti duyaram,
Öpüb-öpüb gözüm üstə qoyaram,
Belə şirin olmaz, tova, bal, aşıq
"Yurd yeri”ni bir də, bir də çal, aşıq.
Olarmı
Aşıq Dilman Aslanbəyliyə
Çıxart köynəyindən sazını, ustad,
Sən çalan sayağı çalan olarmı?
Xəyala qanad ver, ruhuma ruh qat,
Sənintək könlümü alan olarmı?
Mizrab elə öpər, tellər alışar,
Qara saz çağlayıb, dil-dil danışar,
Saz ruha, ruh saza elə qarışar-
Bu eşqə biganə qalan olarmı?
Quş qanad saxlayar, çaylar dayanar,
Qəflətdə yatan da qalxar, oyanar,
Dünya saza dönər, saza boyanar,
Haqqa tapınanda yalan olarmı?
Zilin də, bəmin də xoşdu duyana,
Tapılmaz əvəzin gəzsək hər yana,
Mikayıl sözünü deməz miyana,
Düz sözü dəyərdən salan olarmı?